“Baba ocağı” Hadisə

“Baba ocağı”

N.Muradoğlu Əylis kəndi və ətraf ərazilərdə ermənilərin təcavüzkar əməllərini dərindən öyrənib

Fəlsəfə doktoru, dosent Tahir Orucovun redaktorluğu ilə 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Baba ocağı" romanını diqqətlə oxudum. Əsərin dilindəki bir sıra incə çalarlar, ədəbi detallar roman müəllifinin şairanə təbiətini açıb ortaya qoyur. Bu da onun şairlik keyfiyyətinin nəsr dilindəki təzahür formasıdır. Digər tərəfdən isə "Baba ocağı" janrına görə tarixi romandır. Burada əhvalatlar tarixi hadisələrin, gerçəkdən baş vermiş olayların işığında cərəyan edir. Bu tarixi dövrü bədii əsərə gətirmək isə, hər şeydən öncə, yazardan bir tədqiqatçı fədakarlığı tələb edirdi. Bu mənada N.Muradoğlu XX əsrin əvvəllərində əsasən özünün ata-baba yurdu olan Ordubadın Əylis kəndi və ona ətrafı ərazilərdə baş verən qanlı qırğınları – ermənilərin təcavüzkar əməllərini və bu zorakılığın qanlı nəticələrini ağır zəhmətə qatlaşaraq dərindən öyrənib və bu hesaba da həmin tarixi mərhələni reallığı ilə təsvirə gətirib canlandırmağa nail olub. Bax buna görə də "Baba ocağı" adlı tarixi əsərində müəllifin sənətkarlığı təkcə nasir kimi özünü göstərmir, eyni zamanda həssas təbiətli bir insanın düşüncələrini tarixi reallığın bədii əksi planında nümayiş etdirir. Başqa sözlə, "Baba ocağı" Nizami Muradoğlunun özünün baba ocağına bir oğulluq borcunu ödəmək missiyasını əks etdirir.
"1906-cı ilin bir yaz gecəsiydi. Dadaş yatıb bir yuxu gördü. Əylisçayın kənarında dayanmışdı. Birdən göy guruldadı, şimşək çaxdı, yağış yağmağa başladı. Yağış o qədər şiddətləndi ki, leysana döndü, Dadaşın ayağının altındakı torpaq sürüşdü, Dadaş çayın ortasına düşdü, dalğalar onu ağuşuna alıb aparırdı. Əylisçayın suları qan rəngində idi, yox, deyəsən Əylisçaya qan axırdı, qan sel kimi axırdı. O qan Dadaşın ağzından qarnına dolurdu, Dadaş qan içində boğulurdu" (səh.6).
Romanın "Tövbə" adlandırılan birinci hissəsi bu abzasla başlayır. Əsərin baş qəhrəmanı Dadaş – əsl adı Rövşən olan bu gəncin yuxusunun təsviri ilə başlaması təsadüfi deyil. Birincisi, yuxu müqəddəsdir, bu müqəddəs yuxu işığında müəllif roman boyu baş verəcək real gerçəkliklərin ümumi mənzərəsini cızır və hadisələrin ümumi məzmununun bu istiqamətdə baş verdiyinin şahidi oluruq. İkincisi, ikiadlılıq mifik düşüncədən tutmuş ta ədəbi-bədii dünyagörüşlərimizə kimi, habelə real müasir həyatımızda da xarakterik haldır. Bu iki adlılığın arxasında müəyyən ədəbi-bədii mətləblərin dayanması da bir priyomdur. Lakin başlanğıc cümlənin "1906-ci ilin yaz gecəsi" şəklində verilməsi də bəri başdan onu nişan verir ki, roman tarixi hadisələrə və tarixi faktlara isnad edilməklə qələmə alınmışdır. Buna görə də əsərin qəhrəmanı Dadaşın əsl adının Rövşən olması reallığı əks etdirir. Amma real hadisələrə yazıçı müdaxiləsi kimi bədii təfəkkür aktını nəzərə aldıqda, ola bilər ki, Nizami Muradoğlu burada baş qəhrəmanın əsl adının Rövşən olmasını bir simvol kimi vermişdir. Nəyə görə bu qənaətə gəlirəm? Əsərdən bir parçaya da diqqəti yönəldib sonra fikrimi açıqlayacağam:
"Dadaş (Rövşən – Ş.Ə.) hələ uşaq ikən eşitmişdi ki, Ordubad müqəddəs yerdir. Bu torpaqda dövrü-qədimdən üləmalar çox olduğundan, Yaxın Şərqin diqqət mərkəzində idi. Arazın cənubunda yaşayanlar Orbudaba sehirli bir yer kimi baxırdılar. Deyirdilər ki, İranın münəccimləri göydən bir bəla gəldiyini müşayiət edəndə camaatı məscidlərə yığıb dua edərmişlər ki, "Xudavəndi-aləm, bu bəlanı Ordubada göndər". Səbəbini soruşanlara cavab verərmişlər ki, bəs sən demə Ordubadda o qədər çox üləma, mürşid, seyid övladı var ki, bəla Ordubada çatınca sovuşar, heç bir ziyan verməz. Belə ki, Ordubad camaatı çox inamlı və imanlıdır. Dadaş özü də uşaq vaxtı bunları görmüşdü. Ancaq gəncliyindən bu yerləri tərk edib gedəli iyirmi il ötmüşdü" (səh.7).
Göründüyü kimi, müəllif hadisələrin baş vermə məkanını – baba ocağı Ordubadı müqəddəs sehirli bir yer kimi təsvir edir və dini-mifik inanclarla əlaqəli şəkildə bunun izahını verir. Belə olan təqdirdə isə bir daha yuxarıda deyəcəyim fikrimə əsas zəmin yaranır. Koroğlu xalqımızın mifik-tarixi təfəkküründə yenilməz qəhrəmandır və onun da əsl adı Rövşəndir. Belə yanaşma ilə düşündükdə folklorumuzdakı Koroğlu-Rövşən ikiadlılığı Nizami Muradoğluda Dadaş-Rövşən ikiadlılığı variantında üzə çıxır...
"Baba ocağı" romanında da Koroğlunun – Rövşənin adaşı öz tarixi misilsiz qəhrəmanlığı ilə sübut edir ki, o da öz zamanının Koroğlu qeyrətli Rövşənidir. Yəni mifik qəhrəman olan Koroğlunun ölməzliyi ilə tarixi qəhrəman olan Rövşənin də ölməz olduğu ideyası üst-üstə düşür. Mifik qəhrəmanlar ölmədiyi kimi tarixi qəhrəmanlar da qəhrəmanlıq estafetlərini zaman-zaman bir-birlərinə ötürməklə bu ölməzliyi təcəssüm etdirirlər.
Baba ocağı romanının adına uyğun olaraq burada təsvir edilən baba ocağı Əylis haqqında, Ordubadla bağlı Rövşənlə erməni Stepan arasında gedən söhbət əsnasında maraqlı tarixi-elmi məlumatın verilməsi özü də baba ocağına oxucuda dərin məhəbbət aşılamağa xidmət edir: "-Stepan, mən Əylisdə doğulmuşam. Əylis eşitmisən?
- Akulis?..
- Akulis yox, Ağ-ulus… Bu kənd Elxanilərin hakimiyyəti dövründə xanədan mənsublarının, hətta ondan öncəki xanədanların, daha sonra Səfəvilərin, Qacarların istirahət düşərgəsi olub. O zamanlar xanədan mənsublarına ağuluslular, ağevlilər deyirdilər. Cəmiyyətdə təbəqələşmə getmişdi: ağuluslular, bozuluslular, qarauluslular. Yüksək hakimiyyət təmsilçiləri, onların ailələri, qohum-əqrəbaları ağuluslular adlanırdı. Bu kəndin ab-havası, təbii gözəlliyi, meyvə-tərəvəzinin əvəzsiz tamı ağulusluların diqqətini cəlb etmişdi. Bu kənddəki məbədlər, məscidlər, üç kunbəzli hamam, kəhrizlər sistemi, su-kanalizasiya təsərrüfatı böyük intibahdan xəbər verir. XVII-XVIII əsrlərdə Əylis Şərqin ən qabaqcıl şəhərləri sırasına daxil edilmiş, ipəkçilik xüsusi inkişaf etmişdi. …Ordubada Səfəvilərin hakimiyyəti dövründə xüsusi önəm verilirdi. Şah Abbasın vəziri Mirzə Hatəm bəy də Ordubadlıydı. Nəsirəddən Tusi də ordubadlı imiş. Şah Abbas Ordubad bölgəsinin vergilərdən azad edilməsi haqda fərman vermişdi. Hülaki xanın zövcəsi Doqquzxatun xanım yay istirahətini çox zaman Əylisdə keçirirmiş"…
Bu minvalla tarixi bilgi sayəsində yazıçı oxucuda əsərdə təsvir olunan baba ocağı Ordubad və Əylis haqqında maraq və məhəbbət oyadır və bu tarixi dədə-baba torpaqlarımızın erməni təcavüzündən qorunması yolunda aparılan mübarizə bütün təfsilatı ilə əsər boyu nəql olunur. Əsərin baş qəhrəmanı Rövşən də bu mübarizənin mərkəzindədir.
20 il baba ocağından kənarda yaşayan Rövşən yenidən doğuluğu yurda dönür, eyni zamanda günah işlərdən çəkinib tövbə etmək üçün din xadimləri ilə görüşür, deyir ki, "Mənim bir arzum var, tövbənin bu dünyada qəbul olunduğunu bilmək istəyirəm. Mənim tövbəmin qəbul olunduğuna zəmanət verə bilərsinizmi? Mən tövbəmin qəbul olunduğunu necə görə bilərəm?"
Bu sualın müqabilində Mirzə Tahir Əfəndi bir xeyli fikrə dalıb, "Bu günə qədər belə bir şey nə eşidilib, nə də görülüb" deyir. Daha sonra yaşlı, dünyagörmüş adamlara bu barədə müraciət etməyi məsləhət bilir, "Cəvizli tərəfdə dağın döşündə bir kəlisa var", - deyə ora getməyə yol göstərib deyir: "Mən babamdan eşitmişdim ki, o kəlisanı Elxanilərin zamanında Hülakü xanın baş hərəmi Doqquzxatun xanım tikdirib. Doqquzxatun xanım nəsrani dininə mənsub türklərdən – ərmən tayfalarındandı, xeyriyyəçiliklə məşğul olub, kəlisalar tikdirirmiş. Bizim bu kəndə də hər yayda xanədan mənsubları dincəlməyə gələrmişlər. Bir yay Doqquzxatun xanımın özü də burada istirahət etməyə gəlir. Doqquzxatun xanımın canında son zamanlar ağrıları artmışdı. Bu kəndin səfalı havası, şəfalı suları Doqquzxatun xanımın ağrılarını canından çıxarır. Burada onu narahat edən xəstəlikdən şəfa tapan baş hərəm bu kəlisanı tikdirmək qərarına gəlir. Üstəlik İsfahandan bura dini alimlər gətirir, özü də tez-tez gəlib burda yaşayır, bu kəlisada ibadət edərmiş.
Həmin kəlisada Mikayıl adında o vaxt gələn alimlərin nəslindən olan bir abid var, nəsranidir, türkdür, ərmən tayfasındandır, haylardan deyil, amma indi haylar onu özlərindən sayırlar. O abid çox dünyagörmüş adamdır. Həftədə bir dəfə adamlarla görüşüb dərdlərinə qulaq asar, qalan günləri ibadətlə məşğul olar, dualar oxuyar, o dualar da həpsi qədim türk lisanındadır. İstəsən bir onunla da məsləhətləşə bilərsən" .
Bu sitatı həm də ona görə burda misal gətirdim ki, "Ermənilər hayların qurbanlarıdır!" mövzusundakı yazımda qaldırdığım problemin bədii əsərdə inikasını gördüm. Yazımın başlanğıcında "Baba ocağı" romanının müəllifinin burada tədqiqatçılıq baxışlarının da özünə yer aldığını əbəs yerə qeyd etməmişdim. Bu və bu kimi parçalara əsərdə yeri gəldikcə rast gəlindiyi səbəbindən mən o fikri yürütmüşdüm. Mikayıl adlı abidlə bağlı söylənilən "o abid nəsranidir, türkdür, ərmən tayfasındandır, haylardan deyil, amma indi haylar onu özlərindən sayırlar" məzmunlu ifadələrin arxasında incə elmi mətləblər dayanır ki, bu haqda yuxarıda adını çəkdiyim məqaləmdə genişliyilə bəhs açdığımdan, bir daha bu mövzuya qayıtmıram. Ancaq Nizami Muradoğlu bu mövzu ilə bağlı romanda təkrar-təkrar bədii dönüşlər edir ki, bu hal təqdiredici hal olub, oxucularında da bu yöndə maraq oyatmağa xidmət edir. Məsələn, romanın "Qanlı daş" adlandırdığı 2-ci hissəsində Əylisdə Novruz bayramı münasibətilə taxta oturdulmuş Xanılı xanın (əsil adı Xəlil olan bu qaraqabaq kişinin) dilindən verilən camaata Novruz təbriki ilə bağlı nitqindən bir parçaya diqqət edək: " - Biz hesab edirik ki, bu bayram bizimlə birgə yaşayan, işləyən, çalışan bütün xalqların nümayəndələrinin bayramıdır. Əylisdə yerli Azərbaycan türkləri ilə yanaşı nəsrani ərmən türk tayfalarının, musəvi zoqların və hayların da nümayəndələri yaşayır. Biz onları da bu gözəl bayram münasibətilə təbrik edirik. Əylisdə yaşayan hər bir ailəyə, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bayram sevincləri arzu edirik. Novruz bayramınız mübarək olsun!"
Göründüyü kimi, yazıçı burada da nəsrani ərmən türk tayfaları ilə təcavüzkar haylar arasında çox ciddi milli fərqlər olduğunu oxucuların nəzərinə çatdırır. Bu da tarixi-elmi həqiqətləri bədii dərk vasitəsilə maarifləndirmə missiyası daşıyan müsbət cəhətlərdən biri kimi alqışlanmalıdır.

Ş.Əlfioğlu
araşdırmaçı