Söhrab Abdullahın “Gecikmiş görüş”ü Mədəniyyət

Söhrab Abdullahın “Gecikmiş görüş”ü

Onun şeirlərində insanın məhəbbəti, həyatı, Vətənə, torpağa sevgisi, lirik-fəlsəfi duyğusu və düşüncələri əks olunub


Abdullayev Söhrab İsa oğlu Qazax rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Orta məktəbi Muğanlıda bitirib. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, Qərb Universitetinin Uluslararası iqtisadiyyat və siyasət fakültəsini bitirib. İqtisadçı-politoloqdur. Siyasi fəaliyyətə 1987-ci ildən başlayıb. Əvvəlcə Orta Asiya Türk Cümhuriyyətləri ilə əlaqələrin qurulmasında iştirak edib. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə qoşulub. 1992-ci ildən AXC İcraiyyə Komitəsinin üzvü, AXC sədr aparatının işlər müdiri vəzifəsində çalışıb.
BAXCP-nin yaradılmasında təşkilat komitəsinin həmsədri olub. Hazirda BAXCP-nin bBaş katibidir. AXC hakimiyyəti dövründə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Onlarla aktual məqalələri Azərbaycan və Türkiyə mətbuatında dərc olunub. Ailəlidir, iki oğlu, iki qızı var.
Bu il yaradıcılıq sarıdan Söhrab Abdullah üçün uğurlu olub. Belə ki, "Gecikmiş görüş" adlı kitabı (Bakı, "Yazıçı" nəşriyyatı, 2015, 200 səh.) oxuculara təqdim olunub.
Nəşriyyatın direktoru Şəmsi Vəfadar, redaktoru prof. Məhərrəm Qasımlıdır.
Kitaba yalnız lirik şeirləri daxil edilib. Bu şeirlərdə insanın məhəbbəti, həyatı, Vətənə, torpağa sevgisi, lirik-fəlsəfi duyğusu və düşüncələri əks olunub.
Zeliha Abdulah kitaba ön söz yazıb: "Söhrab bəy gerçək sevgi və dostluq adamıdır. O, həyatını sevdiklərinə və Vətəninə həsr edib. Şairlik yönündən kitabı bir az gec çıxsa da, həyatı boyu duyğularını şeirlə ifadə edib. Söhrab bəy şeirlərində öz həyat fəlsəfəsini, yəni sevgisini yazıb. Həyatda o, heç nəyi asanlıqla əldə etməyib. Kiçik yaşında atasını itirib. Anasının çəkdiyi əziyyətli həyatı həmişə gözünün önündə tutub. Həyatı boyunca heç zaman həyatdan və sevgidən ümidini üzməyib".
O, Söhrab bəyin şeirlərindəki sevgi çağırışına diqqət çəkir:

Yolunu gözləyir könlümün gözü,
Nə olar, sevgilim, bir dolan da gəl.
Bitməyir sinəmin söhbəti-sözü,
Mənim könlüm kimi yaralan da gəl.

Yaxud da:

Çağırsan sel kimi axıb gələrəm,
Bəndi-bərələri yıxıb gələrəm.
Məzarda da olsam çıxıb gələrəm,
Canımı verərəm qolların üstə.

***

Söhrab Abdullahı təbrik edir, bir neçə şeirini oxuculara təqdim edirik.

Sevda yolunda

Bilməm bu sevdanın harasındayam?
Bir qərib dünyanın dizinə düşdüm.
Tülək tərlan uçdu, qarasındayam,
Bir karan itirdim, izinə düşdüm.

Xəyalım yollarda, könül intizar,
Hər keçən dəqiqəm mənə dərd yazar.
Nəşəm uçdu, hökm oxudu ahu-zar,
Yanan ocağının közünə düşdüm.

Zümrüd gözlüm, gülüşünü özlədim,
Əfkarlıydım, deyəmmədim, gizlədim.
Ayrılıqdan için-için ağladım,
Həsrət girdabının gözünə düşdüm.

Qovuşarıq deyə xəyal da qurdum,
Bir dərviş misalı arayıb durdum.
Dağlarda dolaşdım, çiçəkdən sordum,
Çöllərinə düşdüm, dizinə düşdüm.

Vüsalına qovuşsaydım nə dərdim,
Gül bağçandan nə qoxladın, nə dərdim?
Ölüm gəlsə mən könüllü gedərdim,
Bəlkə o dünyada yazına düşdüm.

Söhrab der ki, sənsiz hər yan ayazdı,
Mən ümmanam, axar sular dayazdı.
Fələk bu sevdayı alnıma yazdı,
Sərrafdım, sözbazın sözünə düşdüm.

***

Dəyməz

Sən dərdlə yüklənib qəlbimə dəymə,
Bu dünya gözünün yaşına dəyməz.
Danış, gül, şux yeri, başını əymə,
Sərvilər nazlanar, qəddini əyməz.

Bu dünya fitnəylə, fəsadla dolu,
Tanrıdır sınayan, göstərən yolu.
Bu fani dünyanın dövləti, malı,
Sənin bir incəcik telinə dəyməz.

Dərd gəlib gedəndir, sonu bilinməz,
Dərdliyə acınar, ancaq gülünməz.
Segisiz gözlərin yaşı silinməz,
Söhrab bu yoldadı, başqa yol bilməz.

***

Bu sevda

Bu sevda yandırıb-yaxır,
Yenə ondan bezəmmirəm.
Gözlərim yollara baxır,
Sənsizliyə dözəmmirəm.

Qoy dərdlərim sıralansın,
Sınıq könlüm paralansın.
Varsın ürək yaralansın,
Artıq sənsiz gəzəmmirəm.

Nədir bu ala-toranlıq?
Bu işin sonu qaranlıq.
Sular axır boz-bulanıq,
Süzgəcim yox, süzəmmirəm.

Dərd yetişdi soldan-sağdan,
Qar sorağı uca dağdan.
Bu nə bağdır, bu nə bağban,
Güllərimi üzəmmirəm.

Çağırıram, səsim çatmaz,
Sulanmasa, çiçək tutmaz.
Hey vurnuxur, yuxu tutmaz,
Gileyim çox, yazammıram.

Söhrabın uğur böcəyi,
Sən güllərin ən göyçəyi,
Dərib dağdan tər çiçəyi,
Saçlarına düzəmmirəm.