Şəbəkə əsirləri... Hadisə

Şəbəkə əsirləri...

İnternet və computer insan həyatına o dərəcədə daxil olub ki, heç bir iş onsuz ötüşmür. Bütün işlər kompüter vasitəsilə idarə olunur, yerinə yetirilir. Əldə etdiyimiz uğurlara görə məhz internet və kompüterə borcluyuq. Məhz internet və komputer insan fəaliyyətinin bütün dairələrində geniş perspektivlər açır, cəmiyyətin inkişafına və intelektual səviyyənin yüksəlməsinə gətirib çıxarır. Lakin psixoloqların fikrincə, internet müəyyən məsələləri həll etməklə yanaşı, həm də əvvəllər məlum olmayan yeni problemlər yaratmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilib. Belə problemlərdən biri internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Belə ki, nəhəng informasiya axınına məruz qalmış insan beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları necə var elə qəbul edir. Belə haldan istifadə edən informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara münasibətdə obyektivlik itir. Ona görə də internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və onların həqiqət olub-olmadığını yoxlamaq lazımdır. Digər bir təhlükə bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etməsi və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompyuter qarşısında keçirməsidir. Belə vəziyyət onları sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir. Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən düzgün istifadə olunmamasının nəticəsidir.
İnternetdə əlaqələr kompyuter vasitəsi ilə qurulduğu üçün internet istifadəçisi ilk növbədə kompyuterdən düzgün istifadə etməyi bacarmalıdır Bu çox vacib məsələdir, çünki kompyuter biliklərinin səviyyəsinin aşağı olması çoxlarını, əsasan uşaqları kompyuterdən yalnız oyun və internetdə əylənmək məqsədilə istifadə etməyə məcbur edir. Hazırda orta məktəblərdə kompyuter dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sahədə ixtisaslı mütəxəssislərin çatışmamağı səbəbindən məktəblərdə informatika dərsləri ancaq şagirdlərin kompyuterdə oyun oynamaları ilə keçir. Kompyuterin yalnız oyun vasitəsi kimi qəbul edən şagird onun müsbət tərəflərini təbii ki, heç vaxt görə bilməz.
Ümumiyyətlə psixoloqlar bu gün internet-asılılığı və ya internet-addiksiya adlanan bir xəstəliyin mövcud olduğunu qəbul edirlər. Artıq ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə internet-asılılığı bir xəstəlik kimi tanınır və tibb müəssisələrində onun müalicəsini aparırlar. İnternet-asılılığı problemi hələ ötən əsrin 95-ci illərində meydana çıxmış və onunla ilk dəfə İvan Qoldberq, Kimberli Yanq, Maressa Orzak, Cerald Blok və digər amerikalı psixoloqlar məşğul olmuşlar. Alimlərin fikrincə, internet-asılılığı olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar etməkdə, saatlarla internetdə əylənməkdə görürlər. İvan Qoldberqə görə, internet həvəsinin və əsası olmadan şəbəkədə uzun müddət qalmağın əsasında insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və azartlı oyunlarda olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji mühitə olduqca böyük zərər vurur. Kimberli Yanq internet-asılılığın elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini göstərmib. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur "Şəbəkə əsirləri" ("Caught in the Net") kitabını yazmış və www.netaddiction.com saytında internet asılılığından əziyyət çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil edib. İstənilən şəxs bu saytda testdən keçməklə özündə internetasılılığının olub olmadığını müəyyənləşdirə bilər. Həkim Maressa Orzak internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə olmayanda özünü boş, depressiyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də olduğunu qeyd edir. Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı olan insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.
Cerald Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi Koreyada internet-addiksiya daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş trombdan 10 nəfər dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılıq cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda 210 min uşaq bu xəstəlikdən əziyyət çəkir və onların ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80 faizinin beyin fəaliyyətini yaxşılaşdıran dərmanlara, 20-24 faizinin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardırdır.
Psixoloqların fikrincə. internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin kompyuterlə əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır. İstifadəçi bu anonimlikdən istifadə edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə ad və ya təxəllüs qoyulur. Virtual şəxsiyyət bir növ insanın daxili "Mən"inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini özündə cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı öz hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az rol oynayır.
İnternetdə hansı mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər. Uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq internetdə ünsiyyətdə öz yaşıdları ilə əlaqə saxladıqlarına inanırlar. Onlar müxtəlif forumlarda, konfranslarda öz problemlərini açıqlayır və kömək umurlar. Əslində isə onların həmsöhbətləri çox vaxt cinsi orentasiyası düzgün olmayan yaşlı adamlar olur. Belə adamlar şəbəkədə özlərini qayğıkeş, diqqətli insan kimi göstərməklə uşaqların problemlərinə qulaq asır, onlara canıyananlıq edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti seksual mövzuya döndərərək şəbəkədə açıq erotik tərkibli materiallar nümayiş etdirirlər. Cinsi həyata hələ daxil olmayanlar bu mövzuya istər-istəməz maraq göstərir. Belə hallar bəzi uşaq və ya yeniyetmələrin normal inkişafına mane olmaqla bərabər onların əxlaqının pozulmasına, hətta impotensiyaya və homoseksuallığa da gətirib çıxara bilər. Ona görə də internet xəstələri arasında ailə qurmağa meyllilərin sayı son dərəcə aşağıdır.
İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar müasir kriminal aləmdə yeni informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da "peşəkarlığının" artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar internetdə özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır. Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla mübarizə aparmaqdır.
Ekspertlər bildirir ki, kompüter asılılığı fiziki simptomlarla müşayiət olunur. Belə ki, mouse idarə edən əldə ağrılar - müayinə olunduqda karpal kanalın sindromu, fırçaların əsəb sonluqlarının tunnel deformasiyası əlamətləri ortaya çıxır; gözlər xəstələnir və quruyur, kürək və baş ağrıları adət halına düşür, sistemsiz və keyfiyyətsiz qidalanma, insan sadəcə olaraq yumşaq deyilsə yemək haqqında unudur, şəxsi gigiyena qaydaları unudulur, yuxu pozğuntuları inkişaf edir.
Problemin cəmiyyətdə çox aktual olduğunu deyən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bunun bir çox insanın həyatında problemlər yaratdığını bildirir. Onun sözlərinə görə, bu gün cəmiyyətdə bir çox mühüm işlər kompüter vasitəsilə həyata keçirilir ki, onların kompüterdən uzaqlaşmasını tələb etmək məntiqsiz sayılar. Ancaq asudə vaxtın kompüter oyunları və internetə həsr edilməsinin problemlər yaratdığını deyən O.Gündüz bunların xüsusilə də uşaqlarla bağlı daha ciddi olduğunu təsdiq edir: "Onlarda sosial şəbəkələr və oyunlara qarşı yaranan aludəçilik real dünyadan ayrılmalarına səbəb olur ki, bu da onların səhhətlərinə zərərlidir".

Ülviyyə Tahirqızı