Lənkəranda sahili boyu ərazilər minalardan təmizlənir Hadisə

Lənkəranda sahili boyu ərazilər minalardan təmizlənir

Artıq xeyli sayda TM-62 tipli mina tapılaraq zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran şəhəri ərazisində, dəniz sahili boyu ərazilərin minalardan təmizləməyə başlayıb.
Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.
A. Aslanovun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyətinin sifarişi əsasında martın əvvəllərindən başlamış əməliyyat nəticəsində sahilboyu ərazidən xeyli sayda TM-62 tipli mina tapılaraq zərərsizləşdirilib. Ümumilikdə ANAMA tərəfindən sahildə 10 hektar ərazinin yoxlanılaraq minalardan təmizlənməsi planlaşdırılır.
ANAMA nümayəndəsi qeyd edib ki, aparılan araşdırmalar zamanı ötən əsrin 90-cı illərində Sovet Ordusunun Azərbaycanı tərk edərkən dənizə - sahilə yaxın çox sayda mina atdığı məlum olub. Ləpələr bu minaların bir qismini sahilə çıxarıb.
"Orada Sovet Ordusunun tank taboru yerləşib. Ərazidən dəniz istiqamətində poliqon kimi istifadə olunub. Balıqçıların sözlərinə görə, sahildən 50-60 metr məsafədə suyun altında çox sayda mina görüblər", - deyə ANAMA nümayəndəsi vurğulayıb.
A.Aslanovun sözlərinə görə, ANAMA dənizin qeyd olunan hissəsində minaların olub-olmadığını müəyyənləşdirmək üçün sahilə yaxın ərazilərdə sualtı kəşfiyyat çəkilişləri aparmağı planlaşdırır.