“Rusiya "sanksiya iqtisadiyyatı" modelinə uyğunlaşıb” Dünya

“Rusiya "sanksiya iqtisadiyyatı" modelinə uyğunlaşıb”

“Rusiyaya qarşı yeni sanksiyaların effektivliyini qiymətləndirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, 2022-ci ildən bəri Moskva artıq görünməmiş miqyasda iqtisadi məhdudiyyətlərlə üzləşib. Buna baxmayaraq, Rusiya iqtisadiyyatı müəyyən adaptasiya mexanizmləri formalaşdırıb, ixrac marşrutlarını şaxələndirib, enerji satışında Asiya bazarlarına istiqamətlənib və alternativ maliyyə kanallarından istifadə etməyə çalışıb. Bu səbəbdən yeni sanksiyalar əvvəlkilərdən daha çox onların keyfiyyətindən və icra mexanizmlərinin sərtliyindən asılı olacaq. ABŞ Senatında müzakirə olunan və Rusiyanın enerji gəlirlərini hədəfləyən yeni təşəbbüs, eləcə də Avropa İttifaqının hazırladığı 21-ci sanksiya paketi göstərir ki, Qərbin əsas strategiyası Rusiyanın büdcəsinin əsas gəlir mənbələrini tədricən zəiflətməkdir. Enerji sektoru Moskvanın iqtisadi və hərbi potensialının maliyyələşdirilməsində mühüm rol oynadığından, bu istiqamətdə atılan addımlar uzunmüddətli təsir yarada bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov əlavə edib ki, lakin sanksiyaların real nəticəsi onların qlobal miqyasda nə dərəcədə koordinasiyalı tətbiq olunacağından asılıdır: “Əgər üçüncü ölkələr vasitəsilə enerji ticarəti, "kölgə donanması", alternativ ödəniş sistemləri və vasitəçi şirkətlər fəaliyyətini davam etdirərsə, məhdudiyyətlərin təsiri əhəmiyyətli dərəcədə azalacaq. Son illərin təcrübəsi göstərir ki, sanksiyaların elan olunması ilə onların tam işləməsi arasında ciddi fərq mövcuddur. Digər mühüm məqam ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı artıq "sanksiya iqtisadiyyatı" modelinə müəyyən qədər uyğunlaşıb. Dövlət xərclərinin artması, müdafiə sənayesinin prioritetləşdirilməsi və daxili istehsalın stimullaşdırılması qısamüddətli sabitlik yaratsa da, bu model uzunmüddətli perspektivdə texnoloji geriləmə, investisiya çatışmazlığı və iqtisadi artımın zəifləməsi kimi problemləri dərinləşdirə bilər. Məhz yeni sanksiyaların əsas təsiri də ani deyil, strateji zaman kəsiyində özünü göstərə bilər”.

Politoloqun sözlərinə görə, Avropa İttifaqı daxilində bütün üzv dövlətlərin ortaq mövqeyə gəlməsi də mühüm amildir: “Konsensusun əldə olunması sanksiyaların siyasi legitimliyini artırır, lakin qərarların hazırlanmasını ləngidə bilir. ABŞ isə daha çevik qərarlar qəbul edə bilsə də, onların qlobal effektivliyi Avropa və digər tərəfdaşlarla koordinasiyadan asılı olaraq dəyişir. Nəticə etibarilə, yeni sanksiyalar Rusiyaya dərhal həlledici zərbə vuracaq vasitə kimi qiymətləndirilməməlidir. Onların əsas məqsədi Rusiyanın iqtisadi dayanıqlığını tədricən zəiflətmək, enerji gəlirlərini azaltmaq, texnoloji imkanlarını məhdudlaşdırmaq və uzunmüddətli strateji manevr imkanlarını daraltmaqdır. Əgər Qərb ölkələri bu prosesi vahid siyasi iradə, sərt nəzarət mexanizmləri və sanksiyalardan yayınma yollarının bağlanması ilə müşayiət edə bilsələr, yeni məhdudiyyətlər əvvəlki paketlərdən daha ciddi nəticələr verə bilər. Əks halda, Rusiya alternativ bazarlar və tərəfdaşlar hesabına təzyiqin bir hissəsini yenə də kompensasiya etməyə çalışacaq”.

Röya İsrafilova