XIX əsrdə Şamaxının yaradıcı mühiti Mədəniyyət

XIX əsrdə Şamaxının yaradıcı mühiti

II yazı


Məşədi Zeynalabdin (1836-1892). Məşədi Zeynalabdin Hacı Tahir oğlu 1836-cı ildə Şamaxı şəhərində doğulub. Hacı Tahir hər iki oğluna mollaxana və mədrəsə təhsili verib. Hacının bazarda kiçik bir dükanı vardı. O, qaratikan kötüyündən çubuq və qəlyanbaşı yonar, tənbəki çubuqları hazırlayıb satardı. Yalnız sünnilər arasında deyil, şiələr arasında belə Hacı Tahirin çubuq və qəlyanbaşları məşhur idi. Oğlu Zeynalabdin özünü çox pis apardığı üçün Hacı Tahir ondan razı deyildi. Oğlunun boş-boşuna gəzməsi, küçələrdə veyillənməsi, bir işin, peşənin dalınca getməməsi Hacını çox narahat edirdi. Zeynalabdin isə şiə məclisinə gedər, məhərrəmilikdə cani-dildən iştirak edərdi. Zeynalabdin atasının dediyinə məhəl qoymayıb öz dostları ilə Mahmud Ağa məclisində də müntəzəm iştirak edirdi. Müsabiqəyə qulaq asar, rəqqasələrin oyunundan zövq alardı. Bu işlər Hacı Tahiri daha da hiddətləndirirdi. Bir gün o, Zeynalabdini yanına çağırıb deyir: "Sənin Mahmud Ağanın otağında ölümün nədir? Bir də görsəm ki, sən oraya getmisən, and olsun gəzdiyim Həcərə, sındıraram qol-qabırğanı... Amma o, nə bir iş, sənət dalınca getdi, nə də Mahmud Ağanın evinə getməkdən qaldı".
Məşədi Zeynalabdin illər boyu Mahmud Ağa məclisinin iştirakçısı oldu. Oğlu Sabir də gənc yaşlarından Mahmud Ağa məclisinə ürəkdən bağlandı.

Allahverən Şıxı oğlu (XIX-XX əsr). XIX əsrin 40-cı illərində Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndində doğulub. Həm Allahverən, həm də məşhur balabançı Əli kişiyə sənətin sirlərini öyrədən Aşıq İbrahimin balabançısı Süleyman Məşədi Ağalar oğlu idi. Həm Süleyman, həm də Allahverən uzun illər ustad aşıqlar - Aşıq İbrahim, Aşıq Oruc və Aşıq Bilalı müşayiət edib. Süleyman Mahmud Ağa ilə qonşu olduğu üçün onu yaxşı tanıyırdı və dost idilər. Onun məclisinə aşıqlar dəvət olunanda Süleyman da gələrdi. Allahverən Şıxı oğlunun çalğısı ustadlar tərəfindən bəyənilirdi. O, başqa havalarla yanaşı, "Gərayı"ları daha ustalıqla, xüsusi zövqlə ifa edirdi. Mahmud Ağa zərb muğamlar qədər "Gərayı"nı dinləməyi, qulaq asmağı çox sevirdi. Allahverən məclisə daxil olanda Mahmud Ağa ucadan deyərdi:
- Ustad, bilirsən də, nədən başlayacaqsan?
O da "Zil gəraylı"dan başlayardı. Mahmud Ağa da dinlədikcə dinləyirdi. Çalğıya doyunca qulaq asandan sonra Allahverəni mükafatlandırırdı. Allahverən Şıxı oğlu XX əsrin əvvəllərində vəfat
edib.

Güllübəyim Mir Mahmud qızı (1825-1897). Mahmud Ağa təkcə poeziya, muğamlarımıza, xanəndələrimizə deyil, eləcə də Şamaxı maarifinin inkişafına, məktəblərin yaradılmasına xüsusi diqqət yetirmiş, hamilik edib. Şamaxıda qız məktəblərinin yaradılmasına həm mənəvi, həm də maddi yardım göstərib. Güllübəyim 1825-ci ildə Şamaxının Pirani-Şirvan məhəlləsində, ruhani ailəsində doğulub. O, atasından təhsil alıb. Ərəb, fars dillərini yaxşı bilir, rus, ləzgi dillərini də başa düşürdü. 15 yaşında Hacı İsmayıl adlı bir nəfərə ərə gedib. Təxminən 1850-ci ildə evində qızlar üçün xüsusi məktəb açmağa qərarlaşır. Şamaxılı qızların təhsilə cəlb olunması xəbərini eşidən Əhməd Sultan və Mahmud Ağa Güllübəyimə yardım əllərini uzadırlar. Güllübəyim məktəbi 1880-ci illərə qədər fəaliyyət göstərir. Maraqlıdır ki, Mahmud Ağanın qızına da Güllübəyim ev dərsi verib. Daha sonralar Güllübəyimin ideyalarını, ənənələrini Şamaxıda Gövhər Şirvani Füruzə Şəfi qızı, Böyükxanım Gövhər Şövqiyyə davam etdirir. Güllübəyim həm də istedadlı şair olub. Onun xalq şeiri üslubunda yazdığı şeirlərin bir qismi günümüzə çatıb. Güllübəyim 1897-ci ildə vəfat edib. Maarifpərvər şairin şeirlərindən bir yarpaq:

Nə günahın sahibiyəm,
Salmısan zindana, fələk.
Axıdırsan göz yaşımı,
Çalxayırsan qana, fələk.

Əymisən cavan belimi,
Kəsmisən deyən dilimi,
Uçurmusan bülbülümü,
Bəs gedim hayana, fələk?

Güllübəyim qalıbdı mat,
Qızlar etdilər inayət,
Köməklik etmir camaat,
Qaldım yana-yana, fələk.

Mirzə Cavad (1846-1920). Hələ ötən əsrin 90-cı illərindən Şamaxıda musiqi-muğam sənəti, Mahmud Ağa ədəbi-məclisində fəaliyyət göstərmiş sənətkarlar haqqında məlumat əldə etməyi qarşımıza məqsəd qoyduq. Odur ki, Şamaxının ustad, qocaman musiqi xadimlərinə müraciət etməyə başladıq. Aşıq, xanəndə, balabançılarla görüşdük, söhbət etdik. Xeyli yeni məlumatlar, sənəd, şəkillər topladıq, məktublar aldıq. Həmin məktublardan biri də Zoya xanımdan gəlmişdi.
Kimdi Zoya xanım? Böyük Azərbaycan dramaturqu, musiqi bilicisi Ə.Haqverdiyevin "Qoca tarzən" hekayəsinin qəhrəmanı, tarzən Cavadın nəvəsi Qulam müəllimin ömür-gün yoldaşı. Cavad Sayıl oğlu 1846-cı ildə Şamaxı şəhərində doğulub, mollaxanada təhsil alıb. Atası İsmayıl kişi S.Ə.Şirvani və Mahmud Ağanın dostlarından idi.
Atasının məsləhəti ilə Cavad Süleyman adlı bir tarzəndən sənəti öyrənib. Sonra o da Mahmud Ağa məclisində iştirak edib, onun hörmətini qazanıb. Mahmud Ağanın Cavada münasibətini Ə.Haqverdiyev "Qoca tarzən" hekayətində belə təsvir edir: "Yay fəsli idi, Şamaxı cavanları məndən savayı da iki dəstə çalğıçı götürüb neçə gün müddətində yaylağa səyahətə getmişdilər... Cavanlardan biri təklif etdi, "hər kəsin tarına bulbul gəlib özünü toxundursa, mən ona yüz manat bağışlayacağam və onun adını da burada "tarzənlər şahı" qoyacağam"... Axır növbə mənə gəldi. Tarı sinəmə basıb həmən bu "Rast"ı başladım... Bir az keçmişdi, onda gördüm bülbül ağacdan sürətlə enib özünü tara çarparaq uçub getdi. O vaxt Şirvanda
Mahmud Ağa adında bir musiqişünas var idi. Mahmud Ağa bu haləti gördükdə yerindən sıçrayıb gəlib mənim alnımdan öpüb dedi: - Ölmə, yaşa".
Bəli, Mirzə Cavad 40 ildən artıq tar sənətinin sirlərini həmvətənlərinə öyrədib. Təkcə Mahmud Ağa məclisinə yaxın olan xanəndələri deyil, bəy, tacir məclisində iştirak edən xanəndələri də müşayiət edib. Həmin illərdə xanəndələr əsasən şəhər məclisinə dəvət olunurdular. Mirzə Cavad Şamaxı ziyalılarının çoxu ilə dostluq edirdi.
M.Ə.Sabir, Tərrah, Didə, Camo bəy, A.Səhhət, S.M.Qənizadə onun sirdaşları idi. Özü də klassik üslubda şeirlər yazırdı.
Cavadın iki övladı olub. Sənətini oğlu İsmayıla öyrədə bilib. Mirzə Cavad 1920-ci ildə Şamaxı şəhərində vəfat edib. Mirzə Cavad hətta ustad xanəndə Mirzə Məhəmməd Həsəni uzun illər (Mahmud Ağanın vəfatından sonra da) müşayiət edib. Bu barədə Mirzə Məhəmməd Həsən məclislərini görmüş böyük sənətkar Yavər Kələntərli xatirələrində yazır: "Mirzənin bir tarçısı vardı, Cavad adında, ucaboy adam idi".
Haşiyə: Mirzə Cavadın nəvəsi Qulam 1905-ci ildə Şamaxı şəhərində doğulub. O da uşaqlıqdan musiqiyə həvəs göstərib. Əmisi İsmayılın tarının səsi onu məftun edib. "Qulam böyük sənətkar, xalq artisti Hacı Məmmədovla uşaqlıq dostu idi. Həm də uzaq qohum idilər. Onların hər ikisi İsmayıldan öyrənmişlər tar çalmağı.
Sonralar qardaşı İsmayıl Əhməd Bakıxanovla dost olur. Qulamı, eləcə də, Hacını Əhməd müəllimlə İsmayıl tanış edir".
Zoya xanımın dediklərindən: "Yayda Şamaxıya dincəlməyə gələn Əhməd müəllim İsmayıl dayıgildən çox bizdə qalardı. Onda Qulamgil bayram edirdilər. O zamanlar Hacı qardaş da Şamaxıya çox gəlirdi. Hacı qardaş ağa yurdunu (evləri uçmuş olsa da) ehtiramla ziyarət edərdi... Şamaxıda olan bəzi sənətkarlar da onlarla görüşər, məsləhətlər alardılar".
Qulam müəllim 80 il ömür sürüb. O, Şamaxıda musiqi məktəbinin yaradılmasına və inkişafına böyük əmək sərf edib, ilk tar müəllimi olub. Özü də düz 30 il - 1939-cu ildən 1969-cu ilə kimi. Həmin ildən 1992-ci ilə kimi Şamaxı pionerlər evində və Nəsimi adına musiqi məktəbində tar müəllimi işləyib. Bir sözlə, Qulam müəllim babası tarzən Cavadın 40 ildən artıq yaşatdığı müqəddəs sənəti 50 ildən çox Şamaxıda təbliğ edib, gənclərə öyrədib. Bu gün də Şamaxıda tar sənətinin sehri Qulam müəllimin şagirdləri - Seyidxan Novruzov, Mehman Mikayıl, Seyran İsmayılov və başqalarının barmaqları, xalları və ifalarında yaşayır.
Bəli, Mahmud Ağanın Mirzə Cavada dediyi "Ölmə, yaşa!" alqışının sədası sanki əsrlərin dərinliyindən ucalaraq bu gün də Cavad sənətinin Şamaxıda ölməyib, yaşadığını təsdiq edir.

Ünsizadə qardaşları. Əvvəldə qeyd etdiyimiz kimi Əhməd Sultanın yaxın olduğu ailələrdən biri də dostu Əbdürrəhman Əfəndinin ailəsi olub. İki ailə arasında olan ünsiyyət, yaxınlıq övladlar, nəvələr arasında da uzun illər davam edib. Əbdürrəhman Əfəndinin üç oğlu - Səid, Cəlal və Kamal Şamaxının mədəni-pedaqoji həyatında xüsusi yeri olan ziyalılardandır. Bu qardaşların hər üçü həm də şair idilər.
Cəlaləddin (Cəlal) Ünsizadə 1854-cü ildə anadan olub. Mollaxana və mədrəsə təhsili alıb: ərəb, fars, rus, fransız dillərini bilib. O, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib, Şamaxıda Mahmud Ağa məclisinə yaxın olub. Cəlal sonradan Tiflisə - qardaşı Səidin yanına köçərək 1883-cü ildə "Kəşkül" qəzetini nəşr etdirir. Cəlal "Kəşkül" adlı mətbəə də yaratmışdı. Görkəmli ziyalı 1892-ci ildə Türkiyəyə köçüb.
Kamal Ünsizadə 1857-ci ildə Şamaxıda doğulub. O da qardaşları kimi mollaxana və mədrəsədə oxuyub. Bu qardaşların dayıları Molla Bağı məşhur din xadimi olub. Kamal Şamaxıda şəriət müəllimi işləyib, Kamal da "Məzhər" adlı qəzet nəşr etdirib. O da qardaşları ilə birlikdə Türkiyəyə köçüb gedib.
Haşiyə: Ünsizadə ailəsi həm Mahmud Ağanın, həm də "Beytüs-Səfa" məclislərinin fəal üzvlərindən olub. S.Ə.Şirvaninin vəfatı haqqında ilk nekroloqu Cəlal 1888-ci ildə çap etdirdiyi "Kəşkül" qəzetində verib. Başqa bəy, mülkədarlar kimi Mahmud Ağa da müəyyən məsələlərlə bağlı Tiflisə çox gedərdi. Bu zaman o, Ünsizadə qardaşlarının evlərində qalardı. Qardaşlar Mahmud Ağanı böyük hörmət və izzətlə qəbul edər, ona lazımi köməklik göstərər və yola salardılar.



Seyfəddin Qəniyev
professor