Qərbin işğalçı Ermənistana yönəlik növbəti təəssübkeşliyi Hadisə

Qərbin işğalçı Ermənistana yönəlik növbəti təəssübkeşliyi

Çingiz Bayramov: "Sərhədlərin açılması istəyilə Qərb işğalçı Ermənistanı hər vəchlə ayaqda saxlamağa çalışır"

Ötən həftəsonu Ankarada təşkil olunmuş "erməni konfransı"nın Qərbin məlum məqsədlərindən qaynaqlandığı heç kimə sirr deyil.
Noyabrın 22-23-də Ankara Universitetinin "Hrant Dink" Fondunun təşkilatçılığı ilə baş tutmuş "Möhürlü qapılar: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" adlı konfransı təşkilatı-maliyyə dəstəyi verən Qərb mərkəzləri bununla "ikili standartlar" əsasında davrandıqlarını bir daha nümayiş etdiriblər.
Sözügedən konfransla bağlı Gün.Az-a açıqlama verən "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov həmin tədbiri Qərbin işğalçı Ermənistana yönəlik növbəti təəssübkeşliyi kimi qiymətləndirir:
"Vaxtilə Qərb ölkələri Türkiyə ilə Azərbaycan arasında, bizim tarixi torpaqlarımızda Ermənistan kimi saxta dövlət yaratmaqla Türk dövlətləri sərhədində ayırıcı bir zona formalaşdırmağa nail oldular. Həmin dövrdən də bu yana Qərb, xüsusilə də Avropa İttifaqı Ermənistana hərtərəfli dəstək verməklə zaman-zaman bu qondarma ölkədən öz maraqları üçün istifadə edir.
Ankara Universitetində keçirilmiş konfrans da bu siyasətin tərkib hissəsidir. Qeyd edim ki, o tədbir Avropa İttifaqının maliyyələşdirdiyi "İrəvandan Vana" layihəsi çərçivəsində təşkil olunub.
Avropada açıq görürlər ki, işğalçılıq siyasəti nəticəsində özünütəcrid vəziyyətinə salmış Ermənistan artıq çökmək üzrədir. Azərbaycan ərazilərini işğal etdiyi üçün bizimlə müharibə vəziyyətindədir, işğalçılıq siyasətinə görə Türkiyə ilə sərhədləri bağlıdır, İranla olan əlaqələr isə Ermənistanın mövcudluğu üçün yetərli deyil. Vəziyyətin belə davam etməsi Ermənistanın çöküşünü qaçılmaz edir.
Bunun fərqində olan Qərb ölkələri isə Ermənistanı işğalçılıq siyasətindən imtinaya məcbur etmək əvəzinə, hər vəchlə onun ayaqda qalmasına çalışırlar. Bu konfrans da onların həmin məqsədlərinin həyata keçməsinə xidmət edir. Əminliklə deyirəm ki, o konfransda Türkiyə tərəfdən iştirak edənlər Türk yox, soyadlarını dəyişmiş ermənilər və ya digərləridirlər. Amma onlar bu cəhdlərinə baxmayaraq, Türkiyə ilə Azərbaycan arasında münasibətlərə xələl gətirə bilməyəcəklər".