Azərbaycanda peşəkar həkim problemi var Hadisə

Azərbaycanda peşəkar həkim problemi var

Adil Qeybulla: "Bu gün televiziyada özəl klinikaların reklamları zamanı verilişlərə gələn həkimlər ağıllarına gələni danışırlar"

Ölkəmizdə özəl klinikaların sayı kifayət qədər çoxdur və gündən-günə artır. Bu da o qənaətə gəlməyə əsas verir ki, bu sahədə kifayət qədər gəlir var, buna görə də bu işə maraq göstərənlərin sayı artmaqda davam edir. Hazırda ölkəmizdə 500-dən artıq özəl müalicə-profilaktika müəssisəsi var. Əksər özəl klinikalarda qiymətlər kifayət qədər yüksəkdir. Özü də bəzi özəl klinikalarda iş prinsipi elə qurulub ki, vətəndaş həkimin üzünü görmədən artıq müəyyən məbləğdən keçməli olur. Daha dəqiq desək, vətəndaş xəstəxananın qeydiyyat bölməsinə yaxınlaşıb filan həkimlə görüşmək istədiyini bildirir. Bu bölmədə oturan xanımlar onun adını soyadını yazandan sonra elə oradaca ona 30 yaxud 50 manat (hər klinikaya görə dəyişir) ödəməli olduğunu söyləyirlər. Əks təqdirdə onun həkimlə görüşməsi və müayinə olunması mümkün deyil. Çünki özəl klinikaların çoxunda hər mərtəbədə bir nəfər nəzarətçi olur...
Bəzi özəl klinikalarda həkimlər bilərəkdən vətəndaşları lazım oldu-olmadı analiz verməyə vadar edirlər.
Elə özəl xəstəxanalar da var ki, vətəndaşdan həkim müayinəsinə görə ümumiyyətlə, pul alınmır. Amma xəstəyə elə bir "şərait" yaradılır ki, o istər-istəməz analiz verməli olur. Bir neçə analizə görə pasientdən elə məbləğ alınır ki, həkimin haqqı az qala ikiqat ödənmiş olur...
Məlumat üçün bildirək ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən də özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.
Qanunda qeyd edilir ki, tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağlandıqda özəl tibbi fəaliyyəti ilə məşğul olmaq olar. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.
Sənəddə bildirilir ki, özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada ləğvetmə komissiyasına verilir.
Ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçən, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikası vətəndaşları özəl tibbi fəaliyyətlə məşğul ola bilərlər. Qanuna görə, özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və xəstələrə bu barədə məlumat verilməlidir.
Qanunda qeyd olunur ki, özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Açıq-aşkaranə şəkildə vətəndaşları aldadan, cinayət törədən özəl klinikalara da rast gəlinir. Məsələn, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu məsələ ilə bağlı atdığı addımlara rast gəlinib və mətbuat bu barədə yazıb. Məsələn "İmedis" adlı klinika ilə bağlı atılan addımları misal göstərmək oldar.
Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikalarda çalışan həkimlərin əksəriyyəti elə dövlət xəstəxanalarının işçiləridir. Məsələ orasındadır ki, bəzi həkimlər xəstələri dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələrə guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik özəl klinikalar telekanallarda xarici ölkələdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Yeri gəlmişkən qeyd edək ki, artıq telekanalların verilişlərinin 90 faizinin sponsorları özəl klinikalar olduğundan hətta ciddi xəbərlər proqramlarında belə özəl tibb müəssisələri barədə reportajlar verməkdən çəkinmirlər. Özəl klinikalarda müayinə və müalicənin kifayət qədər baha olması artıq heç kimə sirr deyil. Burada müasir aparatlarla müayinənin qiyməti 300-500 manat arasında dəyişir. Əməliyyatlar isə 1000 manatdan tutmuş 10 min manata qədər artır. Bunun üzərinə firma dərmanları, klinikada qalmaq, digər tibb personallarını "görmək" kimi əlavə xərcləri də gəlsək real həqiqət bəlli olar.
Onu da əlavə edək ki, özəl klinikaların səhv diaqnoz qoymaları barədə məlumatlar az qala gündəlik xəbərlərimizi əhatə etməkdədir.
Həmkarımız Alim Hüseynli deyir ki, belə klinikalarda ən çox cərrahiyyə əməliyyatı və doğuş zamanı fırıldağa əl atılır. Həkimlər xəstənin vəziyyətinin ağır olması barədə onun yaxınlarını asanlıqla inandıraraq xeyli miqdarda pul ödətdirməyə nail olurlar: "Xüsusən, doğuş məsələsində belə hallar tez-tez baş verir. Özəl klinikalarda keyserlə doğuş həkimlər üçün "sərfəli" olduğundan əksər hallarda müxtəlif bəhanələr gətirməklə bu üsulu seçirlər. Statistik məlumata görə, son illər özəl klinikalarda doğuşun əksər faizi keyser əməliyyatı ilə həyata keçirilir. Məlumata görə, özəl klinikalarda qeydiyyatda olan pasiyentlərə doğuşdan bir həftə əvvəl xüsusi iynə vurulur ki, nəticədə doğuşun vaxtı süni yolla uzadılır. Bu zaman xəstə məcburiyyət qarşısında qalaraq keyser əməliyyatına razılıq verir. Özəl klinikalarda digər bir problem firma dərmanların təyinatı ilə bağlıdır. Hazırda dərman firmalarının bütün özəl klinikalarla işləyən nümayəndələri var ki, onlar həkimlərə müəyyən haqq ödəməklə oz firmalarının dərmanlarının təyinatına nail olurlar. Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi dediklərimizi bir daha sübut edir. Məsələ o həddə çatıb ki, klinikalarda həkimlər xəstəyə bir neçə dəfə firma dərmanların təyinatına üstünlük verirlər. Əvvəlcə xəbərdarlıq edirlər ki, bu dərmanlar istifadə edilsin, effekt verməsə əlavə dərmanlar yazılacaq. Yenə də firma dərmanlar yazılır". Onun sözlərinə görə, belə çıxır ki, həkimlər firma dərmanları yazmaqla həm maddi tələbatlarını ödəyirlər, həm də xəstələr üzərində eksperiment aparırlar: "Məsələn, bir neçə il əvvəl klinikaların birində həkim mənim övladıma bir firma dərman yazaraq bərk-bərk tapşırmışdı ki, qətiyyən onun əvəzedicisi qəbul edilməsin. Bütün Bakını ələk-vələk etsək də dərmanı tapa bilmədik. Apteklərdə isə deyirdilər ki, bu firma dərmandır, tələbat olmadığı üçün gətirilmir. Əvəzləyicisini təklif edəndə isə həkimin tapşırığı yadıma düşürdü. Nəhayət həkimə dərmanın satışda olmaması barədə məlumat verdikdə dedi ki, klinikanın həyətindəki aptekdə var. Sən demə həkim dərmanın hansı aptekdə olmasını belə bilirmiş. Maraq xatirinə öyrəndim ki, belə baha qiymətə satılan firma dərman adi kükürd tərkiblidir. Bu dərmanın əvəzləyicisi isə münasib qiymətə apteklərdə doludur. Özəl klinikaların bir fırıldağı da səhv diaqnozların qoyulması ilə bağlıdır. Bilərəkdən, yaxud savadsızlıqdan belə diaqnozların sayı xeyli artıb. Burada klinikalardakı müasir tibbi avadanlıqlar da müəyyən rol oynamış olur".
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, respublikada özəl klinikaların sayı çoxdur, amma əksəriyyətində peşəkar həkimlər yoxdur: "Bu gün televiziyada özəl klinikaların reklamları gedir. Verilişlərə gələn həkimlər ağıllarına gələnləri danışırlar. O həkimlər özləri mütəxəssis deyillər". Adil Qeybullanın fikrincə, qiymətlərin müəyyən olunmasına səbəb kimi göstərilən avadanlıqlar əslində, köhnəlmiş halda alınıb təzə adı ilə pasientlərə təqdim olunan alətlərdir. Mütəxəssisin sözlərinə görə, bu cihazlardan təşkil olunan laboratoriyaların düzgün analiz etməsinə şübhə var: "Laboratoriyaya baxanda bilirsən ki, burada təklif olunan xidmətləri göstərəcək imkan yoxdur. Hər bir özəl klinikanın əsasnaməsi olmalıdır. Orada konkret qeyd olunmalıdır ki, hansı xidmətləri göstərəcəklər".
Adil Qeybulla deyir ki, istənilən vətəndaş ehtiyacı olan yerdə tibbi xidmət almaq imkanına malik olmalıdır: "1999-cu ildə icbari tibbi sığortanın tətbiqi haqda prezident fərmanından sonra problemlər aradan qalxmalı idi. Vətəndaşın sığortası olmalıdır. Bu sığorta hamisi əsasında istənilən xəstəxanaya müraciət edib tam pulsuz müalicə, müayinə olunmalıdır. Amma burada özəl klinikalar istisna edilir. Belə ki, özəl klinikalarda seçim xəstənin özündən asılıdır. Ümumiyyətlə, bu məsələlər tam qaydasında deyil".

Əli