Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü Siyasət

Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi hər il noyabrın 29-da qeyd olunan bu gündə Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin əhəmiyyətini və bu həmrəyliyin xalqımızın qanuni hüquqlarının müdafiəsində, öz torpağında azad və ləyaqətli şəkildə yaşaması üçün daşıdığı rolu bir daha vurğulayır. Bu gün Fələstin probleminin hələ də aktual olması, xalqımızın hüquqlarının isə işğalın və onun davam edən təcrübələrinin nəticəsində bu günə qədər tam şəkildə həyata keçmədiyini xatırladan bir məqamdır.

Səfirlik hesab edir ki, beynəlxalq həmrəylik işğala son qoyulmasına, ilhaq, məskunlaşdırma və məcburi köçürmə siyasətlərinin dayandırılmasına yönəlmiş səylərin təməl daşını təşkil edir. Həmçinin bu həmrəylik Fələstin xalqının ayrılmaz və toxunulmaz hüquqlarına, ilk növbədə öz müqəddəratını təyin etmə hüququna, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına, habelə qaçqınların öz yurdlarına və evlərinə qayıtmaq hüququna dəstək deməkdir. Bu hüquqlar beynəlxalq hüququn normalarına və aydın tarixi ədalətə əsaslanır.

Fələstin xalqı artıq yeddi onillikdən çoxdur ki, legitim mübarizəsini davam etdirir, məcburi köçürülmə, məskunlaşdırma və mühasirələrə baxmayaraq mətanətini və qətiyyətini qoruyub saxlayır. Nəkbə (fəlakət) faciəsindən 77 il, 1967-ci ildən bəri isə İsrail işğalından 58 il keçməsinə baxmayaraq, fələstinlilərin öz kimliklərini və milli hüquqlarını müdafiə etmək iradəsi zəifləməmiş, onların problemini ləğv etməyə yönəlmiş bütün cəhdlər qəti şəkildə rədd edilmişdir.

Səfirlik bildirir ki, Fələstin xalqı ilə həqiqi həmrəylik təkcə rəmzi bəyanatlarla məhdudlaşmır; bu həmrəylik işğalın pozuntularına görə məsuliyyət daşımasını təmin etməyə yönəlmiş beynəlxalq səylərə dəstək verilməsini, Fələstin xalqının və onun hüquqlarının qorunması üçün konkret addımlar atılmasını nəzərdə tutur. Həmçinin bu həmrəylik müstəmləkəçiliyə qarşı beynəlxalq ictimai rəydən yaranan təzyiqin beynəlxalq hüquq və BMT-nin qərarları əsasında sülhün bərqərar olunmasına xidmət edən praktiki fəaliyyətə çevrilməsini, eləcə də Prezident Mahmud Abbasın beynəlxalq sülh konfransının çağırılması təşəbbüsünə dəstək verilməsini əhatə edir.

Bu münasibətlə Fələstin Dövlətinin Səfirliyi Azərbaycan Respublikasına Fələstin haqqının müdafiəsi istiqamətində müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi möhkəm və ardıcıl mövqeyə görə dərin minnətdarlığını ifadə edir. Səfirlik vurğulayır ki, bu mövqe iki xalqı birləşdirən qardaşlıq münasibətlərinin bariz təzahürü olmaqla, ədalət və sülhün müdafiəsi naminə əməkdaşlığın və birgə fəaliyyətin güclənməsinə xidmət edir.

Fələstin Dövlətinin Səfirliyi, Azərbaycan Respublikasındakı tərəfdaşlarla birlikdə ədalətin səsini daha da ucaltmaq, xalqımızın qanuni milli hüquqlarını dəstəkləmək və hər iki xalqın, eləcə də bütün region üçün sülh və sabitliyin hökm sürdüyü gələcəyin qurulmasına öz töhfəsini vermək öhdəliyini bir daha təsdiq edir.

Cavid