Salonikdə Azərbaycan diasporunun birliyi naminə mühüm görüş olub Cəmiyyət

Salonikdə Azərbaycan diasporunun birliyi naminə mühüm görüş olub

2026-cı il iyulun 14-də Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Yunanıstan Respublikasına səfəri çərçivəsində Saloniki şəhərində fəaliyyət göstərən “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət edib.

Görüşdə Cəmiyyətin rəhbəri Rəşid Məmmədov və Salonikdə yaşayan bir neçə azərbaycanlı soydaşımız da iştirak edib, səmimi və qarşılıqlı anlaşma şəraitində fikir mübadiləsi aparılıb.

Görüş zamanı Rəşid Məmmədov “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və Yunanıstanda Azərbaycan diasporunun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. O, cəmiyyətin əsas məqsədinin Yunanıstanda yaşayan azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin qorunması və Azərbaycan-Yunanıstan dostluq münasibətlərinin inkişafına töhfə vermək olduğunu vurğulayıb.

Səfər çərçivəsində Fərid Əzizov Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ilə də tanış olmuş, burada həyata keçirilən fəaliyyət, təşkil olunan tədbirlər və gələcək layihələr barədə ətraflı məlumat alıb. Rəşid Məmmədov Azərbaycan Evinin yerli icma üçün gördüyü işlərdən, həyata keçirilən mədəni və ictimai layihələrdən, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərdən danışıb.

Görüşdə Avstriya və Yunanıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və gələcəkdə ortaq fəaliyyət platformalarının yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinin Azərbaycanın milli maraqlarının müdafiəsinə, mədəniyyətimizin təbliğinə və xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin güclənməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş zamanı Salonikdə yaşayan soydaşlarımızla da səmimi söhbət aparılan, onların fəaliyyətləri, təklifləri və diaspor işinin inkişafı ilə bağlı fikirləri dinlənilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, bu cür təmasların gələcək əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda Fərid Əzizov “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, gələcəkdə Avstriya və Yunanıstanda fəaliyyət göstərən diaspor təşkilatları arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Cavid