“Azərbaycan əzmlə gələcəyə doğru baxır” Siyasət

“Azərbaycan əzmlə gələcəyə doğru baxır”

“İstər individual qaydada ayrı-ayrı dövlətlərlə, istərsə də regional və beynəlxalq təşkilatlarla münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün vacibdir. Cənab Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, qələbəni qoruyub-saxlamaq onu əldə etməkdən daha çətindir. Bu çətin prosesdə dostlarımızın sayını artırmalı, diplomatiyanın tələb etdiyi kimi düşmənlərimizi isə ən azından minimallaşdırmalıyıq. Qarabağ zəfərindən sonra Azərbaycanın nüfuzu artır, bunu gözü götürməyən qüvvələr olsa da Azərbaycan əzmlə gələcəyə doğru baxır. Bu baxış bucağında münasibətlərin yeni bir səhifədən inkişaf etdiyinin şahidiyik. Şahid olduğumuz bir digər məsələ Azərbaycana, onun Liderinə olan etimaddır. Bu isə diplomatiyada ən vacib məsələdir. Dövlətlərin coğrafi mövqeyi, sahib olduğu resurslar qədər tutulan mövqe, sərgilənən yanaşma son dərəcə vacib amildir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Ş.Həsənova qeyd edib ki, Azərbaycan istənilən tərəflə münasibətlərini qarşılıqlı etimad, dividentlərin əldə olunması üzərində qurur: “Burada əsas amil odur ki, tərəflər bir-birinin milli maraqlarına hörmət qoysunlar. Son baş verən proseslər regionda və dünyada mənzərənin kəskin gərginləşdiyini göstərir. Bu gərginlik fonunda Azərbaycan heç bir ziddiyyətlərə getməsə də öz siyasi iradəsindən də dönmür. Məsələ həm də ondan ibarətdir ki, dövlətimizin yürütdüyü siyasət ən barışmaz mövqedə dayanan aktorlar arasında belə uzlaşdırıcı funksiyanı yerinə yetirir. Bu yanaşma üzv olduğumuz təşkilatlar tərəfindən də müsbət dəyərləndirilir. Münasibətlərin dərinləşdirilməsində qarşı tərəflər nə qədər səy göstərirsə, Azərbaycan da öz növbəsində əməli addımlar atır. Bu baxımdan önəm verdiyimiz təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO). Bu təşkilat daxilində də Azərbaycan bir çox təşəbbüslərlə çıxış edir, dövlətlər arasında siyasi, iqtisadi olduğu qədər humanitar, mədəni, elmi olmaqla müxtəlif sahələrin inkişafını təşviq edir”.

Politoloq bildirib ki, ən önəmlisi odur ki, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir: “Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu coğrafiyada reallaşır ki, burada Azərbaycanın rolu xüsusilə vurğulanmalıdır. Digər bir faktı da nəzərə alsaq ki, ECO-ya üzv ölkələr Avropa və Çin arasında olan coğrafi mövqedə yerləşirlər, deməli, böyük bir coğrafiyanı əhatə edən dövlətlər arasında münasibətlərin dərinləşdirilməsi bir çox dövlətlərin və xalqların marağına xidmət edəcək. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Azərbaycanda, məhz Xankəndidə keçirilməsi ondan xəbər verir ki, vaxtında separatçılara yuva edilən bu torpaqlar artıq əməkdaşlığa, işbirliyinə xidmət edəcək. Azərbaycanın yanaşması da bundan ibarətdir ki, yürütdüyü siyasət, ərazisi dostluq məkanına çevrilsin”.

Röya İsrafilova