Bina və qurğuların tikintisi və sökülməsi ilə bağlı normalar müəyyənləşib Hadisə

Bina və qurğuların tikintisi və sökülməsi ilə bağlı normalar müəyyənləşib

Sənəd yeni bina və qurğuların inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur

Fövqəladə Hallar Nazirliyi "Tikintinin təşkili" Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarını (AzDTN) təsdiq edib.
APA-nın məlumatına görə, AzDTN müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların (tikinti obyektləri) inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur.
Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi infrastruktur obyektlərinə, dövlət sirri təşkil edən obyektlərə, radioaktiv və partlayıcı maddə və materialların istehsal, emal olunduğu və saxlandığı obyektlərə, habelə atom enerjisindən istifadə sahəsində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərin irəli sürüldüyü obyektlərə münasibətdə dövlət sifarişçiləri və ya həmin obyektlərdə təhlükəsizliyin təmin edilməsi üzrə səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən və dövlət satınalma müqavilələri ilə müəyyən edilmiş tələblərə riayət olunmalıdır. AzDTN tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə, həmçinin inşaat sənayesi və inşaat materiallarının sənayesi müəssisələrində materialların, məmulat və konstruksiyaların istehsalına şamil edilmir.
Tikinti obyektlərinin inşası yalnız Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq verilmiş tikintiyə icazə əsasında aparılır. Tikinti fəaliyyəti subyektlərinin hərəkətləri qüvvədə olan qanunvericiliyin tələblərinə, tikinti prosesində yerinə yetirilən işlər, onların nəticələri və tikintisi başa çatmış tikinti obyektləri isə layihəyə, ərazi planlaşdırılması sənədlərinə (baş planlara və müfəssəl planlara) cavab verməlidir. Sifarişçinin əsas vəzifələri tikintiyə icazənin alınması, tikinti obyektinin inşasına podratçının (baş podratçının) cəlb olunması, tikintilərin ekspertizadan keçmiş və müvafiq qaydada təsdiq edilmiş layihə sənədləri ilə təmin edilməsi, tikinti ərazisində tənzimləmə (ayırma) xətlərinin naturaya köçürülməsi və geodezik bölgü əsasının yaradılması, tikintiyə texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsinin təmin edilməsi, tikinti işlərinin başlanması barədə Fövqəladə Hallar Nazirliyinin məlumatlandırılması, Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş Tikintidə Dövlət Nəzarəti Jurnalının alınması və daimi tikinti obyektində sifarişçinin məsul nümayəndəsində səliqəli vəziyyətdə saxlanılması, tikinti obyektinin inşası başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət edilməsi, texnoloji avadanlığın və ya mühəndis-kommunikasiya təminatı xətlərinin sınaqdan keçirilməsi (buraxılış-sazlama işləri) və tikinti obyektinin istismarına icazə ilə bağlı Məcəllədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi, tikintinin başlanması, dayandırılması və ya konservasiyası barədə qərarların qəbulu, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış obyektin istismarına icazə ilə bağlı sənədlərin yerli icra hakimiyyəti orqanına təqdim edilməsi, tikinti ilə bağlı zəruri məlumatların, tikinti sənədlərinin (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) əsli və ya surətlərinin Fövqəladə Hallar Nazirliyinə təqdim olunması, icra və istismar sənədlərinin komplektləşdirilməsi, saxlanması və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmasıdır.
Sifarişçinin öz vəzifələrinin cəlb olunmuş təşkilat və ya mütəxəssisə verilməsi onlar arasında bağlanmış müqavilə ilə rəsmiləşdirilir. Podratçı (baş podratçı), tikintini bilavasitə aparan şəxs kimi tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək, obyektin konstruksiyalarını inşa etmək və mühəndis-texniki təminat sistemlərini quraşdırmaq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda texnoloji sənədləri hazırlamaq və tətbiq etmək, tikintidə daxili əməliyyat nəzarətini, o cümlədən istifadə olunan tikinti materiallarının və məmulatının standartların, texniki şərtlərin və layihənin tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək, tikinti işlərinin həyata keçirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sənədləri tərtib etmək, tikinti meydançasının idarə olunmasını və mühafizəsini təşkil etmək, tikinti meydançasında yanğın təhlükəsizliyini, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitini, tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsini, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsini, tikinti texnikasının və mexanizmlərinin təhlükəsiz istismarını təmin etmək, dövlət nəzarətinin, texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsi zamanı tikintidə aşkar olunmuş qüsurları və pozuntuları aradan qaldırmaq, qəzaların qarşısının alınması üçün tələb olunan tədbirləri görmək, qəza haqqında Fövqəladə Hallar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yerli icra hakimiyyəti orqanına, sifarişçiyə və layihəçiyə dərhal məlumat vermək və qəzanın səbəblərinin araşdırılması məqsədilə qəza ərazisinin mühafizəsini təmin etmək kimi təşkilati vəzifələri yerinə yetirir. Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, layihə sənədlərini hazırlayan şəxs həmin layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi (dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin smetaları üçün) üçün təkrar ekspertizaya təqdim edir.
Tikinti başa çatdıqdan sonra tikinti obyektinin qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və layihəyə uyğunluğu yoxlanılır, o cümlədən tikintisi başa çatmış tikinti obyektinin istismarına icazə alınır. Tikintiyə nəzarət ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlərin (metroloji qayda və normaların) tələblərinə uyğunluğu təsdiq edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmalıdır. Nəzarət sınaqları və ölçmələri ixtisaslaşmış heyət tərəfindən yerinə yetirilməlidir. Tikinti obyektinin inşası zamanı tikinti, quraşdırma və xüsusi tikinti işlərinin mexanizasiyası kompleks şəkildə təmin olunmalı və inşaat maşınlarının, avadanlıqlarının, kiçik mexanizasiya vasitələrinin, lazımi quraşdırma ləvazimatlarının, inventar və cihazların dəstləri ilə həyata keçirilməlidir. Tikinti-tamamlama maşınları, avadanlıqlar, alətlər, texnoloji ləvazimatlar da daxil olmaqla, beton, quraşdırma, daş, suvaq, sanitar-texniki, hidroizolyasiya, boyaq, şüşə və digər tikinti işlərinin yerinə yetirilməsi üçün lazım olan kiçik mexanizasiya vasitələri yerinə yetirilən işlərin texnologiyasından asılı olaraq normalarla komplektləşdirilmişdir. Nəqliyyatın işinin təşkilinə dair məsələlər inşaat materiallarının, konstruksiyalarının, detal və avadanlığının çatdırılması sxemləri seçilərkən, obyektin tikintisi ilə, eləcə də yükboşaltma bazalarının, dəmiryolu stansiyalarının, çay və dəniz limanlarının, gəmilərin yan alması üçün nəzərdə tutulmuş körpülərin və hava limanlarının fəaliyyəti ilə texnoloji əlaqədə nəqliyyat vasitələrinə olan tələbat qrafikləri əsaslandırılarkən və tərtib edilərkən tikintinin təşkili layihəsində həll olunmalıdır.
Tikinti fəaliyyətinin subyektləri, yəni podratçı (baş podratçı), sifarişçi, layihəçi tikinti-quraşdırma işlərinin, tikinti obyektinin konstruksiyalarının, mühəndis-texniki təminat sistemlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunu qiymətləndirmək məqsədilə Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tikintiyə nəzarəti həyata keçirməlidirlər.