Dünya eposunun şah əsəri - “Kitabi Dədə Qorqud” Mədəniyyət

Dünya eposunun şah əsəri  -  “Kitabi Dədə Qorqud”

"Kitabi-Dədə Qorqud" azərbaycanlıların, türklərin, türkmənlərin, qaqauzların ulu babaları olan oğuzların milli qəhrəmanlıq eposudur. Bu dastan tarixi-kulturoloji əhəmiyyəti baxımdan qədim və orta əsrlər türk-dünya mədəniyyətinin son dərəcə nəhəng və möhtəşəm abidəsi sayılır. İnsana ümumbəşəri məhəbbət, dünyaya ekoloji-humanist münasibət ideyaları ilə zəngin olan bu əzəmətli abidəni dünya eposunun "Bilqamıs", "Mahabharata", "Ramayana", "Şahnamə", "İliada", "Odisseya", "Nibelunqlar haqqında nəğmə", "Roland haqqında nəğmə", "Sid haqqında nəğmə", "Kalevala", "Edda", "İqor polku haqqında dastan", "Nart" və s. kimi zəngin məzmun və mündəricəyə malik eposlarla müqayisə edirlər.
Oğuz türklərinin dastançılıq ənənələrinin məhsulu olan "Kitabi-Dədə Qorqud" dünyaca məşhur "Manas", "Koroğlu", "Alpamış", "Ural Batır", "Maaday Qara"... kimi türk eposları silsiləsində daşıdığı epik informasiyanın arxaikliyi və etnokosmikliyi baxımından xüsusi hadisədir.
Türkologiyada mütəxəssislər tərəfindən dünya eposunun zəngin mədəni-tarixi informasiyaya malik abidəsi kimi yüksək qiymətləndirilən bu epos H.Dits, E.Rossi, V.V.Bartold, K.İ.İnostrantsev, A.K.Samoyloviç, V.M.Jirmunski, A.N.Kononov, O.Hanser, O.Spies, H.Babinger, L.Bazen, V.Eberhard, O.Ş.Gökyay, B.Ögel və s. kimi çoxsaylı nəhəng alimlər tərəfindən tədqiq olunmuş, rus, alman, ingilis, fars, gürcü, latış, serb, macar və s. dillərə tərcümə olunub.
"Kitabi-Dədə Qorqud" eposunun XVI əsrə aid edilən və 12 boydan (nəğmədən) ibarət əlyazması ilk dəfə Almaniyanın Drezden kitabxanasında tapılıb. Abidə ilə maraqlanan alman şərqşünası H.Dits yunan Polifemi ilə səsləşən "Təpəgöz" boyunu 1815-ci ildə çap etdirib. Daha sonra italyan şərqşünası E.Rossi Vatikan kitabxanasından dastanın XVI əsrə aid edilən və 6 boy-nəğmədən ibarət daha bir nüsxəsini aşkarlayıb. Hər iki nüsxə ərəb əlifbalı oğuz türkcəsindədir. Beləcə, XIX əsrin əvvəllərində tapılaraq tez bir zamanda dünyada məşhurlaşan bu abidə bu gün dünya eposşünaslarının ən çox diqqət mərkəzində olan, dünya dillərinə ən çox tərcümə olunan abidələr sırasındadır. Bu gün abidənin tarixi vətəni olan Azərbaycanda tez-tez xarici ölkə alimləri ilə birgə "Kitabi-Dədə Qorqud"un dünya eposları ilə müqayisəli tipologiyasına həsr olunmuş beynəlxalq elmi məclislər keçirilir.
"Kitabi-Dədə Qorqud" eposuna yönələn arasıkəsilməz oxucu və tədqiqatçı marağı hər şeydən öncə abidənin ilk növbədə zəngin bədii məzmunu və möhtəşəm bəşəri-humanist ideyaları ilə bağlıdır. Hər bir milli epos onu yaradan və yaşadan etnosun milli varlığının epik kodla təcəssümüdür. Etnosun bütün mənəvi-cismani təcrübəsi onun eposunda epik yaddaş təcrübəsinə çevrilir. Lakin "Kitabi-Dədə Qorqud" dastanının bir epos kimi möhtəşəmliyi onun təkcə bir milli epos – oğuzların milli dastanı olmaqla qalmayıb, Avrasiya materikinin "İnsan ekologiyası tarixi" səviyyəsinə qalxması ilə şərtlənir. Bu cəhətdən, bu milli epos, əslində, oğuz etnosunun simasında Avrasiya materiki xalqlarının kültür tarixinin ölməz və möhtəşəm yaddaş abidəsidir. "Kitabi-Dədə Qorqud"un epik yaddaş təcrübəsi özündə Avrasiya tarixinin skif-sak, hun-oğuz, oğuz-səlcuq kimi epoxalarını əhatə edir. Bu epoxal silsilədə Metenin simasında mərkəzi və şərqi Asiyanın (Türküstan-Çin münasibətləri), Atillanın simasında Avropanın (Hun-Avropa münasibətləri), Alp Ər Tunqanın simasında Orta-Asiya və İranın (Türk-İran münasibətləri), son epoxa oğuz igidlərinin simasında islam dünyasının (Türk-Ərəb münasibətləri) tarixi özünə yer alır.
At üstündə doğulan, təbiətdən və Tanrıdan aldıqları etnopassionarlıq enerjisinin qarşısıalınmaz coşğunluğunu at belində kültür enerjisinə çevirən oğuz türkləri qərbdən şərqə və şərqdən qərbə daşıdıqları milli dastanları olan Dədə Qorqud oğuznaməsi ("Kitabi-Dədə Qorqud") ilə, əslində Asiya ilə Avropa – Qərblə Şərq arasında möhtəşəm və əbədi kültür körpüsü qurublar. Bu baxımdan, "Kitabi-Dədə Qorqud" öz profan yaşamlarını Tanrıdan gələn sakral quruculuq missiyası hesab edən oğuz türklərinin Avrasiya məkanında "yazdıqları", "yaşadıqları" və "qurduqları" etnik, siyasi, iqtisadi, mədəni sivilizasiya tarixinə qoyulmuş epik yaddaş abidəsidir.
"Kitabi-Dədə Qorqud" on iki boydan – nəğmədən ibarətdir. Burada oğuz etnosunun həyatı, məişəti, mənəvi və fiziki təcrübəsi əks olunub. Abidənin əlahiddə gözəlliyi və qiyməti onun insana və cəmiyyətə, dünyaya və təbiətə münasibətdə reallaşan fövqəlekoloji estetikasında ifadə olunub. Abidədə insan və dünya münasibətləri dünyanın tarixi-ekoloji harmoniyasının etalonu səviyyəsindədir. Eposun obrazlar qalereyası oğuz dünyasının müqəddəs dəyərlər sistemini özündə yaşatmaqla yanaşı oğuz insanın simasında bəşəri-humanist yaşam normalarının bütün gözəllik estetikasını özündə əks etdirir. Oğuz aristokratik dəyərlərinin daşıcıyısı olan oğuz bəylərinin hər birinin obrazında, əslində, dünya mədəniyyətinin ali-əxlaqi normaları əks olunub. Bu cəhət milliyyətindən asılı olmayaraq, dastanla estetik ünsiyyətə girən hər bir oxucunu özünün pərəstişkarına çevirir. Əslində oğuz bəylərinin insana, təbiətə və dünyaya münasibətdə insanı heyran edən davranışlarını görüb sevməmək mümkün deyil.
Dastan qəhrəmanlarından Bəkil həm də bir ov hamisidir. O, heyvanlara münasibətdə o qədər humanistdir ki, onları heç vaxt oxla ovlamır, əl ilə tuturdu. Ehtiyac miqdarında yeyilmək üçün yararlı olanlarını saxlayır, körpə və arıq heyvanları yenidən təbiətin qoynuna buraxırdı. Ancaq onları buraxmazdan əvvəl damğalayırdı (nişanlayırdı) ki, başqa ovçular təsadüfən bu zəif və körpə canlılara zərər yetirməsinlər. Bu cəhətdən Bəkil obrazı təkcə oğuz eposu səviyyəsində yox, eləcə də dünya epos mədəniyyəti kontekstində təbiətə humanist-ekoloji münasibətin ali səviyyəsinə qalxan möhtəşəm estetik fenomendir.
"Kitabi-Dədə Qorqud" eposunda təbiət müqəddəs dəyərlərə malik əlahiddə aləmdir. Oğuz insanı onu əhatə edən təbiət aləminin canlı-cansız hər bir ünsürünə sayqı ilə yanaşaraq onu özündən ayırmır. Atı özünə qardaş, ağacı sirdaş, suyu müqəddəs hesab edib, qurdu xeyir-bərəkət, abadlıq və firavanlıq simvolu sayır. Evi və xalqı düşmən tərəfindən talan edilən Salur Qazan ona doğma olan insanların yerini öz doğmalarından ayırmadığı sudan, qurddan, köpəkdən və s. xəbər alır.
Eposda oğuz insanları fövqəlestetik duyğulara malik şəxsiyyətlər kimi təsvir olunublar. At üstündə doğulub at üstəndə ölən bu insanlarda poeziya və musiqiyə heyrət doğuracaq həssas münasibət var idi. Oğuzlar milli musiqi alətləri olan qopuzu çox sevir, qopuzla milli nəğmələr – oğuznamələr söyləyən ozanlara (nəğməkarlara) heyranlıqla qulaq asırdılar. Onlar sənətə və musiqiyə o qədər hörmət və müqəddəs münasibət bəsləyirdilər ki, hətta əllərində qopuz olan qatı düşmənlərinə belə öldürməyib buraxardılar. Bu düşmən onların el-obasına təcavüz edib, yurdlarını xaraba qoymasına baxmayaraq, onu qopuz xatirinə buraxardılar. Oğuz insanın etnokosmik düşüncəsinin bu cəhəti onun dünya haqqında təsəvvürlər sistemində qopuzun – musiqinin və sözün müqəddəs statusu ilə bağlı idi. Oğuz insanına görə, musiqi və poetik söz sakral göylər aləmi ilə bağlı idi. Bu sakrallağın simvolu olan qopuz onu əlinə götürənin kimliyindən asılı olmayaraq, toxunulmaz dəyərlər sferasına aid edirdi. Oğuzlar ona görə də oğuz toplumunda bütün sakral dəyərlərin konsentrasiya mərkəzi olan Dədə Qorqudu çox sevirdilər. İlahi bilgilərə sahib olan, insanla Tanrı arasında mediasiya edən Dədə Qorqud özünün sakral missiyasını reallaşdırmaqla oğuz dünyasının müqəddəsliyini, etnokosmik harmoniyasını təmin edirdi. Dədə Qorqud Cəmiyyətin fiziki-mənəvi ehtiyacları ilə Təbiətin sakral enerjisi (Yer ilə Göy) arasında əlaqə yaradıb, insanın ruhunu Tanrıdan gələn kosmoqonik harmoniyaya kökləyirdi. Beləcə, oğuz insanının bütün mənəvi-fiziki davranışlarının fövqəlestetikası öz sakral başlanğıcını dəyərlərlərdən götürürdü.
Dastandakı igidlər öz şəxsi həyatlarının mənasını oğuz cəmiyyətinin ictimai varlığının yaşadılmasında tapırdılar. El-obanın, vətənin yolunda şirin canlarından bir an belə düşünmədən keçmək, vətən, namus, torpaq yolunda şəhid olmaq oğuz cəngavərlik kodeksinin sarsılmaz qanunu idi. Eposda oğuz sərkərdəsi Salur Qazanın düşmənlər tərəfindən əsir alınmış oğlu Uruz anasının namusunun ləkələnməsi təhlükəsi ilə üzləşdikdə ölümü namussuzluqdan üstün tutur. Düşmənlər əsir götürdükləri 40 qızın içərisində sərkərdə Salur Qazanın arvadı Burla Xatunu tanıya bilmirlər. Uruzu kəsib, ətindən kabab edib 40 qıza yedirtmək istəyirlər ki, oğlunun ətini yeməkdən imtina edəcək ananı tapa bilsinlər. Uruz bütün oğuz igidlərinə xas olan əxlaq normasına sadiq qalaraq anasına xəbər yollayır ki, onun ətindən yesin ki, düşmənlər onu tanıya bilməsinlər.
"Kitabi-Dədə Qorqud" etnik epos kimi bəşəri-humanist ideyalarla zəngindir. Burada oğuzlarla tarixi-mədəni əlaqədə olan heç bir başqa xalqa qarşı mənfi münasibət əks olunmayıb. Öz vətənlərini göz bəbəyi kimi qoruyan, yurdlarına təcavüz edən düşmən üzərinə hətta təkbaşına getməyi özü üçün şərəf hesab edən oğuzların bu milli dastanında qonşu xalqlara ( gürcülərə və s.) düşmən münasibət yoxdur.
Bu yanaşma eyni dərəcədə başqa dinlərə münasibətdə də aktual olub. Oğuz eposunda müsəlman-tanrıçı kimi təsəvvür olunmuş oğuzlar xristianlıq, yəhudilik və s. kimi dinlərə heç bir halda mənfi münasibət bəsləməyiblər. Tanrıçı olan oğuzlar sonradan islamı qəbul etməklə bərabər, islam dininin səmavi dinlər konsepsiyasına sadiq qalıb, bütün səmavi dinlərə haqq dini kimi hörmət ediblər. Oğuz etnopsixologiyası üçün xarakterik olan dini tolerantlıq eposda öz əksini tapıb. Oğuz sərkərdəsi Salur Qazanın oğlu Uruz atasının onu hələ də uşaq hesab etməsindən inciyib, "Qanlı Abxaz elinə mən gedərəm // Qızıl xaça mən əl basaram // Pilon geyən keşişin əlini mən öpərəm // Qara gözlü kafir qızını mən alaram" sözləri atası Salur Qazanda və oğuz bəylərində etnopsixoloji diskamfort yaratmır. Onları yalnız Uruzun igidliyə olan iddiası düşündürür. "Xristianlıq", eləcə də "yəhudilik" və s. anlayışlar oğuz etnokosmik düşüncəsində haqq dinlər kimi dünyanın ilahi düzümünün qanunauyğun hadisələri kimi qəbul edilirdi.
Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud" maraqlı bədii məzmunu, poetik dil xüsusiyyətləri, humanist-bəşəri ideyaları baxımından dünya epos xəzinəsinin şah əsərləri sırasındadır. 1300 illik yubileyi YUNESKO tərəfindən 1999-cu ildə Bakıda beynəlxalq bayram kimi qeyd olunmuş bu abidə əslində insanlıq tarixinin keçmişi və bugününü, mifi və tarixi öz içinə almaqla zamanın və məkanın fövqünə qalxan fenomenal mədəniyyət hadisəsidir. Bu əzəmətli epos əgər dünən Avrasiya tarixinin önəmli səhifələrini yazmış oğuz türklərinin müqəddəs kitabı idisə, bu gün artıq bütün dünyanın insan adlı varlığının ən ali həqiqətlərini bizə çatdıran, təbiətlə harmoniyada yaşamağın sirlərini bizə öyrədən "İnsanlıq ekologiyasının tarixi"dir.


Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru