Rus nəşrlərindən ərazi bütövlüyümüzə qəsd Hadisə

Rus nəşrlərindən ərazi bütövlüyümüzə qəsd

Rusiyada çıxan "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" elmi jurnalının saytında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhv azərbaycanlı alimin səyi ilə düzəldilib.
Ötən il dekabr ayında jurnalda erməni tədqiqatçılarının məqaləsi dərc edilib. Məqaləyə əlavə edilən xəritə beynəlxalq standartlara və BMT-nin qərarlarına zidd olub. Həmin xəritədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazisi ayrıca dövlət kimi göstərilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko deyib ki, o, jurnalın redaksiyasına məktubla müraciət edərək öz iradlarını bildirib. Alim məktubunda yazıb: "Mən jurnalınızın sonuncu nömrəsinə baxdım, orada erməni tədqiqatçıların məqaləsi dərc edilib. Həmin məqaləni müşayiət edən xəritəyə iradlarım var. Bu xəritədə Dağlıq Qarabağ Azərbaycandan ayrı təsvir edilib, halbuki ermənilərin işğal etdiyi bu bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Rusiyanın bu cür sanballı elmi jurnalında Dağlıq Qarabağı Azərbaycandan ayrı göstərmək qeyri-korrekt hərəkətdir. Bu, anlaşılmazlıqlara gətirib çıxara bilər.
Naxçıvan isə Azərbaycanın tərkibində muxtar respublikadır. Xəritənin yuxarı hissəsində "Ermənistan Respublikası" sözləri yazılan hissə də Azərbaycan, bir qədər yuxarıdakı hissə isə Gürcüstan və Dağıstandır. Bunları nəzərə almağınızı və imkan daxilində həmin xəritəni götürüb qaydaya salmağınızı xahiş edirəm. Bu xəritə beynəlxalq standartlara uyğun deyil və dövlətlərin beynəlxalq birlik tərəfindən qəbul edilmiş sərhədlərinin bütövlüyünü pozur".
Bu müraciətdən sonra redaksiya Azərbaycan aliminin haqlı tələblərini nəzərə alıb və həmin məqaləni öz saytından götürərək yalnız xülasə hissəsini saxlayıb. Yeddi gündən sonra məqalə yenidən həmin saytda yerləşdirilib, beynəlxalq normalara cavab verməyən xəritə isə götürülüb.
Qeyd edək ki, "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" jurnalı Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının siyahısına daxildir. 1997-ci ildə təsis edilmiş bu nəşr ildə dörd dəfə çıxır.
Yeri gəlmişkən, Rusiyanın "Lenta.ru" saytı da keçmiş SSRİ məkanı ölkələrinin ordularından bəhs edən fotoreportaj rubrikasının növbəti materialında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin hərbi birləşməsinə özəl yer ayırıb.
Ənənəvi rubrikanın ən son materialı "Müharibədə sınananlar. Keçmiş SSRİ ölkələrinin orduları: Ermənistan və Dağlıq Qarabağ" başlığı altında verilib.
Fotoreportajı müşayiət edən yazıda "Dağlıq Qarabağ ordusu"nun bu bölgəni və onun ətrafındakı rayonları nəzarət altında saxladığı bildirilir. Qeyd olunur ki, "Dağlıq Qarabağ Respublikası" guya faktiki müstəqil dövlətdir.