Uşaq ədəbiyyatının əhəmiyyəti Mədəniyyət

Uşaq ədəbiyyatının əhəmiyyəti

Uşaqların oxuduqları əsərlər onların inkişafına, sağlam mövqeyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərir. Çünki ədəbiyyat mühüm bədii-estetik və tərbiyəvi təsir vasitələrindəndir. Gənc nəslin tərbiyəsində ailə, məktəb nə qədər böyük rol oynayırsa, ədəbiyyat da bir o qədər mühüm əhəmiyyət daşıyır. Bir çox ədib və pedaqoqun uşaq ədəbiyyatı yaradılmasının vacibliyi haqqında fikirləri və səyləri hələ o dövrdən mövcuddur. Uşağın gözəl, doğru keyfiyyətləri bilməsi, inkişaf etməsi və fikirlər yürütməsi üçün müvafiq bədii ədəbiyyatı mütaliə etməsi vacib şərtlərdəndir.
Uşaq ədəbiyyatının uşaqların inkişafında mühüm əhəmiyyətə malik olması həmişə aktuallıq kəsb edib. Əvvəllər böyüklər üçün yazılmış əsərlərin məzmununa tabe etdirilmiş uşaq əsərləri sonralar ayrıca istiqamət təşkil etməyə başlayıb. Belə ki, XIX əsrin II yarısından başlayaraq həm Türkiyədə, həm də Azərbaycanda uşaqlar üçün bədii əsərlərin yaradılması sahəsində səylər göstərilib. Azərbaycanda dünyəvi təhsil məktəblərinin yaradılması sırf uşaqlar üçün əsərlərə ehtiyacın zəruriliyini meydana qoydu. XX əsrin əvvəllərindən isə istər təlim prosesində istifadə etmək üçün, istərsə də sinifdənxaric oxu məqsədi ilə uşaq ədəbiyyatı nümunələri sayca artıb, nəticədə uşaq ədəbiyyatının formalaşmasına gətirib çıxarıb. Bu dövrdə yazılan əsərlərdə bədii-estetik təsirdən daha çox sırf əxlaqi-mənəvi, təhsilləndirici, maarifləndirici təsir diqqəti cəlb edir.
XX əsrin başlanğıcında dərc olunan uşaq şeirlərində onlar elmə, biliyə istiqamətləndirilir, tənbəllikdən uzaq qaçmaları tövsiyə edilir. 1911-ci ildə Əlisəttar İbrahimovun "Məktəb" jurnalında çap olunmuş şeirində elmli, bilikli olmağın vacibliyi bədii şəkildə çox məharətlə ifadə olunub. Həmin şeirdən bir neçə misraya diqqət yetirsək, bunu əyani olaraq görə bilərik.

Çapuq get dərsə, məktəbli,
Çalış, səy eylə, təhsil et.
Unut tənbəlliyi, kəsli,
Ülumu dinlə, təkmil et.
Usanma rəncü möhnətdən,
Çalış, dərsə davam eylə.
Şikayət etmə üsrətdən,
Səbur ol, kəsbü kar eylə.
Acınma, gər qəza etmiş
Səni yoxsul, cəfadidə.
Məgər əhli-səxa bitmiş,
Və ya yoxmu bu vadidə?
Yəqin var, eylə sən qeyrət...

Burada bir yandan uşaqlara təhsilin əhəmiyyəti açıqlanır, digər tərəfdən imkansız uşaqlara, gənclərə kömək etmələri üçün böyüklərin də səxavətli olmaları nəzərə çatdırılır. "Görəsən, heçmi səxavət sahibi insan qalmayıb və ya bu ölkədə heç belə insan olmayıbmı?" suallarını verərək, yazıçı onu oxuyan böyüklərin bir sualı özlərinə verib, cavab tapmalarını istəyir. Ə.İbrahimovun son bənddə "Sən oxumağa səy göstər, mütləq bir səxavət sahibi çıxıb sənin xərcini ödəyəcək", - deməsi uşaqların əhval-ruhiyyəsini yüksək tutmalarına imkan yaradır.
Mehmet Akif uşaq ədəbiyyatı üçün əsərlər yazmasa da, böyüklər üçün yazdığı əsərlərdə uşaq həyatını, arzusunu, kədərini ifadə edir. O, əsərlərindən birində Asim adlı gənc nəslin təmsilçisinə xitab edir. Şair Asimin timsalında gənc nəslin necə tərbiyəyə sahib olmalarının vacibliyini başa salır. Şeir Mehmet Akifin ona və bir neçə dostuyla bərabər "bilim pınarlarının sularını gətirmələri" üçün Almaniyaya getmələrini tövsiyyə etməsiylə sona çatır: "Gedin, yüz illik elmi yenidən gətirin".
Mehmet Akif o dövrdə Avropaya təhsil almağa gedən, ancaq təhsildən çox Avropa həyatını öyrənən və avropalı kimi hərəkət etməyə çalışan gənclərə belə səslənirdi. O, dövrün savadlı gənclərinin Avropa mədəniyyətinin içində boğulub qaldıqlarını ürək ağrısıyla vurğulayır. Buna görə də Asimin nəslinə səslənir.
Şair böyüyən nəslin çalışqan olmasının vacibliyini, ancaq çalışaraq istədiyi hər şeyi əldə edə biləcəklərini söyləyir. Məqsəd və çətin şərtlər altında yetişən uşaqları həvəsləndirmək, onlara ümid verməkdir. Şair gənc nəslə ümidlərini itirməyib, daima çalışmalarını tövsiyə edir. Mehmet Akif "Kölgələrdə gənclik" (1919) şeirində yazır:
Doğulduq, "yaşamaq yox sizə!" deyərlərdi beşikdən,
Dünyanı qəbiristanlıq bilərək endik eşikdən...
Mehmet Akif ölkənin gələcəyi ilə maraqlanan gənclərin yetişdirilməsinin vacibliyini önə çəkib. Mehmet Akifin bu şeiri ilə üst-üstə düşən və ümidsizlikdən uzaq olub, çalışıb milləti düşdüyü vəziyyətdən çıxarmağın vacibliyini göstərən Rəşidbəy Əfəndizadə də eyni nöqtəni vurğulayıb. Bilikli olmaq, elmlə yüksəlmək bu milləti qurtaracaq tək amildir. Buna görə də ailələrdə bütün oğlan və qızlar buna istiqamətləndirilməli, savadlı, bilikli nəsil yetişdirilməlidir. R.Əfəndizadə də gələcəyin qurucularını, xüsusilə də qızları qabaqcıl elmlərə yiyələnməyə çağırırdı:

Ya gərək məhv olaq, batıb qırılaq,
Ya gərək elm alıb, duraq ayağa.

A.Səhhət isə "Dəvət" şeirində elmi "sərçeşmeyi-abi-həyat" kimi qiymətləndirir. "Nidayi-millət" şeirində Mehmet Akif kimi həmin nöqtələrə toxunur və millətin gedişatından narahatsızlıqlarını bildirib, ictimai şüurun geriliyini, nadanlıqdan törəyən bədbəxtlikləri nəzərə çatdırır, bu bədbəxtliklərdən çıxış yolunu yeni üsullu məktəblərin sayını artırmaqda, uşaqların təlim-tərbiyəsinə ciddi fikir verməkdə görür:

Bəsdir bu qədər, xabi-cəhalətdə ki, yatdıq,
Millət üstünə babi-tərəqqini qapatdıq.
İslafımızın hörməti-heysiyyətin atdıq,
Şənu-vətənu-milləti biganəyə satdıq.

Həmin illərdə "Məktəb" jurnalında uşaqlara tənbəlliyin ziyanlı cəhətləri başa salınır, insanların tənbəlliyi mənfi tərəfləri ilə nəzərə çatdırılaraq, əməyin insanın əvəzolunmaz keyfiyyətləri olduğu qeyd olunurdu.
Şair Əli Ülvi "Çalışalım" şeirində yazırdı:

Tənbəllikdən sakınalım,
Çalışmanın zamanıdır.
İnsanlığa tapınalım,
İş insanın bir canıdır.

Cənnət kimi hər yerimiz,
Sevinc ilə dolmalıdır.
Bunun üçün hər birimiz,
İş sahibi olmalıdır.

Yəni əməyə məhəbbət insanı həm kamilləşdirir, həm də başqalarının köləsi olmaq, başqalarına əl açmaq kimi mənfi vəziyyətlərə düşməyin qarşısını alır.
O zaman yazarlar milli duyğuları dilə gətirən şeirlərdən başqa, "çalışmağın əhəmiyyəti və dəyəri" haqqında yazılara geniş yer verirdilər. Dövrün ədəbiyyatçıları ölkənin və millətin düşdüyü yoxsulluq və səfalətin səbəbini xalqın tənbəlliyində, zəhmətə qatlaşmaq səyinin olmamasında görürdülər. Bu səbəbdən də uşaqlara çalışmağın vacibliyini anladan nümunələr təqdim edirdilər.
Hər bir cəmiyyət yeni nəslin mənəvi, əxlaqi və insani dəyərlərlə yetişməsini istəyir. Bu məqsədlə uşaqlara həmin dəyərlər ilk olaraq ailədə, sonra mühitdə, təhsil müəssisələrində verilir. Dövrün şairləri yazdıqları şeirlər vasitəsi ilə yeni nəsillərə əxlaqi və insani dəyərləri təbliğ etməyə çalışıb.

Əjdər Ağayev,
Professor