İlk kitabımız Mədəniyyət

İlk kitabımız

Bu 421 il qabaq olub…

1995-ci ildə Şərq-Qərb nəşriyyatı "İlk Azərbaycan kitabı" adlı dəyərli bir kitab nəşr etmişdi. Latın əlifbası ilə yayınlanan kitabın ingiliscə tərcüməsi də verilib. "İlk Azərbaycan kitabı"nın tərtib edəni tarix elmləri doktoru Aydın Xəlilov, məsləhətçisi xalq şairi Nəriman Həsənzadədir. Nəfis illüstrasiyalı kitab Azərbaycanda ilk mətbu əsərlərin yaranma tarixindən bəhs edir və Azərbaycan alimlərinin ilk kitab nəşrlərinin 400 ilinə həsr edilib. Bəs mətbəədə yayınlanan ilk Azərbaycan kitabı hansıdır? Bu suala kitabın tərtibçisi Aydın Xəlilov "Azərbaycanın ilk çap kitabları" adlı üç bölümlük yazısında "bu kitab ilk dəfə 1594-cü ilə Romanın "Mediçi" mətbəəsində nəşr edilən Nəsirəddin Tusinin "Təhriri-Öqledis" kitabıdır" cavabını verir.
"Təhriri-Öqledis" 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən "Təhriri-Öqledis" əsəri 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə Tehranda nəşr olunur. "Təhriri-Öqledis" kitabının bu qədər maraq doğurmasının səbəbi nə idi və Nəsirəddin Tusi kim idi? Azərbaycanın elm və ədəbiyyat tarixində müstəsna yeri olan Nəsirəddin Tusi haqqında xeyli araşdırmalar aparılıb, əsərləri nəşr edilib. Araşdırmalar içərisində Həbibulla Məhəmmədbəylinin 1957-ci ildə Azərbaycan dilində yazdığı "Nəsirəddin Tusi" əsəri, yenə həmin müəllifin 1961-ci ildə rus dilində nəşr etdirdiyi "Marağa rəsədxanasının qurucusu Nəsirəddin Tusi" kitabları, professor Rəhim Sultanovun fars dilindən tərcümə edərək, müqəddimə və şərh yazdığı "Əxlaqi-Nasiri" kitabı N.Tusi haqqında dəyərli mənbələrdir.
Prof. H.Məmmədbəyli elmi ədəbiyyat kataloqunda "Nəsirəddin Tusi", "Xoca Nəsirəddin Tusi" adı ilə 76 əsərin qeyd edildiyi və bu əsərlərin sənət, musiqi, tarix, coğrafiya, tibb, ədəbiyyat, riyaziyyat, nücum, ilahiyyat, məntiq, psixologiya kimi sahələrə aid olduğunu, "Zici-Elxani", "Əxlaqi-Nasiri", "Tənsiqnameyi-Elxani" ("Cavahirnamə"), "Şərhül-İşarət", "Təhriri-Mecasil", "Şəklül-Gita", "Təhriri-Öqlidis" əsərlərin bunlardan bir neçəsi olduğunu qeyd edir.
Göründüyü kimi, Nəsirəddin Tusi (1201-1274) orta əsrlərdə Azərbaycanın elm və ədəbiyyat sahəsində yetişdirdiyi görkəmli bir riyaziyyatçı, astronom və əbədiyyat alimidir. 1201-ci ildə Həmədan şəhərində dünyaya gələn, sonralar Nəsirəddin Əbu Cəfər Muhammed ibn Muhammed əl Tusi kimi tanınan alimin əsl adı Muhəmməd, atasının adı Muhəmməd, babasının adı isə Həsən idi. Azərbaycanda xalq arasında ona Nəsir Tusi deyilərmiş. Tədqiqatçıların fikirlərinə görə o, gəncliyini və təhsil illərini Xorasanın Tus şəhərində keçirdiyi üçün özünə belə bir ləqəb götürüb.
Yaşadığı dövrdə "Elm ölkəsinin şahı" kimi şərəfli ad qazanan Nəsirəddin Tusi Marağa Rəsədxanasının qurucusu, yalnız Azərbaycanın deyil, Şərqin nüfuzlu bir alimi olaraq diqqət mərkəzində olub. Maraqlıdır ki, Marağa Rəsədxanasının tikilməsi XIII əsr monqol istilası dövrünə təsadüf edir. Odur ki, Marağada Nəsirəddin Tusinin rəsədxanasının tikilməsi üçün bir çox rəvayətlər və mülahizələr var. Bu rəvayətlərdən biri də alimin Hülakü xanla münasibəti, rəsədxana üçün ayrılacaq vəsait üçün Hülakü xanla çox incə bir siyasətlə apardığı söhbətlə məqsədinə nail olmasıdır. Bu barədə Həbibulla Məmmədbəyli "Mühəmməd – Nəsirəddin Tusi" kitabında yazır: "Elə ki, Marağada tikiləsi rəsədxananın məsarifi haqqında Xacə Nəsirəddin Hülakü xana söhbət açdı və Hülakü təəccüblənib söylədi ki, bu ulduzlar elminin nə faydası var ki, rəsədxanaya bu qədər pul xərc oluna? Həmin suala Nəsir bu növ cavab verdi: İcazə ver belə bir iş görsünlər. Hamıdan xəbərsiz bir şəxs qoy bu dağın başına qalxsın və kimsənin xəbəri olmadan bir teşti üzüaşağı buraxsın. Və belə də etdilər. Teşt üzüaşağı düşdükdə çox böyük hay-küy saldı və buna görə də aşağıda qoşun içərisində bir vahimə və təlatüm əmələ gəldi. Elə bildilər ki, düşmən qoşunu onların üzərinə hücum edir. Nəsir və Hülakü xan isə sakitcə bu hadisəni seyr edirdilər. Bu halda Nəsir Hülaküyə dedi ki, görürsünüzmü, bizə bu hadisə və onun səbəbi məlum olduğu üçün biz sakit, əsgərlər isə xəbərsiz olduqlarına görə çox narahat olublar. Bu qayda üzrə də Yer üzərində sakit yaşamaq istəyirsənsə, göy hadisələrini öyrənmək lazımdır.
Bu cür sadə, lakin əyani yolla Nəsirəddin Hülakü xanı məcbur etmişdi ki, Marağa rəsədxanası üçün lazım olan xərci versin. N.Tusinin Marağa rəsədxanasında mötəbər bir kitabxana qurduğuna da "İlk Azərbaycan kitabı"nın tərtibçisi Aydın Xəlilov diqqət çəkərək yazır: "Dünya əhəmiyyətli Marağa rəsədxanasının və onu elmi ədəbiyyatla təmin etmək üçün külli miqdarda əlyazma abidələrini toplayıb 400 min nüsxəlik fondu olan kitabxananın təşkili də Tusinin adı ilə bağlıdır".
Tarixi həqiqətlərə istinad edən kitabın tərtibçisi İtaliya riyaziyyat alimlərinin Nəsirəddin Tusinin "Təhriri-Öqlidis" əsərinin Romada çap olunması 400 illik tarixinə diqqət çəkərək yazır: "Qərbi Avropa səyyahlarının Asiya ölkələrinə səyahətlərinin marşrutları əksər hallarda Azərbaycandan keçdiyindən, onlar Təbrizdə də dayanıb və Marağa rəsədxanası alimlərinin elmi nailiyyətlərindən xəbərdar olublar. Sözsüz ki, rəsədxana rəhbəri Nəsirəddin Tusinin əsərləri İtaliya səyahətçilərinin marağından kənarda qala bilməzdi… İtaliya riyaziyyatçıları Nəsirəddin Tusinin "Təhriri-Öqlidis" əsərini əldə edib çap etdiriblər. Hazırda Azərbaycan aliminin bu əsərinin 123 nüsxəsi dünyanın 32 kitab xəzinəsində mühafizə olunur".
Kitabın tərtibçisi böyük zəhmət hesabına topladığı elmi araşdırmalara əsaslanaraq, N.Tusinin nəşr olunan bu kitabından sonra Azərbaycanın elm və ədəbiyyat xadimlərinin dünyanın bir çox ölkələrində yayınlanmış əsərləri haqqında da məlumat verərək yazır: "XVII əsr tarixçisi, milliyyətcə azərbaycanlı Oruc bəy Bayatın "İranlı Don Juanın kitabı"nın (1604) ispan dilində İspaniyanın o vaxtdakı paytaxtı Valyadoliddə, İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" (1835) əsərinin fransız dilində Varşavada, A.Bakıxanovun "Qanuni-Qüdsi" əsərinin fars (1831) və rus (1844) dillərində Tiflisdə, Nizami Gəncəvinin "Sirlər xəzinəsi" (1844) əsərinin Londonda, Mirzə Kazım bəyin "Türk-tatar dillərinin qrammatikası" əsərinin Kazan (1846), Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsərinin fars dilində Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabının Berlində (1851) nəşrini nümunə göstərmək olar".
"İlk Azərbaycan kitabı"nda Azərbaycanın ən qədim əlyazmaları haqqında da qiymətli məlumatlar var. Kitabda bu gün elm aləminə məlum olan VII əsrə aid "Dədə Qorqud"un əlyazma nüsxələrinin "Almaniyanın Drezden və İtaliyanın Vatikan kitabxanalarında mühafizə edildiyini, XI-XII əsrdə yaşamış Azərbaycan alim və şairləri  Qətran Təbrizi, Bəhmənyar, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Mücirəddin Beyləqanlı kimi ünlü şair və alimlərin günümüzə gəlib çatan əsərləri, o dövrdə Azərbaycanda əlyazma kitablarının mövcudluğundan xəbər verir. Bu əsərlərin ən qədimlərindən biri 1220-1225-ci illərdə üzü köçürülmüş və hazırda Paris Milli Kitabxanasında saxlanılan Təbərinin "Quranın şərhi" əsəri, XIII əsrin əvvələlrində Əyyubinin "Vərqa və Gülşah", Xətib Təbrizinin "Şərhi-Divani-Həman" (1256) Əlləaddin Güveyninin "Monqol tarixi" (1290) kimi əsərlərin əlyazma nüsxələrinin mövcudluğundan xəbər verir.
"İlk Azərbaycan kitabı"ndan onu da öyrənmək olar ki, dünya kitabxanasında Nizami Gəncəvinin "Xəmsə"sinin 792 və Füzulinin əsərlərinin təxminən 800 əlyazma nüsxəsi mühafizə edilir. Tərtibçi eyni zamanda orta əsrlər Azərbaycan ədəbiyyatının varlığından xəbər verən Azərbaycan mətbəə tarixindən və mətbəələrdə çap olunan kitablar haqqında da ətraflı məlumat verir. Maraqlıdır ki, tərtibçi ilk Azərbaycan mətbəəsinin 1819-cu ildə Təbrizdə qurulduğunu və bu mətbəədə ilk mətbu kitabın 1819-cu ildə Mirzə İsanın İran-Rusiya müharibəsindən bəhs edən "Cahadiyyə" əsəri olduğunu yazır və sonra Təbrizdə daşbasma üsulu ilə Füzulinin "Leyli və Məcnun" (1819), 1835-ci ildə Şuşada, 1874-cü ildə Gəncədə, 1887-ci ildə Şamaxıda, 1892-ci ildə Bakıda və ayrı-ayrı vaxtlarda Azərbaycanın digər şəhərlərindəki nəşrlərindən bəhs edir.
Çox böyük bir tarixi əks etdirən "İlk Azərbaycan kitabı"nın son səhifələrində Azərbaycan və ingilis dillərində alt yazı verilməklə orta əsrlərdən başlayaraq çap olunan Azərbaycan kitablarının fotosurətləri də verilib.


Maarifə Hacıyeva
professor