Şirvan elinin folklor fədaisi Mədəniyyət

Şirvan elinin folklor fədaisi

Ötən yüzilin 90-cı illəri Azərbaycan folklorşünaslıq elmində bir çox yenilikləri ilə yadda qaldı. Əvvəla, Azərbaycanın ictimai-siyasi həyatında gedən proseslər filoloji fikrin digər sahələrində olduğu kimi, folklorşünaslıq elmindən də yan keçmədi, bu sahədə həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyi baş verdi. Folklorşünaslığa açıqfikirli gənclər dəstəsi gəldi, yeni, daha aktual, vaxtilə sovet rejiminin imkan vermədiyi mövzulara müraciət başlandı. Məhz belə bir dönəmdə hal-hazırda Azərbaycan folklorşünaslığının aparıcı tədqiqat istiqamətlərindən birinin əsası qoyuldu – Azərbaycan folklorunun regionlar üzrə tədqiqinə start verildi. Bu işin başlanğıcı çox da asan olmadı. Təbii ki, hər bir yenilik kimi, folklorun regional xüsusiyyətlərinin öyrənilməsi də ilk vaxtlar birmənalı qarşılanmadı. Və bu mərhələdə həmin mövzunu dissertasiya səviyyəsində öyrənmək də hər igidin işi deyildi. Belə bir mürəkkəb dönəmdə belə bir ağır yükün altına girən elm fədailəri var idi. Və onlardan birincisi də filologiya üzrə elmlər doktoru Seyfəddin Həmzə oğlu Qəniyev oldu.
Beləliklə, çağdaş dönəmdə folklorşünaslığın ən uğur qazanan və maraq doğuran istiqaməti olan regional folklorun tədqiqat cığırını açmaq Seyfəddin müəllimin qismətinə düşdü. Həmin illərdə Şirvan folklor mühitini dissertasiya səviyyəsində tədqiq edib sanballı bir tədqiqat əsəri yaradan tədqiqatçının çoxlu sayda hücumlara məruz qalması o zaman bu sahədə çalışanların yaxşı yadındadır. Amma Seyfəddin Qəniyevin inadkarlığı, seçdiyi yolun düzgün olduğuna əminlik "Regional folklorun öyrənilməsi Azərbaycanı bölgələrə bölmək deməkdir" kimi primitiv bir təfəkkürlə regional folkloru uzaqlaşdırmağa çalışanlara tutarlı cavab oldu.
Sözümüzə uzaqdan başladıq. Məqsəd filologiya üzrə elmlər doktoru, çağdaş Azərbaycan folklorşünaslığının ən zəhmətkeş nümayəndələrindən olan Seyfəddin Qəniyevin elmə asanlıqla və rahatlıqla gəlmədiyini göstərmək idi. Əvvəla, Seyfəddin müəllim elmə gələnədək artıq uzun illər yetirməsi olduğu Şirvan folklor mühitinə hər səviyyədə mükəmməl bələd idi, uzun illər Şirvanı qarış-qarış gəzərək genişhəcmli folklor materialı toplamağa müvəffəq olmuşdu. O, zaman-zaman həmin materialları kitab şəklində nəşr etdirərək geniş oxucu kütləsinə çatdırır, Şirvan elinin söz sənətini təbliğ etməkdən yorulmurdu – "Şirvan aşıqları. Bakı: N.Tusi ad. ADPU, 1993; Şamaxı (şərikli). Bakı: Birlik, 1994; Şirvan şairləri (şərikli, məlumat kitabçası). Bakı: ADPU, 1994; "Beytüs-Səfa" davamçıları. Bakı: ADPU, 1994; Bu yol Şirvan yoludur (şərikli). Bakı: ADPU, 1994; Şirvan folklor antologiyası (şərikli). Bakı: ADPU, 1994; Övliyalar, ziyarətgahlar, müqəddəslər və din xadimləri. Bakı: ADPU, 1995; Sənətdə yaşayan ömürlər. Bakı: ADPU, 1995; Mən bu elin oğluyam. Bakı: ADPU, 1995; Dağdan ağır elim var (şərikli). Bakı: ADPU, 1996; Şirvanın qadın şairləri (şərikli). Bakı: ADPU, 1996 və s.)
Amma mövzunu təsdiqlədərək doktorluq dissertasiyası səviyyəsində həmin mühiti tədqiq etmək Seyfəddin müəllim üçün toplanan materialları elmi dövriyyəyə daxil etmək məqsədini daşıyırdı. Seyfəddin Qəniyevin "Şirvan folklor mühiti" mövzusunda dissertasiyası mükəmməl folklor bazası əsasında hazırlanmışdı. Dissertasiyaya qədər çap olunan kitablar alimin professional folklor toplayıcısı olmasını sübut edirdisə, bu tədqiqat işi Seyfəddin Qəniyevin savadlı bir folklorşünas olduğunu da sərgilədi. Təsadüfi deyil ki, üstündən 20 il keçməsinə baxmayaraq çağdaş dönəmdə də folklorun regional xüsusiyyətlərinə həsr olunmuş tədqiqat işləri üçün Seyfəddin müəllimin bu sahədə "pioner" olan dissertasiyası fənər, yol göstərən rolunu oynayır.
Filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyevi mübaliğəsiz olaraq Mahmudbəy Mahmudbəyovun xələfi adlandırmaq olar. Professor XIX əsrin sonlarında Şirvan folklorunu toplayaraq rus mətbuatı səhifələrinə çıxaran M.Mahmudbəyovun açdığı yolu uğurla davam etdirir. Seyfəddin Qəniyev son 30 ildə Azərbaycan folklorşünaslığının ən məhsuldar nümayəndəsidir. Onun çap etdirdiyi əsərlərin siyahısına nəzər yetirəndə heyrətlənməmək mümkün deyil. Şirvan aşıq mühitinin elə bir nümayəndəsi qalmayıb ki, Seyfəddin müəlim onun irsinə müraciət etməsin, onu üzə çıxarmasın və folklorşünaslıq aləminə tanıtmasın. Onun tədqiqat arealı günbəgün genişlənir, Şamaxı ilə məhdudlaşan sərhədləri aşaraq bütün Şirvan regionunu əhatə etməyə başlayır. Onun hər bir kitabı uzun axtarışların, gərgin zəhmətin nəticəsidir. Çünki Seyfəddin müəllimin kitabları kitabxanalarda, rahat kabinetlərdə, isti çayın müşayiəti ilə yazılmır. Dağlarda, dərələrdə, yollarda, kəndlərdə keçən əziyyətli günlərin, ayların illərin uğurlu nəticəsi kimi meydana çıxır.
Bu gün də Seyfəddin müəllim bu ağır yolunu davam etdirir, heç bir maddiyyat güdmədən xalqın söz sənətini yaşadan el şairlərini və aşıqları, sinədəftər insanları tapır, üzə çıxarır, onların söz xəzinəsini toplayır, gərgin zəhmətlə bu irsi sistemləşdirir və çap etdirir. Çağdaş Azərbaycan folklorşünaslıq elmi də məhz belə fədakar alimlərin çiyinləri üzərində var olur. Biz də Seyfəddin müəllimə Allahdan cansağlığı və uzun ömür diləyir və deyirik - Bu ağır yükün altına girmiş çiyinləriniz var olsun, Seyfəddin müəllim.
Afaq Xürrəmqızı