“Sərnişindaşımada qiymət artımından iki halda söhbət gedə bilər” Hadisə

“Sərnişindaşımada qiymət artımından iki halda söhbət gedə bilər”

Pərviz Heydərov: "Yanacaq bahalaşdığı halda və bir də xidmətin keyfiyyəti hiss olunacaq dərəcədə artırıldığı şəraitdə"

Razi Abbasbəyli: "Mühüm islahatlar həyata keçirilməlidir"

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib ki, nazirlik hələ 4-5 ay bundan əvvəl Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müraciət edib. Əmrah Cəfərovun sözlərinə görə, nazirlik əsaslandırılmış şəkildə müxtəlif nəqliyyat mütəxəssislərinin fikirlərini nəzərə alaraq bəzi nəqliyyat xətlərində marşrutların gediş haqlarını qaldırıb.
NN rəsmisi iddia edib ki, hazırki gediş haqqı avtobusların getdiyi yolun, işlətdiyi yanacaq və təmir xərclərini ödəmir. Üstəlik, nəqliyyat sistemindəki bəzi neqativ halları mövcud qiymətlərlə əsaslandırmağa çalışıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı 4-5 ay əvvəl müraciət daxil olub. "Həmin dövrdə müraciətə baxılaraq müvafiq qərar verilib". O, həmçinin əlavə edib ki, yaxın günlərdə Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu il sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Şura bildirib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən, şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda qiymətin artırılmasında israrlıdır. Bunun kökündə nə dayanır?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, cavabdeh qurumlar ölkədə sərnişindaşımada heç cür müvafiq tənzimləmə mexanizmi yarada bilmir. Onun sözlərinə görə, bu, nəqliyyatda ən böyük problemlərdən biridir: "İctimai nəqliyyatda vəziyyət xüsusən acınacaqlıdır... Bu sahədə müvafiq xərclərin özü belə dəqiq məlum deyil. Odur ki, hər dəfə qiymət artımı tələbi ortaya atılanda bu məsələ müəmmalı qalır. Sərnişindaşımada qiymət artımından iki halda söhbət gedə bilər: yanacaq bahalaşdığı halda və bir də xidmətin keyfiyyəti hiss olunacaq dərəcədə artırıldığı şəraitdə. Bu gün sonuncu barədə ümumiyyətlə söhbət gedə bilməz. Yanacaq isə bahalaşmayıb. Odur ki, Nəqliyyat Nazirliyinin israrı əsassızdır. Fikrimcə, bu israr xidmətə tələbin səviyyəsini yumşaltmaq və izafi gəlir götürmək məqsədi daşıyır...".
İqtisadçı ekspert Razi Abbasbəyli isə vurğuladı ki, hazırda metro ilə yerüstü nəqliyyatda qiymətlər eynidir: "Bu sahədə fundamental olaraq islahatlar da aparılmalıdır. Qiymət artımı avtobuslar üzrə sərnişindaşınmalara ciddi təsir etməlidir. Sürücülərin davranışından, peşəkarlığından tutmuş, onlar üçün əlavə imkanların yaradılmasına qədər mühüm islahatlar həyata keçirilməlidir. İctimai nəqliyyat üçün xüsusi yollar açılmalıdır. Həmçinin də digər imtiyazlar verilməlidir".
Yeri gəlmişkən, ölkədə nəqliyyat sahəsi ən çox problemli sahələrdən bəlkə də birincisidir. Sürücü mədəniyyətindən tutmuş, qəzalara qədər vəziyyət bərbaddır.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, sürücü intizamsızlığının kökündə daha çox pul qazanmaq istəyi durur: "Onları intizamsiz edən peşəkarlıqlarının digər sürücülərdən aşağı olması, ya təhlükəsizliklə bağlı bilgilərinin az olması deyil. Onların intizamsızlığının səbəbi 20 qəpik artıq qazanmaq istəyidir. Birincisi, sürücü gündəlik fəaliyyətini sükan arxasında keçirir. İstirahətsiz ancaq pul qazanmağı düşünürlər. Əslində, avtobus sürücüləri digər sürüclərdən də peşəkardırlar. Yol-hərəkət qaydalarını da yaxşı bilirlər. Sadəcə olaraq, daha çox pul qazanmaq istəyi onları intizamsızlığa yönəldir. Təbii ki, qeyd edilənlər heç də bütün avtobus sürücülərinə aid deyil".
Ekspert deyib ki, sürüclərə konkret əmək haqqı verilmir: "Onların gündəlik planları var. Pulu necə qazanmaq isə sürücünün ixtiyarına qalıb. Sürücülər də 20 qəpik çox qazanmaq istəyndən insan taleyi ilə oynayırlar".
Ərşad Hüseynov fikrincə, ölkədə nəqliyyat sisteminə yenidən baxılmalıdır: "Avtobus sürücülərinə konkret əmək haqqı verilməlidir. Həmçinin, avtobus sürücüsü üçün lazım olan daha yüksək tələblər var. Mədəniyyətinə, peşəkarlıq səviyyəsi və s. bütün tələblər nəzərə alınmalıdır. Bundan əlavə, sürücünün dəqiq iş qrafiki olmalıdır. Normalda sürücü gün ərzində 8 saatdan artıq çalışmamalıdır. Bunlara əməl olunmadıqda Dövlət Yol Polisinin keçirdiyi reydlər də lazımi nəticə vermir".

Əli