Patrisiya Kaas dünya turnesi çərçivəsində Bakıda çıxış edəcək Mədəniyyət

Patrisiya Kaas dünya turnesi çərçivəsində Bakıda çıxış edəcək

Oktyabrın 18-də, saat 20:00-da, Bakıda Heydər Əliyev Sarayında dünya şöhrətli fransız müğənni Patrisiya Kaasın konserti keçiriləcək. P.Kaasın həyatı bizim onun sevdiyimiz və bildiyimiz musiqisi kimi gözəl və dramatikdir. O, ağır həyat yolu keçib. Saarbrükken kabaresində çıxış etmiş mədən işçisi ailəsinin gənc müğənnisi satılmış 18 milyon ədəd diski və xeyli sayda pərəstişkarı olan dünya ulduzu səviyyəsinə qədər yüksəlməyi bacarıb.
30-cu illərin böyük qadınları – Marlen Ditrix və Qreta Qarboya həsr olunmuş "Kabaret" (2008) və şanson əfsanəsi Edit Piafın gözəl mahnılar toplusu – "Kaas chante Piaf" (2013) albomlarının uğur qazanmasından sonra P.Kaas yeni əsərlərlə qayıdır. Fransız müğənni ilə bütün dünyanı dolaşan bu albomlar səhnə tamaşalarına çevrilib. Müğənni bu dəfə Bakı tamaşaçılarına yeni "Patricia Kaas" albomundan ən yaxşı xitlərini və kompozisiyalarını təqdim edəcək. Bu, son 13 ildə ilk dəfə olaraq özündə yalnız yeni mahnıları birləşdirən onuncu studiya albomudur. Bununla da müğənni plastinkanın çıxması və dünya turnesi ilə özünün görkəmli karyerasında yeni səhifə açır.
Xatırladaq ki, P. Kaas 2014-cü ilin mayında fransız divası E.Piafın xatirəsinə həsr olunmuş "Kaas Chante Piaf" ("Kaas Oxuyur Piaf") adlı konsertlə çıxış etmişdi. Səsi ilə təxəyyülləri heyran edən, zərif bədən quruluşu və tam ovsunlayıcı və özünə çəkən baxışı olan eleqant və emosional qadın bakılılara əsl unudulmaz gecə bəxş edib. Bu dəfə isə qonaqları təkrarolunmaz P.Kaasın unudulmaz şousu gözləyir. Biletləri şəhərin bütün kassalarında və "ASAN Xidmət" mərkəzlərində əldə etmək olar.