Bəşəriyyət qadınla yüksələcək... Hadisə

Bəşəriyyət qadınla yüksələcək...

Qadına münasibət əslində insanlığa münasibətdir
Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar haqqında yüzillər ərzində formalaşmış qənaətləri ilahiliklə yanaşı həm də təzadlı xarakter daşıyıb. Əslində cəmiyyətdə qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların səbəbkarı əksər hallarda kişilər olub. Qadın həmişə fitrətən kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də həmişə qadın zərifliyinə ehtiyac duyub, onu idealizə edib. Zamanımızda qadının əşyalaşması fəlakətli bir cəhət olaraq sezilməkdə, görünməkdədir. Türk ailəçiliyində qadına ilahi münasibət son dərəcə heyrətamizdir. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" hesab olunurdu. Təəssüf ki, indi yurdumuzda da qadına ilahi münasibət səngiməkdədir.
Qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdəti var. Yüzillərdir ki, incəsənətin müxtəlif sahələri sirli-sehrli qadın dünyasının əsrarəngizliyi, özünəməxsusluğu barədə yazır, ancaq mövzu bitmək bilmir ki, bilmir. Maraqlısı və qəribəsi budur ki, qadınlar da çox hallarda özlərindən yazırlar; incəsənət onlara özlərini ifadə etmək üçün geniş imkanlar verir.
Qadınların yaradıcılıq imkanları hədsizdir. Ailəçilikdə
əvəzsiz varlıq olan qadının xüsusən ötən yüzildə ictimai həyata ardıcıl şəkildə cəlb edilməsi gerçəkdir ki, ailəçiliyə ziyan verdi. Qadının ən böyük hünəri analıqdır və çağdaş qlobalçılıq dönəmi ailəyə qarşı olduğu dərəcədə ictimailəşdirmə əhvalını hər vəchlə artırır ki, istəyinə çatsın. Əgər ailə kimi əvəzsiz bir biçimə zərbə dəyirsə, o deməkdir ki, bu, dövlətə zərbədir. İri dövlətlərin bu mənada qloballaşma məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin olmur...
Qadın mövzusunda kim yazmayıb ki? Bəşər yaranandan bəri qadın döyüldüyü, söyüldüyü dərəcədə də vəsf olunub. Əslində bədiyyatda, sənətdə daha çox vəsf olunan qadın gerçəklikdə aşağılanıb. Qadına münasibət niyə bu dərəcədə ziqzaqlıdır? Qadına münasibət əslində insanlığa münasibətdir. Çünki qadınlıq zəriflik rəmzidir. Cəmiyyət isə bu zərifliyi daim əzməyə, tapdamağa çalışır.
Qadın ilk növbədə anadır, bu səbəbdən də o, cəmiyyətin heç bir siyasi ölçüsünə sığmır. Ananın ən böyük analığı, təsdiqi ailəsi, ailəçiliyidir. Çağımızın ən böyük fəlakəti isə ondadır ki, qadın-qadınlıq dayanılmadan bu və başqa biçimdə gözdən salınır. Hansı ki, qadınsız ailə, ailəsiz isə xalqın təsdiqi mümkün deyil. Qadının ucaldılıb kişinin aşağılanması bahasına yaradılan ötəri təsəvvürlər də insanlığı təsdiq etməz. Qadınlığa münasibət kişiliyə, kişiyə uca münasibətlə təndir. Yalnız bu cür münasibətdə ailəçiliyin əbədi təsdiqi baş tuta bilər. Bəşər ya dediyi kimi yaşamalıdır, ya da yox olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Necə ki, bu təhlükə gündən-günə daha açıq şəkildə gerçəkliyini tapmaqdadır.
Dünyada pulçuluq, təbəqəçilik, siyasətçilik artır. Bundan ilk növbədə əzab çəkən qadınlar olur. Ümumiyyətlə, yaşamın harmoniyası durmadan pozulur. İnsan yaşaya bilmir, əvvəlki kimi yaşamaq qaydası da ona az gəlir. Əslində insan başqasını yaşada bilmədiyi dərəcədə yaşaya, bu səbəbdən də yaşada bilmir. Cəmiyyətdə qadın-kişi münasibətləri sirrdən-sehrdən məhrum olduğu dərəcədə insanlığın aşkarlanması dərinlərə çəkilir. Qadın-kişi münasibətləri müqəddəsliyə əsaslanmalıdır. Bu olmadıqda hər iki tərəf qərib qalır, ictimai münasibətlər də bir tərəfdən heyvaniliyi qabardır. İctimai münasibətləri yaradan, ona məna verən isə insandır.
Qadın-kişi münasibətlərinin ilahi səviyyəsi ictimai münasibətlərin mənasıdır. Deyilənlər baş tutmadığı dərəcədə insanlıq çaş-baş durumda qalacaq. Cəmiyyət qadın-kişi münasibətlərində öz əliylə uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq münasibətlər yadlıq yaradır. Bəşəriliyin mayası insanilikdir. İnsanilik həm də ailənin, qadınlığın doğmalıq tələbində, yaşamında təsdiq olunur. Doğmalıq isə ciddiliyə dayanır. Çağdaş dövrdə qadın-kişi münasibətlərində səadətin təsdiqini axtarmaq çox zaman müşkülə dönür, ona görə ki, bu münasibətlər ləyaqət tələbi əsasında olmur. Əslində səadət-sədaqət-ləyaqət üçü bir anlamı ifadə edir. Yəni insan - fərqi yoxdur, istər qadın, istərsə də kişi olsun, ləyaqətli, sədaqətli yaşadığı dərəcədə səadətə çatır.
Bəşərin ailə kimi bənzərsiz, hava-su kimi gərəkli janrı təhlükədədir. Ailə adlı bəşəri dəyər ayaq altına salınır, lağa qoyulur. Çünki bəşər insan kimi yaşamaq istəmir. Ailəçilik isə çətinçilikdir. Qadın ailə adlı bu dəyərin kişi qədər dəyərli yaradıcısıdır. Başlanğıc kişidir, yaşadıcı, həm də yaradıcı hər ikisidir. Qadınla kişinin mahiyyəti birdir, insanilikdir. Böyük Hüseyn Cavid deyir: "Sürüklənən bəşəriyyət qadınla yüksələcək". Gözəl sözdür...
Əziz xanımlar, bayramınız mübarək!

Uğur