Səbuhi Əhmədov: Yeni kitab seriyası Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasına kömək edir Mədəniyyət

Səbuhi Əhmədov: Yeni kitab seriyası Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasına kömək edir

Təqdim olunan kitablarda Azərbaycanın tarixi və mədəniyyəti, həmçinin mühüm bir missiya olan ölkəmizin mədəni irsinin xaricdə tanıdılması öz əksini tapıb. Biz, şübhəsiz ki, ümumilikdə öz tariximizi və mədəniyyətimizi bilirik, lakin hələ də az araşdırılmış və əlavə elmi tədqiqat tələb edən kifayət qədər səhifələr mövcuddur. Bu baxımdan bu kimi kitab seriyalarının illər boyunca müntəzəm və sistemli şəkildə nəşr olunması xüsusilə önəmlidir.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində seriyanın elmi redaktoru, tarix elmləri namizədi Səbuhi Əhmədov bildirib.

Onun sözlərinə görə, kitabların hazırlanması zamanı tarixi arxivlərin, muzeylərin, şəxsi kolleksiyaların və bir sıra kitabxanaların materialları diqqətlə araşdırılıb. Bu mənbələr əsasında çoxsaylı faktlar müəyyən edilib, müqayisə olunub və sistemləşdirilərək indi oxucuya əlçatan formada təqdim edilib.

“Əsas prinsipial məqam odur ki, təqdimat ağır akademik üslubda deyil, sadə, anlaşılan və canlı dildə qələmə aparılır. Bu nəşrlər təkcə peşəkar tarixçilərə, etnoqraflara, arxiv işçilərinə deyil, geniş oxucu auditoriyasına ünvanlanıb”, - deyə elmi redaktor vurğulayıb.

O qeyd edib ki, bu iş xüsusilə xarici auditoriya üçün böyük dəyər daşıyır, çünki onlar Azərbaycanı bu materiallar vasitəsilə kəşf edəcəklər: “Buna görə də təkcə faktları sadalamaq deyil, onlar haqqında başadüşülən dildə danışmaq və materialı zəngin illüstrasiyalarla - fotoşəkillər, arxiv görüntüləri, diaqramlar, xəritələr ilə müşayiət etmək vacib idi”.

Əhmədovun sözlərinə görə, təqdim olunan məlumatların təsdiqlənməsi və daha aydın göstərilməsi üçün peşəkar fotoqraflar muzeylərdə, qalereyalarda, arxivlərdə, həmçinin tarixi və mədəniyyət abidələrinin yerləşdiyi yerlərdə çəkilişlər aparıblar. Təəssüf ki, bu obyektlərin çoxu, xüsusilə işğaldan azad olunan ərazilərdə son dərəcə acınacaqlı vəziyyətdədir. Onların köhnə tarixi fotolarının axtarışı, keçmiş və müasir görünüşlərin müqayisəsi, ilkin görünüşün 3D qrafika vasitəsilə virtual “bərpası” xeyli vaxt aparsa da, olduqca nəzərəçarpacaq dərəcədə nəticə verib.