16:21
329
“ATƏT-in Minsk Qrupu dekabrın 1-də fəaliyyətini dayandıracaq. Bu, faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir. Prinsipcə, Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır. Çünki bu qurum uzun illər mövcud olsa da, ortaya ciddi nəticələr qoya bilmədi. Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair konkret addımlar, sərt qərarlar və ya tərəfləri razılığa gətirəcək təsirli vasitəçilik göstərməyə nail olmadı. Nəticədə, münaqişə müharibə mərhələsinə keçdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.
T.Rzayev qeyd edib ki, bu təşəbbüs müharibədən sonra da fəaliyyətsizliyi ilə seçilirdi: “Lakin yeni tendensiya həm də tərəflərin təşkilata ehtiyac görməməsi idi. Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar aparmağa başladı və bu təcrübə qısa zamanda öz bəhrəsini verdi. Məsələn, artıq iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir, səmimi və konkret müzakirələr aparırlar. Vaşinqton görüşündə faktiki olaraq sülh sazişi paraflandı. Bu isə göstərir ki, proses artıq tərəflərin birbaşa iradəsi və diplomatik addımları ilə irəliləyir”.
Onun sözlərinə görə, Minsk Qrupunun dekabrın 1-də fəaliyyətini dayandırması sülh prossesində əhəmiyyətli dəyişiklik yaratmır: “Yəni qrupun bağlanması hazırda sadəcə formal bir addımdır. Əsas məsələ Azərbaycan və Ermənistanın birbaşa dialoqu, qarşılıqlı səfərlər və səmimi danışıqların olmasıdır. Prosesin həlledici mərhələsi olaraq 2026-cı ildə sülh sazişinin imzalanması mümkündür”.
Röya İsrafilova