Türkiyəyə sevgilərlə... Hadisə

Türkiyəyə sevgilərlə...

Türkiyə səfirliyi Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə və TİKA-nın (Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin) maliyyə dəstəyi ilə mayın əvvəlində 12 nəfərlik nümayəndə heyəti Bakıdan Türkiyəyə səfər etdik. Səhər saat 9 radələrində Bakı-Naxçıvan aviareysi ilə səfər marşrutumuza başladıq. Təyyarə səmadakı bulud qatını yarıb uçuş zolağı ilə hərəkət etdikcə daxilimdə qəribə hisslər baş qaldırmışdı. Hər halda işğal altında olan torpaqlarımızın başı üzərindən -Qarabağımızdan, Zəngəzurumuzdan keçib gedəcəkdik. Təyyarənin yan pəncərəsindən üzüaşağı boylanır, doğma torpaqlarımızı heç olmasa səmadan da olsa seyr etmək istəyirdim. Fəqət qalın bulud layları yer üzünü görünməz edirdi. Gözlərimlə bulud örtüyünü deşmək, həsrətini çəkdiyimiz dədə-baba yurdumuza tamaşa etmək niyyətindəydim.
Nağıllarımızda sehrli bir dillə söylənilən sayaq, sanki qalın bulud topaları qara qüvvələrin təmsilçisi kimi doğma yurdumuzun başı üstünə çöküb, onu səmadan da seyr etməyə qoymurdular. Amma…folklorumuzdakı möcüzə motivlərinə həyatda da rastlanılmaq olurmuş. Aşağıya boylanarkən qatı bulud topasının arasından dağlar inanılmaz dərəcədə başlarını sanki qaldırıb bizə əl eləyirdi, elə bil bizi özünə tərəf çəkmək istəyirdi, məğrur duruşu, sərt görünüşü ilə bizə gəl-gəl deyirdi. Gəl köksümdə yurd sal, məni tək-tənha qoyma, yağı tapdağında qoyma deyirdi… Bəli, qatı bulud səddini öz sərt görünüşü, uca boyu ilə yarmışdı dağlar. Sanki baxın, mən elə həminki dağlaram, yenə öz əzəmətimlə, məğrur duruşumla öz yerimdəyəm, siz də qayıdın gəlin deyə sanki dağlar oğluna buludlar arasından boy göstərirdi dağlarımız. Düzü, mənə elə gəlmişdi ki, uçduğumuz zaman ərzində təyyarə bir neçə dəfə hava boşluğuna düşmüş, qəza vəziyyəti yaranmışdı. Dağların əzəmətli görünüşünə buludlar arasından gözlərim sataşdıqca, ürəyimdə qeyri-adi, qəribə duyğular da baş qaldırmışdı. Əgər təyyarə bu anlarda dağlara çırpılıb qəzaya uğrasaydı belə, ölümün ağuşuna ürəklə gedərdim. Sonuncu kərə dağları qucaqlayıb - qoy bağrında can verim, qoynunda ölüm, dağlar,- deyərdim, məni öz doğmaca balan kimi köksünə sıx, köksündə dəfn elə, a dağlar,- deyə könül xoşluğu ilə belə ölümə düçar olmağa sevinərdim də. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, - deyiblərsə də, mən bu aviareyslə həm gəzməyə qərib ölkəyə yox, doğma ölkəyə, doğma vətənə sarı üz tuturdum, həm də öləsi olsaydım, doğma Qarabağımızın, Zəngəzurumuzun qüdrətdən səngərli, qalalı dağlarının zirvəsində - öz vətən torpağımda dünyaya əlvida deyəcəkdim…
Təyyarəmiz Naxçıvan aeroportunda yerə qonduqdan sonra Naxçıvan – İqdır avtobus marşrutu ilə qardaş ölkəyə doğru yolumuza rəvan olduq. Sərhəd ərazisinə çatsaq da, ilk dəfə Türkiyə Cümhuriyyətinə səfər etsəm də, özümü yad bir diyara gedən qərib kimi hiss etmədim. Doğma vətənimin hansısa bir dilbər guşəsinə turist səyahətim kimi zənn edirdim. Elə gömrük – nəzarət məntəqəsində işləyənlərin xoş, səmimi rəftarları da adama doğma təsir bağışlayırdı. Türkiyə ərazisinə – İqdır vilayətinə keçdikdən sonra da bu ovqat davam etdi. Bir tərəfdən İran İslam Respublikası, bir tərəfdən Azərbaycan Respublikası – Naxçıvan MR, bir tərəfdən də qədim türk – Azərbaycan torpaqları hesabına yaradılmış və bütün türk dünyasının başına bəla olan Ermənistanla həmsərhəd olan İqdır bölgəsi region baxımından çox həssas bir mövqedə yerləşir. 1990-cı illərin əvvəllərində Qars vilayətindən ayrılmış və özü müstəqil bir vilayətə çevrilən İqdır vilayətinə daxil olanda sanki bizi həmişə başı qarla örtülü olan Ağrı dağı bir nurani ağsaqqal baba timsalında qarşıladı, salamladı. Ağrı dağı (Ararat dağı) yol boyunca sanki bizi müşayiət edirdi, müsafir kimi bizə bələdçilik edirdi.
Naxçıvandan İqdıra doğru uzanan yolda dəmir lövhədə yazılmış Kurtemir sözünə gözüm sataşdıqda Kürdəmir rayonunun adının fonetik transformasiyaya uğradığını xəyal etdim. Bir qədər sonra isə daş topalarının sıx-sıx rast gəlindiyi ərazidən keçərkən Taşburun adlı yer adını dəmir lövhəcikdən oxumağım da mənə Beyləqan rayonunun ən iri yaşayış məntəqəsindən olan Daşburun stansiyasını xatırlatdı. Bax belə, əhalisinin xeyli hissəsini azərbaycanlılar təşkil edən İqdırda təkcə insanlar yox, həm də kənd, yer-yurd adları da eyni dərəcədə doğma, əziz, tanış idi bizim üçün. Özümüzü burada qərib hiss etməməyimiz də elə təbii idi.
İqdırın mərkəzinə çatandan sonra burada soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni, xatirə-muzeyini ziyarət etdik və şəkil çəkdirdik. Onun yaxınlığında Nuh peyğəmbərin gəmisi hesab olunan taxta gəmiyə də tamaşa etdik. İlahi, nə qədər qəribə eyniliklər, bənzəyişlər var idi. Əbəs yerə iki dövlət, bir millət adlandırılmamışıq ki!.. Tarixi taleyimiz də demək olar ki, eyni olub, düşmənlərimiz də. Azərbaycan torpağında dəfələrlə soydaşlarımızı qətlə yetirən, özləri soyqırım aktı törətməklə özlərini də soyqırıma məruz qalmış kimi göstərən ermənilər burada da eyni cür fitnəkarlıqlar törətmiş, hələ bir üstəlik də həyasızlıqla bütün dünyaya özlərinin soyqırıma məruz qaldıqlarını car çəkmişdilər. Adımı sənə qoyum, səni yana-yana qoyum məsəlimiz burada da öz yerini alır. Bütün dünyaya uydurma soyqırımı hadisəsini bəyan edən ermənilər özləri Azərbaycan və Türkiyə torpaqlarında minlərlə türkün qanını axıtmış, qocaya, cavana, qadına, körpəyə aman verməyərək vəhşicəsinə qətlə yetirmişlər. Bu faktı buradakı kütləvi məzarlıqlardan aşkar edilmiş insan skeletləri və bir də həmin qanlı qırğınlardan təsadüfən canlarını salamat qurtara bilmiş şahidlərin xatirələri təsdiqləyirdi. Eyni zamanda bu hadisələri araşdırmacı, yazar, İqdır – Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Başkanı Ziya Zakir Acar faciə şahidlərinin dilindən qələmə aldığı "Görənlərin gözüylə: İqdırda erməni qətliamı", "İçimdəki sızlartı" və başqa adlarda qələmə aldığı kitabları vasitəsilə də, həmçinin muzeydəki fotolara isnadən bizimlə söhbətləri əsnasında da bir daha əyani şəkildə izah edib, anladırdı…
Naxçıvan torpağı ilə yaxın-yaxına ərazidə yerləşən İqdırda Nuh peyğəmbərin gəmisi hesab olunan taxta gəmi də maraq doğururdu. Nuh tufanı sözünün fonetik dəyişikliyə uğramış variantlarından olan Naxçıvan sözü və Naxçıvan ərazisində aşkara çıxarılmış Nuhun gəmisinin eyni, ya oxşar modelinin İqdırda da aşkarlanması faktı da bir daha Azərbaycan – Türkiyə mədəni ilişkilərinin tarixin ən əski çağlarına gedib çıxmasından xəbər verən əlamətlərdən biriydi. Dili, tarixi , mədəniyyəti, yaşam taleyi eyni olan iki qardaş xalqı – Azərbaycan və Türk xalqını sadəcə bir-birindən ayrıca müstəqil dövlət olmaqla ərazi sınırları (sərhədləri) ayırırdı. Amma bu sərhədlərin genimizə, qanımıza, ruhumuza, tarixi taleyimizə heç bir aidiyyətı olmadığını bir daha mənim Türkiyəyə etdiyim bu səfərin təəssüratı da təsdiq edirdi.
İqdır – Ərzurum avtobusu ilə səyahətimizi davam etdiririk. Yolboyu universitet tələbəsi olan, əslən Azərbaycan kökənindən olan Mutlu han Turanla maraqlı söhbətimiz alınır. Ərzuruma çatanda qaranlıq çoxdan çökmüşdü. "Hitit" otelində gecələdik. Mayın 4-də – ertəsi gün Atatürk Universitetinə yollandıq. Bizi Başbakanlıq Basım yayın El müdiri Məmduh Nehri müşayiət edirdi. Universitetin rektor müavini professor Hikmət Qoçaq, Türk – erməni İlişgiləri Araşdırma Mərkəzinin müdiri professor – doktor Ərol Kürkçüoğlu bizim heyəti yüksək səviyyədə qəbul edib ağırladılar. Burada 1886-cı ildə Van, İqdır, Qars, Ərzurum və başqa bölgələrdəki 185 kənddə ermənilərin soyqırım törətdiklərini, türkləri ucdantutma qılıncdan keçirdiklərini bildirdilər. Həmçinin onu da dedilər ki, ermənilərin elm adamlarını burada keçirilən simpoziumlarda iştirak etməyə dəfələrlə dəvət ediblər, onlar əvvəl gəlmək istədiklərini bildirmək istəsələr də, sonradan bu dəvətdən boyun qaçırıblar. Dövlət başkanının ermənilər Qarabağdan çəkilməyincə, onlara qapı açmayacağını bəyan etdiyini də diqqətə çatdırdılar. Bu zaman Ərol Kürkçüoğlu mənim Cəbrayıl rayonundan olduğumu bildikdə, 1990-cı illərin əvvəllərində Cəbrayılda olduğunu da, hətta orada bir nəfərə qız elçiliyinə getdiyini və razılığını alıb, "hə" cavabını verdiklərini də qeyd etdi. Ümidvar olduğunu bildirdi ki, inşallah, həmin cənnətməkan torpaqlarımızda yenə özümüz yaşayacağıq… Həmçinin qeyd olundu ki, burada soyqırımla bağlı sərgilər təşkil olunur və bu sərgidə Xocalıda ermənilərin elədikləri vəhşiliklər də, Türkiyədə törətdikləri kütləvi qırğınlar da hamısı bütöv şəkildə öz əksini tapıb.
Quba rayonundan olan təmsilçimiz "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov ermənilərin 1918-ci ildə Quba qəzasında törətdikləri kütləvi qırğınlar barəsində ətraflı danışdı və bu qətliamları özündə əks etdirən ingiliscə və azərbaycanca çapdan buraxılmış bukletləri təqdim etdi.
Mən də çıxış edib ermənilərin Azərbaycanda törətdikləri soyqırım və deportasiya siyasətləri haqqında ətraflı məlumat verdim. Eyni zamanda yerindən-yurdundan didərgin düşmüş Qarabağ əhalisinin təkcə maddi baxımdan məhrumiyyətlərlə üzləşmədiklərini, həmçinin milli-mənəvi dəyərlərimizin, kültür və folklor incilərimizin də sıradan çıxarılıb məhvə məruz qaldığını açıqladım. Axırda universitet rəhbərliyi tərəfindən bizim nümayəndə heyətinə "Ərzurum folkloru" kitabı hədiyyə olundu, bukletlər paylandı…
Atatürk Universitetindən çıxdıqdan sonra Məmduh bəy bizi Ərzurum Böyükşəhər Bələdiyyə başkanı ilə görüşə gətirdi. Burada bizi bələdiyyə sədri Mehmet Sekmen bəy və bələdiyyənin baş katibi Əlirza bəy mehribanlıqla qəbul etdilər. Mehmet bəy 6 ay əvvəl Bakıda olduğunu bildirdi. Bakı və Gəncə şəhər bələdiyyələri ilə qardaşlıq görüşlərinin keçirildiyini diqqətə çatdırdı. Nümayəndə heyətimizin rəhbəri Habil Əliyev gəlişimizin məqsədinin qondarma erməni soyqırımı ilə bağlı olduğunu bildirdi, əsl həqiqətləri öyrənib – bilmək və media yayım vasitələrilə dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu qeyd etdi.
Görüşdə qeyd olundu ki, 100 il bundan əvvəl ermənilər özləri soyqırım yapdılar, saysız-hesabsız türkün qanını axıtdılar, özləri də bunu əksinə olaraq özlərinə qarşı yapılmış soyqırım kimi qələmə verdilər. Biz türklər bir millətə qarşı soyqırım etməmişik. Amma dünya gözünü açsın, yaxşı-yaxşı baxsın, əgər bir millətə qarşı soyqırım törədildiyini görmək istəsələr, onda qoy onlar Qarabağı, Xocalı qətliamını görsünlər. Azərbaycanlı qardaşlarımızın başlarına açılan müsibətdən xəbərdar olsunlar, onların doğma ocaqlarından didərgin düşdüklərini görsünlər.

Şakir Əlifoğlu