Aşıq sənəti bəşəriliyi təsdiq etdiyi üçün ölməzdir Mədəniyyət

Aşıq sənəti bəşəriliyi təsdiq etdiyi üçün ölməzdir

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın imzası artıq Azərbaycan ictimai mühitində aşıq sənətinin araşdırıcılarından biri kimi tanınmaqdadır. Onun Qazax aşıq mühiti ilə bağlı araya-ərsəyə gətirdiyi kitablar sabahımız üçün bu sahədə dəyərli soraqlar sayıla bilər.
İ.Qəsəbova ardıcıl olaraq yaradıcı əhvalla yaşayır: doğulub boya-başa çatdığı Qazax mühitinin ab-havasını hər mənada gözəl öyrənib. Bu qədim elin Azərbaycan tarixi, ədəbiyyatı, aşıq sənəti, ümumən mədəniyyətimizlə bağlı zəngin soraqlarını öyrəndikcə seyrçi qalmayıb, olanları qorumağa, yaşadıb-artırmağa çalışıb. Bu istək İlhamə xanımın Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialıında müəllim kimi çalışdığı illərdə daha da ciddiləşib. Nəticədə illər ərzində onun bu silsilədən kitabları meydana gəlib. Onun "Qazax aşıq mühiti" kitabı isə Azərbaycan aşıq sənətinin bənzərsiz mühitlərindən olan Qazax aşıq mühitinin ilk dəfə akademik səviyyədə, sistemli araşdırılmasının sübutudur.
İ.Qəsəbova Azərbaycan aşıq sənətinin vurğunudur. Artıq 20 ildən çoxdur ki, bu sahədə tədqiqatlarını davam etdirir. Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edib, aşıq sənəti ilə bağlı elmi məruzələri maraqla qarşılanıb. Bu kitabda İ.Qəsəbovanın Aşıq Cəlal Qəhrəmanovla bağlı araşdırması oxuculara təqdim olunur. İlk dəfə geniş şəkildə elmi ictimaiyyət Aşıq Cəlalın mühiti, həyatı və yaradıcılığı ilə tanış olmaq imkanı əldə edir.
Aşıq Cəlalın ömrünün çiçəklənən vaxtında yaşamdan getməsi səbəbindən yaradıcı imkanlarını tam aşkarlaya bilməməsinin acısı, bununla belə şeirlərindəki gerçəkliyə bələdlik, əsasən qonşu Borçalı aşıqları ilə illərlə davam edən yaradıcı ünsiyyətin bəhrəsi olan deyişmələri və s. İ.Qəsəbovanın təqdimatında oxucuya doğma təsir bağışlayır.
İlhamə xanım Aşıq Cəlalın həyatı və yaradıcılığını oxucuya quru və səthi çatdırmaq istəyindən tamam uzaqdır. Kitabda ümumən Azərbaycan aşıq sənətinin ənənə özülündə keçib gəldiyi zəngin, bənzərsiz yola nəzər salınır, Qazax aşıq mühitində bu xəttin daşıyıcılarının kimliyi təqdim olunur. Buradan çıxan qənaət odur ki, Aşıq Cəlal Qəhrəmanov kimi aşığın yaranması təbii olaraq ciddi amillərlə - aşıq mühitinin formalaşması və inkişafı, Azərbaycan xalq ruhunun demək olar, bu və ya başqa bölgədə hər kəsin ağlında, ürəyində sevə-sevə qorunması ilə bağlı idi. Xalq ruhu – dərin, ülvi, ciddi, əbədi bir hadisə olub, insanların ulusal ruha yiyəliyi, dərdəqayımlığı, bu ruhdan ayrı yaşaya bilməməsi ilə bağlı formalaşır, qədimlərdən əbədi sabahlara yol alır. Adətən minlərin, milyonların dərdini-kədərini, sevincini-fərəhini aşıq, şair, xanəndə xalq adlı mənəvi, yenilməz qüdrət adından bayatıda, şeirdə, mahnıda və s.-də ifadə və təmsil edir.
Kitabda ulusal ruhun ölməzliyi ideyası vurğulanır, Aşıq Cəlal Qəhrəmanovun ulusal zənginlikdən bəhrələnərək ortaya qoyduğu özünüifadə imkanları sayğıyla sadalanır, təhlil olunur, sabahkılara ərməğan olunur. Burdan çıxan sonuc isə fikrimcə, aşağıdakıdır: İnsanın yaratdığı gözəl nə varsa, ulusun adına yazılır. Ulusal olmayan sabahlı deyil.
Aşıq sənəti sabahlı ünvandır. Qoy Azərbaycan aşıq sənəti kimi zəngin, əbədi özül üzərində yeni, ciddi yaradıcı soraqlara imza atan aşıqlarımız yetişsin, ulusal varlığımızı həmişə təsdiq etsinlər. Türkün bağrından qopan, ruhunun yenilməz, bənzərsiz soraqçısı olan aşıq sənəti isə bəşəriliyi təsdiq etdiyi üçün ölməzdir.
İlhamə xanıma yeni yaradıcılıq uğurları diləyi ilə:

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru