Ermənilərin 1918-ci ildə Şamaxıda törətdikləri cinayətlər Hadisə

Ermənilərin 1918-ci ildə Şamaxıda törətdikləri cinayətlər

7 cild, 925 vərəqdən ibarət təhqiqat materialı ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verir

1828-ci ildə Azərbaycanın Rusiya və İran arasında ikiyə parçalanmasından sonra əzəli, tarixi türk torpaqlarına müxtəlif ölkələrdən ermənilər köçürüldü. Sonrakı onillərdə bu köçürmə siyasəti daha intensiv xarakter aldı. XX yüzilin əvvəlindən başlayaraq ermənilərin Azərbaycan torpaqlarında kütləvi şəkildə həyata keçirdikləri qətliamlar, soyqırımlar onların nə qədər qaniçən və vəhşi millət olduqlarını sübut edir. Araşdırmaçı Ayaz İmranoğlu ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarla bağlı kitabların müəllifidir. O, bu mövzuda danışaraq bildirir: "Dünya birliyi, beynəlxalq təşkilatlar, insan hüquqlarından dəm vuran demokrat, sülhsevər insanlar faciələrimizə göz yumurlar. İlahi, bu nə müsibətdir! Dörd yaşlı körpə uşağı ayaqlarından üzü aşağı asıblar! Əti çürüyüb, sümükləri göydən asılı qalıb. Məsum körpənin asılmış cəsədi ətrafında zavallı qadınların başları kəsilib. Kəsilmiş başların yanında kəllələrdən ayrılmış saçlar topa-topa qalıb... Bu dözülməz faciəni törədən erməniləri yer üzünün əşrəfi saydığımız insanlar cərgəsində insan saymaq olarmı? Alçaqların törətdikləri bu dözülməz vəhşilikləri həmişə aləmə çatdırmaq gərəkdir ki, ey insanlar, ayıq olun, insan cildinə girmiş vəhşilərdən özünüzü qoruyun. Nə bilim, bəlkə də keçmiş insanlara da bu vəhşilərin iç üzü məlum olduğu, onların bir ölkədə cəmləşməsinə vaxtilə imkan vermədikləri üçün alçaqlar dünyanın hər yerinə it unu kimi səpələniblər. Türklərin tarix boyu haqq, ədalət yolçusu olmağımızı isə dünya çox gözəl bilir. Dədə-babalarımız nəvə-nəticələrimizin öyünə biləcəyi kifayət qədər şərəfli bir tarix qoyub gediblər. Bu tarixdə Türkün böyüklüyü, mərdliyi, düzlüyü, qonaqpərvərliyi, ürəyiyumşaqlığı ilə yanaşı, onun düşmənlərinin naşükürlüyü, vəhşiliyi də özünə yer alıb. Yüzillərdir erməni şovinistləri türk insanına qarşı qəddarlıqlar törətməkdən usanmır, əksinə, bu murdar əməllərindən zövq alırlar. 1918-1920-ci illərdə tayqulaq cəllad Andronik İrəvanda və Zəngəzurda azərbaycanlıları kütləvi surətdə qırmağa başlamışdı. Elə kəndlər olmuşdu ki, bir nəfər də sağ qalan olmamışdı. İndi həmin kəndlərin nə adı qalıb, nə də izi. Belə kəndlərdən biri də Cənfara kəndidir".
1918-ci ilin yazında ermənilərin törətdikləri qaniçənlikdən ən çox zərər çəkən şəhərlərdən biri Şamaxı və onun kəndləri olub. Bu barədə arxiv materialları əsasında tədqiqatlar aparan Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayevin qənaətləri düşündürücüdür. O, bildirir ki, uzun müddət 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən, nədənsə onların Şamaxıda törətdikləri vəhşiliklərlə bağlı demək olar, danışılmayıb: "Ermənilərin toplu halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə azərbaycanlı kəndinin əhatəsindəki cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki azlıqda qalan bir ovuc erməni əhalisinin bu ərazidə soydaşlarımızın başına açdığı müsibətlərlə tanış olduqda adam dəhşətə gəlir. Ancaq təkzibolunmaz faktdır ki, bu bir ovuc erməni onlarla Azərbaycan kəndlərini tar-mar etmiş, on minlərlə günahsız əhalini qətlə yetirmişdilər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox gözəl bacarırlar".
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. A.Paşayev qeyd edir ki, bu sənədlər arasında 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi diqqəti cəlb edir: "Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir".
O dövrdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzəyə diqqəti çəkən A.Paşayev bildirir: "Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə şərh olunurdu. Məruzədə deyilirdi ki, Şamaxı şəhəri 2 hissədən ibarətdir: yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər və malakanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərdə və həm də kəndlərdə olan müsəlmanlar ermənilər və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışdılar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərə qarşı çıxış ediləndə də Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Buna baxmayaraq Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri həmin vaxtdan zərər çəkmiş erməni qardaşları ilə həmrəylik xatirinə müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və 1905-ci ildə incidilmiş ermənilərin hayfını çıxmaq üçün əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırmışlar: "Biz bu günü 12 ildir ki, gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək edə bilməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın". Həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur. Onların hamısı məhv edilməlidir". A.Paşayev daha sonra bildirir ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ I Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verib. Ermənilər azərbaycanlılara qarşı özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə gizli surətdə silah anbarını ələ keçirib bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişdilər. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib, ora müsəlmanları buraxmamışdılar: "Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sursat gətirib sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən 3 tüfəng gətirmişdilər. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini belə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hisləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə adlı erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri sürətlə toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış 3 minədək Bakıdakı bolşevik hakimiyyəti adından erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü Malakan kəndi Qozlu-Çayda (Xilmili) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, başlıca məqsəd Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar".
Ancaq ermənilər vədələrinə çox az sonra xilaf çıxırlar: "1918-ci il martın 18-də Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Görürlər ki, şəhər cənub tərəfdən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum soydaşlarımız üçün tam gözlənilməz idi. Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır, mülki əhalini qəddarlıqla öldürür. Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min azərbaycanlı qətlə yetirilib".

Uğur