İstəyin de nədir məndən, ayrılıq? Mədəniyyət

İstəyin de nədir məndən, ayrılıq?

Xavər Qəhrəmaninin, Rizvanə Behinin, Məlihə Əzizpurun, Burcəli Tükoğlunun yaradıcılığı

XIV əsrdən başlayaraq Şeyx Cüneydin, Şeyx Heydərin müridlərinə çevrilmiş, sonralar istər Şah Xətayinin, istər Şah Təhmasibin çərxibaşıları, qorçubaşıları kimi əhli-beyt düşmənləri ilə mübarizə aparmış, ya şəhid, ya qazi olmuş, eyni zamanda çox sayda alim, filosof, şair yetişdirmiş və nəhayət, Səttarxan kimi bir igidin Vətəni olan Qaradağda doğulub boya-başa çatmış Xavər Qəhrəmaninin poeziyası isə tamamilə xalq şeiri üstündə köklənib. O, hansı formanı seçirsə seçsin, yaratdığı nümunəyə daha incəliklə yanaşıb, sələflərinin üslubundan qətiyyən kənara çıxmayıb:


Doğma Təbrizimdən ayırdın məni,
Əlində oyuncaq qayırdın məni,
Candan usandırıb doyurdun məni,
Ürəksiz yaşamaz bədən, ayrılıq.

Baxmadan gəncliyə, cavanlığıma,
Vaxtsız xəzəl saldın könül bağıma,
Bir gün vüsal çıxsa tuş qabağıma,
Bərələr gözlədin gendən ayrılıq.

Xavər Qəhrəmani bu şeirdə qoşma formasına dəqiqliklə edir və ən böyük dərdlərdən biri olan ayrılığı canlı səhnələrlə göz önünə gətirməklə yanaşı xalq şeirinin incəliklərindən peşəkarlıqla istifadə edir. Xavər xanımın bu səpgili şeirləri çoxdur. Onun xalq şeirinin bir çox formalarında olduqca sanballı əsərləri var. Bu da şairənin xalq yaradıcılığına, xalq şeirinə, folklora olan sevgisinin bariz göstəricisidir.
Klassiklərimizin xüsusiyyətlərindən biri də bu idi ki, onlar xalq poeziyasının obraz və təşbehlərindən geniş şəkildə istifadə ediblər. Bu da onu subut edir ki, qədim dövrlərdə xalq ədəbiyyatı, xalq poeziyası bir sıra mövzuları, motivləri və sənətkarlığın, xüsusilə dillə bağlı olan ünsürlərin klassik ədəbiyyatdan çox-çox əvvəl işləməyə başlayıb və klassik ədəbiyyata bir növ zəmin hazırlayıb. Klassik ədəbiyyat isə yarandığı zamandan daim xalq ədəbiyyatı ilə üzvi vəhdətdə inkişaf edib və çox zaman yeni mündəricə, yeni ideya və bədii motivlər verib. Azərbaycan xalq yaradılığının ən böyük əsəri "Dədə Qorqud" dastanı və bütün bədii fikrin ən parlaq ulduzları olaraq Nizami, Xəqani, Nəsimi, Füzuli və Xətayi yüksəlir.
Yuxarıda qeyd olunduğu kimi, xalq şeirinin ən çox işlənən formalarından biri bayatılar olub. Məlumdur ki, bayatıların hər bəndi yeddi hecadan və dörd misradan ibarət olmaqla yanaşı onlarda 1-ci, 2-ci və 4-cü misralar həmqafiyə olur, yalnız 3-cü misranın başı açıq olur, yəni o biri 3 misra ilə həmqafiyələnmir. Lakin bayatının əsas xüsusiyyəti təkcə bununla bitmir, bayatı hökmən özündə dərin məna, hikmətanə fikirlər kəsb etməlidir.
1950-1980-ci illərdə yazıb-yaradan Cənubi Azərbaycan şairlərinin bir çoxu bayatı formasında məna tutumu dərin, bədii ifadələri dolğun nümunələr meydana gətiriblər. Rizvanə Behinin yaradıcılında bayatı formasından istifadə olduqca mühüm yer tutur. Rizvanə xanım xalq şeirindən, xalq yaradıcığından süzülüb gələn formaları elə bir şəkildə məzmunun boyuna biçir ki, bir çox hallarda onun şeir nümunələrinin bəzi bəndlərinin min illər bundan əvvəl deyildiyini düşünürsən:


Təbrizin ulduzları,
Gözəl-gözəl qızları.
Gündüz qızlar nur yayar,
Axşam da ulduzları.

Təbriz qızlarında var,
Əhdə, sözə etibar.
Gözəllərin qəlbinə,
Vurulmasın yaralar.



1938-ci ildə Çaroymaq bölgəsində anadan olan Burcəli Tükoğlu da xalq poeziyası formalarında olduqca dəyərli nümunələr meydana gətirib:


O gün ki, göz açıb özümü bildim,
Çığırdım, bağırdım, dedim ay dilim.
Əzəldən demişəm, deyirəm yenə,
Zindanda, qəfəsdə qalan, vay dilim.

Düşmənlər önündə silahım sənsən,
Odur ki, yolunda can qoymuşam mən.
Hər zaman ağ günə çıxanda Vətən,
Ellərə dərdimi başla say, dilim.

Aşıqlar sözündə gözəldən deyər,
Şairlər sözündə qəzəldən deyər,
Türkoğlu bu sözü əzəldən deyər,
Görmədim cahanda sənə tay, dilim.


Göründüyü kimi, Türkoğlu ənənəni saxlayır, lakin doğma dili haqqında obrazlı ümumiləşdirmələrin həqiqliyi və dəqiqliyi, daxili bitginliyi ilə olduqca güclü təsir bağışlayır. Qoşmada dil anlamının emiosonal-obrazlı şərhi zəngin və əlvandır. Türkoğlu heç bir dərin əhəmiyyətli məzmun ifadə etməyən qoşmasayağı nəzmlər yazmır və qoşmanın qətiyyən asan bir forma olmadığını, poetik sərvətlər sistemini qoruyub saxlamaqla subut edir. Bu qoşmada müəllifin əsas müvəffəqiyyəti doğma dilin ümumi, zahirən parlaq, gözqamaşdırıcı söz və ifadələrlə vəsfindən qaçıb, şairin daha çox dilin mənəvi gücü, xalqın müqəddəratını, tarixini, ruhi bütövlüyünü qoruyub saxlaması üzərində düşünməsidir. Doğma dili xalqın tarixi, xalqın mənəvi vəhdəti, xalqın əqidə və vicdanı kimi dərk etmək vətəndaşlıq şuurunun əlamətidir. Hiss etmək çətin deyil ki, bu sadə, tutumlu misraların arxasında xalqın tarixi-mənəvi təcrübəsi, müqəddəs vacib yaddaşı dayanır.
Cənubi Azərbaycanda orta əsrlər ədəbiyyatı tarixi poetika və ədəbiyyatşünaslıq elminin inkişafı üçün böyük bir zəmin yaradıb. Vahid Molla Rəcəbəli, Bədi, Bədiüz-Zaman, Bəndə, Bərqi, Bərgi, Bəhram və Bəhrami (Şah İsmayılın oğlu Bəhram Mirzənin təxəllüsüdür), Nazuki Marağayi, Şəms Təbrizi, Arif Ərdəbili, Vəhidi Təbrizi, Şeyx Mahmud Şəbüstəri, Bağır, Vaqif Molla Nəsrulla Xalaxali, Vicdan Mirzə Bağır Qazızadə Təbrizi, Vüqun Məhəmməd Şərif Təbrizi, Vüsali, Qasımxan, Şah İsamayıl Xətai, Qəni Təbrizi, Məhjəmməd İbn İzəddin İbn adil İbn yusif Təbrizi, Fani Mirzə Həsən Zunuzi, Fəzləli Təbrizi, Nəimi Şah Fəzlullah İbn Əbu Məhəmməd Təbrizi, Heyrət Şeyxürrəis, Hümam Təbrizi, Qətran Təbrizi, Məlikmahmud Təbrizi, Qiyasəddein Köcəc, Qövsi, Dərviş Kahin, Səfiyəddin Ərdəbili, Həqiq, Dəruni, Ürfi Təbrizi, Məazi Ərdəşir İbn Həsən Təbrizi, Çələbi, Eynülqüzat Abdulla İbn Məhəmməd İbn Əli İbn Həsən İbn Əli Miyanəci, Həqiqri, Məczub Şərəfəddin Mirzə Məhəmməd İbn Məhəmmədrza Təbrizi, Təsir, Səhvi, Fərdi Ərdəbili, Çələbi Məhəmmədrza Paşa Təbrizi, Xətib Əbu Zəkəriyya Yəhya İbn Əli Təbrizi, Çələbibəy, Əbdüssəməd Nizaməddin Təbrizi, Əbülfət İshaq Səfiəddin İbn Şeyx Əminəddin, Ümdə, Cəbrayıl İbn Qütbəddin Saleh İbn Məhəmməd Hafiz İbn Əvəz Əlxas İbn Firuzşah İbn Məhəmməd Şərəf Şah, Tövfi, Rəhmət, Səfai Təbrizi, Şah Təhmasib, Məczubəlişah Mücrim Marağayi, Əbdülhadi, Əvbhədi, İnşa Mirzə əbdülbaği Təbrizi, Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili, Məftun, Tərzi Əfşar, Əlqas Mirzə, Əlirza Təbrizi, Məhəmməd Hənəfi Təbrizi, Əminəddin Təbrizi, Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi, Ətiqi Təbrizi, Əhməd İbn Məhəmməd Təbrizi, Səburi, Zərkub, Mülhəmi, İbrahim Mirzə Əbülfət, İbrahim Şəbüstəri, Saib Mirzə Məhəmmədəli Təbrizi, İlahi Ərdəbili, İlahi Təbrizi, İrəc Təbrizi, Yarəhməd İbn Hüseyn Ər-Rəşid Təbrizi, Yəqub, Yəqub Ərdəbili, Kazıma, Lütfi Təbrizi, Mahmud İbn Əbdülkərim İbn Yəhya Şəbüstəri Təbrizi, Salim Təbrizi və b. yüzlərlə sənətkar yetişdirən Cənubi Azərbaycan mühiti Azərbaycanda, o cümlədən bütün müsəlman Şərqində maarif və mədəniyyətin, elm və tərəqqinin çiçəklənməsində olduqca əhəmiyyətli rol oynayıb.
1941-1946-cı illərdə Pişəvərinin yaratdığı Milli Hökumət zamanı şübhəsiz ki, Cənubi Azərbaycan ədəbiyyatında bir sıra dəyişikliklər baş verib, ədəbiyyat da başqa sahələr kimi fars şovinizminin hər iki tərəfi kəsən iti qılıncından xilas olub, sərbəst, müstəqil, azad bir şəkildə fəaliyyət göstərməyə başlamışdı. Milli Hökumət dövründə yaranan poeziyanın da mündəricəsi, mövzusu, məzmunu tamamilə başqa şəkil almış, daha şah rejimininin sərt və kəskin tələbləri ilə yox, rahat bir şəkildə, yeni bir formada yaranan əsərlərin ümumazərbaycan ədəbiyyatı xəzinəsinə tövhələr verməyə geniş şərait yaratmışdı. Cənubi Azərbaycan şairləri bu dövrdə xalqın, yeni cəmiyyətin arzu və istəklərini əks etdirən əsərlər meydana gətirirdi. Lakin məlum olduğu kimi, bir sıra vətən xainlərinin satqınlığı, o cümlədən SSRİ-də yüksək vəzifə tutan Mikoyanın riyakarlığı ilə Milli Hökumət suqut etdi. Şübhəsiz, bu da ədəbiyyata, o cümlədən poeziyaya mənfi təsirini göstərdi. Şahın fərmanı ilə 1941-1946-cı illərdə yazıb-yaradan şairlərin böyük bir qismi təqib olunmağa, həbs edilməyə, zindanlara atılmağa başlandı. Məhz bu bu dövr, yəni 1946-cı ildən sonrakı dövr Cənubi Azərbaycan sənətkarları üçün olduqca çətin, ağır bir dövr idi. Ən böyük bəla burasında idi ki, onlar azadlığın artıq ətrini duymuş, onu yaşamışdılar və birdən-birə bu azadlıq onların əlindən qoparılmışdı. Bir sözlə, dövr çox ağır dövr idi, belə bir dövrdə xalqın arzu və istəklərini əks etdirmək, eyni zamanda zalım şahın qəsr-zindanlarında yatmamaq üçün şair mütləq yüksək mənəvi səviyyədə durmalı, olduqca zəngin biliyə mailk olmalı idi. Şah rejimi sənətkarları məhdudlaşdırıb dar çərçivəyə salırdı, dil, üslub, yazı ədası və təsvir cəhətdən bütün imkanlarını əlindən alırdı. Lakin yaradıcı insan ən ağır anlarda, ən çətin günlərdə yenə yaradıcı olaraq qalır, eyni zamanda bundan heç zaman hansısa bir təmənna güdmür. Qaranlıq zindanlarda olsa belə ac-acına, susuz-susuzuna yazıb-yaradır.
Bu, yaradıcı insanın şübhəsiz ki, vətənpərvərliyindən, torpaqsevərliyindən, xalqına, millətinə olan dərin, intəhasız məhəbbətindən irəli gəlməklə yanaşı həm də müasir dildə desək, bir növ onun xobbisidir. Yaradıcı insanın əlindən qələmi alınarkən o, susuz səhrada su axtaran məzluma, sudan bayıra atılmış balığa oxşayır. Lakin müdriklər demiş; "Zülm, əziyyət insanların iradəsini möhkəmləndirir və onlara yüksək mənəvi keyfiyyətlər bəxş edir."
1950-1980-ci illərdə yazıb yaradan Cənubi Azərbaycan şairlərini şahın qol-qabırğa qıran, sümük sındıran məngənəsi daha da güclü yaradıcılıq fəaliyyəti göstərməyə, daha artıq mənsub olduqları xalqa xidmət etməyə sanki bir təkan verdi. Daim qan və rəzalət püskürən şah özü də bilmədən bu dövr ərzində başda Şəhriyar olmaqla onlarla Cənubi Azərbaycan şairinin ümumazərbaycan ədəbiyyatı xəzinəsinə misilsiz töhfələr verməsinə səbəb oldu. Bütün əziyyətlərin, zülmlərin, haqsızlıqların altında yazıb yaratdılar, bir gün mənsub olduqları xalqın onları dəyərləndirəcəyinə əmin olub, heç nədən qorxmadan yazıb-yaratdılar, adlarını qızıl hərflərlə Azərbaycanın poeziya tarixinə yazdılar.



Vüqar Əhməd
professor