“Gözlərim qan ağlar intizarından”… Mədəniyyət

“Gözlərim qan ağlar intizarından”…

XX əsr Azərbaycan şifahi xalq ədəbiyyatının aşıq yaradıcılığı qolunda özünəməxsus yeri olan sənətkarlardan biri də Aşıq Şəmşirdir. Aşıq Şəmşir 1893-cü ildə keçmiş Cavanşir mahalının Dəmirçidam kəndində anadan olub. Onun atası Ağdabanlı Qurban da istedadlı aşıqlarımızdan olub. Şəmşirdə aşıqlığa həvəsi də məhz atası yaratmışdı. Çünki atası şeir məclisləri düzəldər və bura bir çox aşıqları, o cümlədən Aşıq Ələsgəri çağırarmış.
Aşıq Şəmşir klassik aşıqlarımızın yaradıcılığına bələd olan, "Koroğlu", "Abbas və Gülgəz", "Heydər bəy", "Ali xan və Pəri xanım", "Abdulla və Cahan", "Novruz", "Nəcəf və Pərzad", "Valeh və Zərnigar", "Məsi və Diləfruz", "Şah İsmayıl", "İbrahim", "Tahir və Zöhrə", "Xəstə Qasım" kimi dastanlarımızı sinədəftər danışan, 70-dən artıq klassik aşıq havalarını çalmağı bacaran sənətkar olub. Hüseyn Arif aşığın yaradıcılığına belə qiymət verib: "Şəmşir yaradıcılığı klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında qüdrətli bir keçidi, körpünü andırır".
Aşıq Şəmşirin yaradıcılığı, əsasən, 2 qrupa ayrılır: məhəbbət mövzulu və ictimai mövzulu şeirlər. Böyük sənətkarın yaradıcılığında Azərbaycan təbiətinə olan məhəbbət ayrıca yer tutur. Bu da təsadüfi deyil. Aşığın ilham mənbəyi Azərbaycanın füsunkar təbiəti: uca şiş qayalı dağlar, durnağözlü, bumbuz bulaqlar, qıjıltılı, əzəmətli çaylar, nəhəng, qaba palıdlar, zərif lalələr, bənövşələr olub. El aşığının yaradıcılığında dağ, çay, bulaq, yaylaq kimi təbiət "gözəlləri" böyük ustalıqla təsvir və tərənnüm olunur. Şeirlərindən məlum olur ki, böyük sənətkarın qayğısız uşaqlıq illəri dağlarda keçib:

Məndə məharətə, şərəfə bir bax,
Binadan gərəkdir mayak, təmtəraq.
Sürü otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.

Deməli, aşığın lap körpəlikdən dağlarla ünsiyyəti olmuş, onun yamaclarını, yovşanlarını, daşını, qayasını qarış-qarış gəzmiş, sürü otarmış, çobanlıq edib. Qoca çağlarında dağlara müraciət edən aşıq ondan keçmiş ustadları xəbər alır və xatırlayır:
Ha baxdım doymadım burcu-barından,
Gözlərim qan ağlar intizarından.
Çəkildi üstündən, quzey qarından,
Köhnə aşıqların karvanı, dağlar.
Məcnundan qalıbdır bu ah-nalalar,
Cəhd etdilər arzu-kamlar alalar.
Cavab verin gur bulaqlı talalar,
Neylədin o Növrəs İmanı, dağlar.

Aşığa Azərbaycanın bütün dağları doğma idi. Ömrü boyu Laçın, Kəpəz, Murov, Qoşqar kimi dağlardan ilham, vüqar, güc almışdı. Aşıq Şəmşir dağları o qədər sevir ki, hətta qorxur qışda onlara soyuq dəyə:

Gəl yetiş, novbahar, aman günüdü,
Zimistan əlindən qurtar dağları.
Boran, külək yaman qalxıb bu yerdə,
Qorxuram, bəd əsər, atar dağları.

El aşığının dağlara olan sevgisinin həddi-hüdudu yoxdur. Boranın, küləyin şiddətlənməsindən də təşvişə düşür. Qorxur ki, dağlara ziyan dəyə. Şəmşirin dağlara olan məhəbbəti sanki aşiqin məşuqəsinə olan sevgisinə bənzəyir:

Dağların eşqində olmuşam hələk,
Geyinir əyninə yamyaşıl köynək.
Köçəndə kaş mənə deyəydi fələk:
Götür özün ilə apar dağları.

Aşıq dağların eşqindən həlak olduğunu deyir. Hətta dağları o qədər qısqanır ki, fələkdən belə bir arzu edir: "Köçəndə kaş mənə dəyəydi fələk, Götür özün ilə apar, dağları". Aşıq Şəmşirin dağa olan sevgisi bənzərsizdir.

Yolu bir həqiqət yoludur Şəmşirin,
Eşqi, məhəbbəti boldu Şəmşirin.
Qolları çox uzun qoldu Şəmşirin,
Qucub ana kimi öpər dağları.

Necə gözəl arzudur! Şair dağları ana kimi öpüb oxşamaq, qucaqlamaq istəyir. Bu misraları aşığın dağlara olan sevgisinin dərinliyi göstərir. Aşıq "Bənövşə" şeirində bahar çağı dağları bəzəyən bənövşəni yada salır, ilk dəfə ədəbiyyatımızda bənövşənin boynubükük olmasını ustalıqla mənalandıran Aşıq Qurbaniyə işarə edir, onu yada salır:
Aşıq Qurbanidən qalıb nişana,
Torpaqdı bizə də, ona da ana.
Boynunu əyməsin pərişan yana,
Salmasın qəlbimi dərdə bənövşə.

"Dağdımı, dağdı" şeirində dağları dünyanın cənnət yeri hesab edir. Belə qənaətə gəlir ki, cənnət axtaran nahaq özünə əziyyət verib uzağa gedir. Əsl behişt, cənnət, gözəllik məskəni dağlardadır:
Niyə uzaq düşür cənnət axtaran,
Dünyanın cənnəti dağdımı, dağdı.
Dağlar bulağından sulanır aran,
Bitirən neməti dağdımı, dağdı.
Bu parçada çox böyük bir fəlsəfə var. Aydındır ki, dünyanın başlanğıcında, həyatın, yaşayışın əmələ gəlməsində su amili, su kultu əsas yer tutur. Su mövcudatın başlanğıcı hesab olunur. Maraqlıdır ki, çaylar, sular da öz başlanğıcını dağlardan götürürlər. Dağlarda buzlar əriyəndə çaylar əmələ gəlir və bu çayın suyu ilə də hər yer, o cümlədən aran torpaqları sulanır, cana gəlir, istifadə elədiyimiz nemətlər yetişir. Dədə Şəmşir bu misralarla dünyanın yaranmasında dörd ünsürdən biri olan suyun fəlsəfəsini böyük ustalıqla, sadə dildə izah edir. Aşıq dağlarda bitən, dağlara gözəllik gətirən "dağ gözəlləri"nin də təsvirindən, tərənnümündən yorulmur, usanmır:

Nədəndir lalanın bağrında qara,
Bu lətif çiçəyə kim vurub yara?
Qızılgül qəlbini yedirir xara,
Heyf ki, tez solur bir də bənövşə.
Alır yaz dumanı aranı, dağı,
Qımışır süsənin zərif dodağı.
Xallanır lalənin atlas yarpağı,
Əlvan olur yarpaqları indicə.

Aşıq hər gülün öz xüsusiyyətlərini, nişanəsini təsvir etməklə gözəl bədii lövhələr yaradır. Aşıq ömrünün sonuna yaxın ölümün gəldiyini hiss edir, təbiətin bütün nemətləri ilə halallaşıb vidalaşır. Bunu "Salamat qal" gəraylısında lap aydın görmək olar:

Ömür elədim, gəzdim sizdə,
Ay aran, dağ, salamat qal.
Alay qurdum Taxtadüzdə,
Yelli yaylaq, salamat qal.
Doğulduğum Dəmirçidam,
Sənə məndən bollu salam.
İçdiyim su, yediyim tam,
Qoşa bulaq, salamat qal.

Ömür eləyib gəzdiyi aranla, dağla, Taxtadüzü, Yelli yaylaqla vidalaşan Dədə Şəmşir doğulduğu Kəlbəcər rayonunun Dəmirçidam kəndini də yada salır, bollu salam göndərir. Qoşa bulağa, ömrü boyu içdiyi sulara, yediyi nemətlərə bir Vətən övladı, vətəndaş kimi naşükürlük eləmir, hamısından halallıq alıb ayrılır.
Sonrakı bəndlərdə Söyüdlü kəndi, Söyüdlü çayı, Qiblə bulağı, Ongöz bulağını yada salır, hətta çöl-çəpərlə, səsli qayalarla da sağollaşır: "Ana Vətən, gəl halallaş", "Ana torpaq, salamat qal" - deyən Dədə Şəmşir bir odlu-alovlu vətənpərvər aşıq kimi gözümüzdə dağ qədər ucalır.
"Bir halallıq alıb dağından, Dərəsindən ayrılıram" - deyən aşığın torpağına olan sevgisi intəhasızdır, dərindir:
Görəydim Ceyran bulağın,
Gəzəydim Taxta yaylağın.
Qaraarxac, Dəlidağın,
Sinəsindən ayrılıram.
Həsrətiyəm bu dağların,
Şirin, şərbət bulaqların.
Ağ sürülü ovlaqların,
Binəsindən ayrılıram.

Aşıq Şəmşirin təbiət təsvirli şeirlərində də yuxarıda sadaladığımız bədii keyfiyyətlərdən böyük ustalıqla istifadə olunmuşdur. Aşıq Şəmşir orijinal, gözəl təbiət təsvirləri yaratmaqda böyük ustaddır:

Al-yaşıl bəzənir yaylaqları yaz,
Bülbül bağçalarda eyləyir avaz.
Çayların üstündə çığrışanda qaz,
Göllərdə sonalar çimişəndə gəl.

Mahir sənətkar 4 misra ilə 4 gözəl bədii lövhənin təsvirini çəkir. Birinci lövhədə yaz gələndə al-yaşıl geyinmiş yaylaqlar, ikinci lövhədə bağ-bağçada avazla oxuyan bülbüllər, üçüncü lövhədə çaylarda çığırışan qazlar, dördüncü lövhədə göllərdə çimişən sonalar, yaşılbaş ördəklər təsvir edilib. "Çığrışanda", "çimişəndə" ifadələri isə şeirin dilinə şirinlik gətirir.

Buludlar karvanı dağdan aşanda,
Sellər köpüklənib qucaqlaşanda,
Quzular mələşib sızıldaşanda,
Körpəcə əmliklər əmişəndə gəl.

Aşıq ilk iki misrada bədii təsvir vasitələrindən olan metaforadan böyük ustalıqla istifadə edib. Bilirik ki, dağ aşmaq, qucaqlaşmaq hərəkətləri insana xasdır. Aşıq bu əlamətləri buludların, sellərin üzərinə köçürməklə güclü metafora yaradıb.

Qarabağ gözəli, bizim dağlara,
Zimistanın gözü yumşalanda gəl.
Buzlu bulaqların buzu sınanda
Nərgizin dodağı qımışanda gəl.

"Zimistanın gözü yumşalanda" deyərkən aşıq qışın qurtarmasına, çıxmasına işarə vurur. Zimistana göz qoymaq, əşyalara məxsus yumşalmaq keyfiyyətini onun üzərinə köçürməklə maraqlı metafora yaradır. Nərgizin duruşunu isə dodağın qımışmasına oxşadır.

"Dağdımı, dağdı" şeirində aşıq təşbehlərdən istifadə edir:

Niyə uzaq düşür cənnət axtaran,
Dünyanın cənnəti dağdımı, dağdı.
Dağlar bulağından sulanır aran,
Bitirən neməti dağdımı, dağdı.

Böyük sənətkar dünyanın dağlarını cənnətə oxşatmaqla çox güclü bir təşbeh, bənzətmə yaradıb. Bu iki əşya arasında oxşar əlamətlər çoxdur. Dağların xoş, təmiz havası, saf suyu, min bir dərdin dərmanı olan bitkiləri, zərif gül- çiçəyi yalnız cənnətlə müqayisə oluna bilər. "Dağları" şeirində də çox maraqlı metafora və mübaliğədən istifadə olunub:

Gəl yetiş, novbahar, aman günüdü,
Zimistan əlindən qurtar dağları.
Boran, külək yaman qalxıb bu yerdə,
Qorxuram bəd əsər, atar dağları.

Aşıq baharın gəlişini bir xilaskar kimi gözləyir. Baharı dağları zimistanın əlindən qurtaran xilaskara bənzətməklə metafora yaradır. Boranın, küləyin dağları qoparıb yerindən ata bilməsi isə, təbii ki, mübaliğədir. Bu mübaliğə nəzərdə tutulan fikri, ideyanı oxucuya çatdırmaq üçün gözəl vasitədir. Son misralarda nəzərə çatdırılan hadisələrin belə şişirdilməsi hiss-həyəcanı daha da artırır və mübaliğəyə səbəb olur. Çünki hamıya aydındır ki, əslində boran, külək dağları yerindən ata bilməz.

Nübar Həkimova
Filologiya üzrə elmlər doktoru