Moskvada Azərbaycanla bağlı tədbir Mədəniyyət

Moskvada Azərbaycanla bağlı tədbir

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranmasının 5 illiyi qeyd olunub

Rusiya paytaxtında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranmasının 5 illiyi münasibəti ilə təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Dövlət Linqivistika Universitetində (MDLU) keçirilən tədbirdə universitet rəhbərliyi, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konrqesinin, Heydər Əliyev Fondunun nümayəndələri, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə ilk öncə MDLU nəzdində olan Mərkəzin yaranma tarixi və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan MDLU-nun rektoru, akademik İrina Xaleyeva mərkəzin yaranmasının 5 illiyi münasibətilə universitet kollektivini təbrik edərək, mərkəzin rəhbəri Bella Musayevanın bu işdə xüsusi xidmətlərini vurğulayıb. Onun sözlərinə görə, bu önəmli və uğurla fəaliyyət göstərən mərkəzin yaradılması Bakı Slavyan Universiteti ilə bəhrəli əməkdaşlığın və onun keçmiş rektoru, professor Kamal Abdullanın hərtərəfli dəstəyi nəticəsində mümkün olub.
İ. Xaleyeva həmçinin Azərbaycanın Rusiyadakı Səfirliyi və Rusiya paytaxtındakı Azərbaycan ictimai təşkilatları ilə əməkdaşlığın yüskək səviyyədə olduğunu söyləyib: "Azərbaycan xalqının zəngin tarixi və mədəniyyəti, müasir Azərbaycanın sürətli inkişafı, Rusiya və Azərbaycan arasındakı dost və qonşuluq münasibətləri, eləcə də bir çox başqa amillər Azərbaycana, onun dilinin öyrənilməsinə və mədəniyyətinin mənimsənilməsinə marağın artmasını tam təbii edir".
Mərkəzin rəhbəri, professor Bella Musayevə tədbirə gələn qonaqlara təşəkkürünü bildirib. Mərkəzin 5 illik fəaliyyəti ilə bağlı danışan B.Musayevə rusiyalı tələbələrə Azərbaycan dili və mədəniyyətini öyrətməyin qürurverici olduğunu söyləyib.
Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov çıxışında bu cür mərkəzin Moskvada yaradılması və onun uğurlu təcrübəsinin MDB və Avropanın digər ölkələrində də analoji mərkəzlərin açılması üçün böyük stimul olduğunu söyləyib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun təbrik məktubunu səsləndirib. Məktubda səfir Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin Azərbaycana maraq və rəğbətlə yanaşanları özünə cəlb edən və birləşdirən vahid bir məkana çevrildiyini söyləyib.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Haciyev Konqresin prezidenti Məmmədbağır Əliyevin təbriklərini çatdırıb. Rusiyada Azərbaycan dili və mədəniyyətinin məhşurlaşmasında Mərkəzin önəmli rolunu vurğulayan İ. Hacıyev ÜAK nəzdində yenicə açılmış Azərbaycan dili məktəbindən danışıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin ictimaiyyət və KİV-lə əlaqələr şöbəsinin müdiri Tamilla Əhmədova çıxışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə Fondun qarşılıqlı faydalı əməkdaşlığından bəhs edib.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev isə Heydər Əliyev Fondunun vitse-prezidenti, təşkilatın sədri Leyla Əliyevanın adından Mərkəzə Azərbaycan milli geyimini hədiyyə edib.
Tədbirin sonunda MDLU tələbələrinin ifasında maraqlı bədii-konsert proqramı təşkil olunub. Eyni zamanda Azərbaycan milli mətbəxinin nümunələri qonaqlara təqdim edilib.