Müəllimin nüfuzu... Hadisə

Müəllimin nüfuzu...

Bu gün mühazirələri səbrlə, diqqətlə dinləyən tələbələr də az azalıb

Yaxşı mənada özünü müəllimin gözünə soxmaq, müəllimin qəlbinə girmək, müəllimin istəklisi və ən sevimli şagirdi, tələbəsi olmaq vaxtilə müəllim-şagird, müəllim-tələbə münasibəti bir etalona çevrilib. Həmişə insanların gözündə bir müəllim obrazı olub. Elə bilirdik ki, müəllim çörək yemir, müəllim peyğəmbər xislətli bir adamdır. Bu, illər öncə danılmaz bir həqiqət olub. Müəllimə heç zaman adi yanaşılmayıb, adi baxılmayıb, adi diqqət göstərilməyib. Müəllim peşələrin ən şərəflisi olub. Hörmət əlaməti olaraq nüfuz sahiblərinə, şəxsiyyətli insanlara müəllim sözü müraciət forması kimi işlənib.
İndi də bu müraciət forması hörmət əlaməti olaraq işlənir. Cəmiyyəti, mühiti hörmətə mindirən müəllim olub, müəllim şəxsiyyəti, müəllim nüfuzu çoxlarını öz cızığından çıxmamağa vadar edib. Müəllim gələndə onun yetirmələri başlarından papaqlarını çıxarıb müəllimləri qarşısında öz hörmət və ehtiramlarını bildiriblər. Bizim hər birimiz elə hadisələri görmüşük, belə mühitdə yaşamışıq və həm də müəllimlərimizə qarşı belə olmuşuq. Bu baxımdan çoxlu nümunələr var, onlardan biri də İsmayıl Şıxlının öz müəllimi Əli Sultanlı barədə yazdıqlarıdır. İsmayıl Şıxlı yazır: "Biz onu (Əli Sultanlını – B.X.) həmişə zəngə beş-on dəqiqə qalmış institutun geniş foyesində gözlərdik. Əli Sultanlının ayaq tappıltısını eşidən kimi iki cərgə düzülər və onunla salamlaşmağa hazırlaşardıq. O isə adəti üzrə dodaqlarında təbəssüm, gözlərindən gülə-gülə, azacıq baş əyərək bizə cavab verərdi. Onunla salamlaşdıqdan sonra dərs otağına qaçar və qabaq cərgədə yer tutmağa çalışardıq. Əli müəllim sinfə girərdi. Biz dəftər-qələmi hazırlayıb onun dediklərini qeyd etmək istərdik. Ancaq mühazirə başlanan kimi hər şeyi unudar, bir də o vaxt ayılardıq ki, zəng çalınır". Burada yazılan sözlərin, cümlələrin içərisindən gül iyi gəlir, nə qədər səmimi, ürəkdən gələn fikirlər olduğu aydın görünür. Görünür ki, vaxtilə müəllimlərin sayı çox olmayıb, ona görə də onların bunun müqabilində peşəkarlığı, nümunəvi fəaliyyəti, müəllimlik yolunda şam kimi yanmaları fədakarlıq, qəhrəmanlıq səviyyəsinə yüksəlib. Hər halda bu, yüzlərlə səbəblərdən biri kimi görünür... Hər halda görünür, necə deyərlər, yeri də hiss olunur.
Müəllimə, fənnə sevgi, məhəbbət o yerə gətirib çıxarıbdır ki, müəllimin səsi, hərəkəti və danışdıqları tələbənin hafizəsinə, yaddaşına əbədi həkk olunub. Müəllimi təqlid edənlər, onun mühazirədə söylədiklərini mühazirədən sonra dəftərə köçürənlər, özünü müəlliminə bənzətmək istəyənlər, müəllimi kimi danışmaq, durub oturmaq istəyənlər – bütün bunların hamısı zəngin bir epoxa olmaqla İsmayıl Şıxlının da qəlbinə yol tapıb, hakim kəsilib. Ona görə də İsmayıl Şıxlı yazır: "Axşamlar yataqxanada toplaşardıq. Çalışardıq ki, Əli müəllimin mühazirəsini hafizəmizdə canlandırıb dəftərə köçürək. Bu işdə tələbə yoldaşımız Baxşəli bizə çox kömək edərdi. (Onun olduqca iti hafizəsi və böyük artistlik istedadı vardı. "Vaqif" əsərinə bircə dəfə baxdıqdan sonra pyesi əzbər öyrənmişdi.) O eyni ilə Əli müəllim kimi, onun səsini və hərəkətlərini yamsılayaraq, sinifdə eşitdiyi mühazirələrini təkrar edərdi, biz isə dəftərə köçürərdik. Bundan sonra yataqxananın həyətində, otaqlarda, Əli Sultanlının təqlidçiləri fəaliyyətə başlayardı".
Ümumiyyətlə, dinləmək, diqqətlə dinləmək, dinlədiklərini yaddaşda saxlamaq, yaddaşda kök salanları yazıya almaq – bütün bunların hamısı böyük mədəniyyətdir. Bu yaxşı ənənədən – mədəniyyətdən tələbələrimiz ibrət dərsi götürməli və tələbəlik illərində bundan faydalanmalıdırlar. Tələbələrimizin bundan faydalanmağı qalsın bir yana, bu barədə düşünmək istəyənlərin sayı azdır. Az olan hər hansı bir şey, bir sözlə azlıq ənənəni qorumaqda çətinlik çəkir, müqavimətə qarşı dözümsüz olur. Bundan başqa, yaxşı mənada müəllimini təqlid etmək, onun dedikləri mühazirələri yaddaşda saxlamaq və sonra yazıya köçürmək tələbədən həm də onun istedadlı olmasını tələb edir. İstedad olmayan yerdə təqlid də olmur, yaddaş da öz işini görmür, mühazirələri yazıya köçürmək də əhəmiyyətsiz bir işə çevrilir.
Hər şeyi tələbənin də üstünə yıxmaq, onun adına yazmaq olmaz. Müəllim üçün də müəyyən vacib tələblər var. Məsələn, müəllimin səmimi olması, odlu-alovlu, ürəkdən dərs deməsi, dəqiq və inandırıcı danışması, auditoriyanı ələ almaq qabiliyyəti və s. Yenə də İsmayıl Şıxlının Əli Sultanlı barədə yazdıqlarından nümunə gətirməli oluruq: "Biz yüz əlli nəfər idik. Əli müəllim yüz əllimizi də sehrləmişdi. O, mühazirəni elə aydın, səmimi və ehtirasla oxuyardı ki, uzun zaman onun təsirindən qurtara bilməzdik. Bizə elə gəlirdi ki, dərsdə deyilik. Troya müharibələrindəyik. Axilleslə bərabər İlion qalasının ətrafında dolaşır, intiqam deyə nərə çəkir, Patroklun qanını almaq üçün Hektoru döyüşə çağırırıq. Əli müəllim elə dəqiq və obrazlı danışırdı ki, biz İlion qalasının divarları üstünə çıxıb döyüşlərə tamaşa edən qoca Priamı, yunan qəhrəmanlarını onlara nişan verən dünya gözəli Yelenanı, qucağında körpəsi, ürəyi əsə-əsə ərini gözləri ilə döyüş meydanında axtaran Andromaxanı aydınca təsəvvürümüzdə canlandırırdıq".
Deməli, müəllim mühazirəni təsirli, emosional, dolğun və məzmunlu söyləməlidir. Müəllim mühazirəsinin məzmununa elə girməlidir ki, hər bir hadisə və faktın iştirakçısı kimi danışa bilsin. Belə olanda, təbii ki, mühazirə dinləyicini, tələbəni sehirləyir, öz təsiri altına salır, tələbə bütün qayğı və problemlərini unudaraq mühazirə zamanı yalnız müəllimin mühazirəsinə diqqət yönəldir.
Yaxşı mühazirə, yaxşı dərs bir gözəllikdir. İnsan gözəlliyə baxanda hər şeyi unudur, diqqəti yalnız o gözəlliyin aludəçisi olmağa yönəldilir. Belə məqamlarda insan yan-yörəsində baş verənləri də unudur. Hətta ona dəyib toxunanlara da əhəmiyyət vermir. Çünki o, gözəllik qarşısındadır, gözəlliklə üz-üzədir. Gözəlliyin yaxşı mənada quludur. Məhz bu mənada yaxşı mühazirə, yaxşı dərs gözəllikdir. Belə gözəl dərs nümunələri ilə yaddaşlara əbədi həkk olunmuş Əli Sultanlı barədə İsmayıl Şıxlı yazır: "Əli müəllimi dinlədikdə ayırd edə bilmirdik ki, mühazirədəyik, yoxsa tamaşada. Əli müəllim müəllimlik məharətinə aktyorluq istedadını da əlavə edirdi. Onun təsiri ilə biz Bayron kimi dalğınlaşır, Hamlet kimi kədərlənir, "məhvərindən çıxmış dünyanı öz məhvərinə qaytarmaq istəyir"dik. Bir sözlə, gah şair olur, gah Jan Valjana dönür, gah da dünyanın sirrini dərk etmək istəyən Fausta çevrilirdik. Əli müəllim bizi yaman əfsunlamışdı. Yüz əllimiz də Əli Sultanlı olmaq istəyirdik".
İndi görərsən, öz müəllimi olmaq istəyənlər varmı?! Öz müəlliminin getdiyi yolu getmək istəyənlər varmı?! Yox dərəcəsində deyil, ancaq bunların sayı da çox deyil. İndi daha asan yollarla nəyisə əldə etmək, nəyəsə nail olmaq istəyənlərin sayı çoxalıb, özü də xeyli çoxalıb. Nəyisə əldə etmək üçün nümunəvi bir yol keçmək, nümunəvi bir məktəb keçmək, nümunəvi bir məktəb keçmək, nümunəvi bir həyat, ömür yolunun sahibi olmaq lazımdır. Belələri daha mətin, dözümlü, xeyirxah və cəmiyyətə fayda verən olurlar. Asan yol keçənlər üçün, hər şeyi zəhmətsiz və haqqı çatmadan əldə edənlər üçün əqidə, məslək, amal olmur, özləri və yalnız özləri üçün çalışır, yaşayır və fəaliyyət göstərirlər.
Görəsən, bu gün auditoriyalarda mühazirə dinləmək həvəsində və marağında olan tələbələr çoxdurmu?! Görəsən, mühazirələrini təkcə öz tələbələri deyil, həm də kənar yerlərdən gəlib dinləyiciləri olan müəllimlərimiz çoxdurmu?! Görünür ki, hər iki tərəf – müəllim də, tələbə də bu barədə fikirləşməlidir. Axı vaxtilə bu mənada da nümunələr olub. Məsələn, İsmayıl Şıxlı yazır: "Onun mühazirələrində (Əli Sultanlının mühazirəsi nəzərdə tutulur – B.X.) ən böyük auditoriyalarda belə oturmağa yer tapılmazdı. Onu dinləməyə hamı gələrdi. Cədvəl üzrə dərsi olanlardan başqa yuxarı sinif tələbələri, başqa institutun, xüsusən o zaman bizim binada dərs keçən tibb institutunun tələbələri axışıb içəri dolardılar. Əli müəllim onları da özü ilə xəyal dünyasına aparardı. Onun mühazirələrində yorulan, fikri dağılan tapılmazdı".
Bu gün mühazirələri səbrlə, diqqətlə dinləyən tələbələr də az azalıb. Düzdür, burada şövqsüz, ehtirassız, ürəksiz deyilən mühazirəçilərin – müəllimlərin də olduğu bir faktdır. Ancaq bununla belə, bəzən görürsən ki, şövqlü, ehtiraslı, ürəkdən söylənilən mühazirələri də diqqətsiz dinləyən tələbələr var. onların sayı az deyil, gün-gündən artır. Bəzən belələri üçün mühazirə söyləyən müəllimin şəxsiyyəti, elmi, nüfuzu və digər müsbət keyfiyyətləri maraqlı olmur. Görünür ki, belələrində hətta keyfiyyətli, məzmunlu mühazirələrə maraq azalıbdır. Belələri üçün təbii ki, kimin dərs deməsi, mühazirə söyləməsi də o qədər maraqlı deyil. Hər halda bunların hamısı bir fakt kimi narahat doğurur. Yenə də Əli Sultanlının mühazirəsinə tələbələrin diqqət göstərməsi ilə bağlı bir məqam: "Onun mühazirələrində yorulan, fikri dağılan tapılmazdı. Tək bircə dəfə...
Müharibə yenicə qurtarmışdı. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti – B.X.) öz binasında yenicə dərslərə başlamışdı. Mən bir aspirant kimi (İsmayıl Şıxlı – B.X.) onun mühazirələrində yenidən iştirak edirdim. Əli müəllim əvvəlki kimi böyük bir ehtirasla mühazirə oxuyurdu. Hamı səsini içinə çəkib dinləyirdi. Birdən arxa cərgədə oturanlardan birinin yatdığını uşaqlar gördülər. Bunu Əli müəllim də gördü. Qızı yoldaşları oyatmaq istədi. Əli müəllim qoymadı. Mühazirəni kəsdi. Mən (İsmayıl Şıxlı – B.X.) gördüm ki, onun rəngi tutuldu, xəyalı dağıldı və dərin fikrə yetdi. Sonra köksünü ötürüb astaca dilləndi: "Ya mənim mühazirələrimin keyfiyyəti aşağı düşüb, ya da tələbəliyin tənəzzülü başlayır". Bəli, tənəzzül başlayırdı...". Əli Sultanlının "Ya mənim mühazirələrimin keyfiyyəti aşağı düşüb, ya da tələbəliyin tənəzzülü başlayır" fikri bugünümüz üçün də deyilib. Bu gün hər iki halla qarşılaşmalı oluruq. Həm mühazirələrin, həm də tələbəliyin tənəzzülü narahat doğurur.

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor