Şumer mifologiyası:  şumer tanrılar panteonu - 4-cü yazı     Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 4-cü yazı    

Bir çox mütəxəssislər şumerlərdən sonrakı Babil, Assur və s. adlarını sami mənşəli hesab edirlər. Lakin onların əksəriyyətinin Şumer adları olduğunu aydın görürük. Məsələn, Babil və Assur çarlarının siyahısında ata-oğul bir-birinin ardınca hökmdar olmuş 3 İsmə Dağanın və 3 Şəmşədin (onu Şamşiadad kimi oxuyurlar) adına rast gəlinir ki, bunlar təmiz şumer- türk adlarıdır. Hamısının da tanrı- şair Enlil İsmə Dağanın törəmələri - nəsli olduğuna şübhə etmirik. Bu gün türklər arasında Doğan, Toğan, Dağan kişi adlarına rast gəlinməsi də bizim əcdadları¬mızın kimlər olduğunu göstərir. Bu adları samiləşdirməyə çalışanlar kökündən yanılırlar. Əvvəla, Enlil Şumer tanrısıdır, onun adının sami mənşəli olduğundan söhbət gedə bilməz. Enlil İsmə Dağanın Berlin muzeyində saxlanan şumer dilindəki üç şeiri onun şumer-türk şairi olduğunu təsdiqləyən möhürlü sənəddir. Nəhayət, Şumer tanrılarının siyahısında Enlil və Dağan adlı tanrılara rast gəlirik, bu da onu söyləməyə əsas verir ki, Enlil İsmə Dağan həm tanrı, həm də şair olub.
Damqalnuna – Şumer tanrılar panteonunda ilk üç tanrıdan biri olan Enkinin arvadıdır. Onun bir adı Damkina, yaxud Nintudur. Ancaq bu ad əslində Ninkidir. Əgər onu ilk insanın anası hesab etsək, onda Ninti demək daha doğru olar. Ninti həyatın anası deməkdir.
Damu – Şumer-akkad panteonunda sağlamlıq tanrısıdır. Onu bir çox miflərdə böyük ovsunçu-kahin adlandırırlar. Görünür, insanları öz ovsunları, sehrləri və dualarıyla həm xəstəliklərdən, həm də pisliklərdən qoruyurmuş. Damu İsin şəhərində yaşayırmış və ayinləri də orda yerinə yetirirmiş. Onun ovsunları sağlamlıqla bağlı olub.
Dumuzi – Digər adı Tammuzdur. Şumer panteonunda əsas tanrılardan biridir. Ləqəbi çoban olub, məhsuldarlıq tanrısı hesab edilib. Çox mürəkkəb taleyi olan tanrılardandır. Onun haqqında çoxlu mifoloji mətnlər var. Dumuzinin bu qədər məş¬hurluğu və haqqında çoxlu miflər yaranması sözsüz ki, İnannanın əri olması ilə bağlıdır. Bu barədə İnanna haqqında söhbət gedərkən danışılıb.
Dumuzi haqqında ən maraqlı miflərdən birində onun ölümündən danışılır. O, Enkinin oğludur, tanrıdır. Dumuzi ona görə tanrıdır ki, onun anası da tanrı Ninsundur. Ninsun həm də Bilqamısın anasıdır. Deməli, Dumuzi ilə Bilqamıs ana bir, ata ayrı qardaşdılar. Bilqamısın atası Luqalbandadır. Burdan aydın görünür ki, tanrı Ninsun həm tanrıyla (Enki), həm də insanla (Luqalbanda) evlənib, onların hər ikisindən uşaqlar doğub. Başqa miflərdə Dumuzinin anasının adı Turtur/Sirtur kimi xatırlanır. Dumuzi bəs niyə ölür? Bu sualın cavabına hələlik heç bir əsərdə rast gəlməmişəm. Ancaq bu sual cavabsız deyil. Mifləri diqqətlə araşdıranda bəlli olur ki, Dumuzi tutduğu bir qəbahətə görə, tanrılıq statusundan məhrum olub, ölüm qazanıb. Nədir bu qəbahət? Bu mifdən aydın olur ki, Dumuzi öz bacısı Qeştinannanı zorlayıb. Şumerdə qadın zorlamaq çox ağır günah sayılırdı və belələri ciddi cəzalan¬dırılır¬dılar. Dumuzi də buna görə tanrılar kimi əbədi yaşamaq haq¬qından məhrum olub, ölümlə cəzalandırılıb. Yalnız onun arvadı İnanna/İştarın gücüylə Dumuzinin altı ay yeraltı dünyada, altı ay yerüstü dünyada qalmasına razılıq verilib. Bundan sonra hər il Novruz/Bahar bayramında Dumuzi dirilir, altı aydan sonra yenə ölürmüş. Onun dirilməsi də, ölməsi də gecə-gündüz bərabərliyi günlərində - bu günkü təqvimlə martın 21-də və sentyabrın 21-də baş verirmiş. Dumuzinin bitkilərin tanrısı ol¬ması ideyası da bununla bağlı¬dır. Bitkilər payızda quruyur (ölür), yazda yenidən göyərir (dirilir). Rus tədqiqatçısı E.M.Darbinova “İnanna/İştarın yeraltı dünyaya getməsi” haqqında mifi “Du¬muzinin yuxusu” silsiləsinin davamı kimi qiymətləndirib ki, bunların arasında bir bağlılıq görmək olur.
Dumuzi hər il martın 21-dən sentyabrın 21-ə qədər yerüstü dünyada İnanna, sentyabrın 22-dən martın 21-ə qədər yeraltı dünyada bacısı Qeştinanna ilə yaşayırmış.
İnanna – Şumer panteonunda sevgi, məhəbbət və doğub-törəmə tanrısıdır. Sevgi, məhəbbət gözəllik deməkdir. Söhbət mənəvi, daxili gözəllikdən gedir. Mənəvi gözəllik insanı həm də fiziki cəhətdən gözəlləşdirir. İnanna qadındır, anadır. Ona görə həmişə qadın kimi gözəl təsvir edilir. Onun gözəlliyi bugünkü qadınlarımızın gözəlliyindən geri qalmır. Heykəllərdə, rəsmlərdə biz onu gözəl görürük. Onun özü də çox zaman gözəlliyi ilə öyünürdü.
Bir çox adları var: İştar, İnana, İrnina. Onu çox zaman müharibə tanrısı da adlandırırlar, ancaq İnannanın hərəkətlərində müharibə motivi yoxdur. Bütün miflərdə sevgi, məhəbbət və uşaq doğmaq rəmzi kimi təsvir edilib. Hətta bir heykəldə qucağında uşaq tutmuşdur. Bu həm nəsil artırmağın, həm də sevginin, məhəbbətin ifadəsidir. İndi də harda uşaq varsa, orda sevgi, məhəbbət var!
İnanna bir çox qaynaqlarda, o sıradan “Bilqamıs” dastanında Şumerin baş tanrısı Anın qızıdır:

İştar qulaq asaraq bu deyilən sözlərə,
Qəzəblənərək uçub qalxdı əngin göylərə.
Öz atası Anunun qarşısında ağladı,
Anası Antuya da göz yaşları axıtdı.

Məşhur Amerika şumeroloqlarından biri olan A.Leo Oppenheym bu cür bilgilərə əsaslanaraq yazır ki, İnanna öncə Anın qızı, sonra arvadı kimi tanınıb. Burda Oppenheym yanılıb. İnanna Anın nəticəsidir, Nannarın qızıdır, Utunun əkiztayı bacısıdır. Heç vaxt Anın arvadı olmayıb. “Ullikummu haqqında nəğmə” poemasında da İnanna qardaş¬larının yanına uçur.

Öncə ürəyində düşündü İştar:
“Mənim qardaşlarım hara uçdular?
Onların dalınca uçmalıyam mən”,
Deyərək tərpəndi İştar yerindən.
Dayandı önündə qardaşlarının.
Onların üçü də tutub əl-ələ,
Xızı dağlarına uçdular belə.

Bu hett poemasıdır. Əlbəttə, Şumer ədəbiyyatının təsiri ilə yarandığı şübhəsizdir. Poemada İştarın qardaşları deyəndə hetlərin Tufan tanrısı və Tasmis nəzərdə tutulur. Burda onun kimin qızı olduğu bilinmir.
Başqa miflərdə İnannanın gah Ay tanrısı Nannarın, gah günəş tanrısı Utunun qızı olduğu göstərilir. Ancaq İnannanın Utunun bacısı olduğu haqqında miflər var. İnanna və Utu Nannarla Ninqalın qızı və oğlu olub Ur şəhərində doğulublar. “Mənim anam olmasaydı...” nəğməsində İnanna Dumuziyə deyir ki, “əgər mənim anam Ninqal olmasaydı, səni çöllərə və küçələrə qovardılar. Əgər mənim atam Nannar olmasaydı, səni çöllərə və küçələrə qovardılar. Əgər mənim qardaşım Utu olmasaydı, səni çöllərə və küçələrə qovardılar”.
Burda İnanna atasının Nannar/Sin, anasının Ninqal, qarda¬şının da Utu/Şamaş olduğunu söyləyib. Başqa bir mifdə (“Uca göylərdən yerin dərin qatlarına”) Dumuzi Utuya deyir: “Utu, mən sənin dostunam. Mən qəhrəmanam, sən tanıyırsan! Mən sənin bacını arvad almışam. İndi o yeraltı dünyaya gedib”.
Bütün bu miflərdən belə çıxır ki, İnanna Ay tanrısı Nan¬narın qızı, Günəş tanrısı Utunun bacısı, Enlilin nəvəsi, Anın nəticəsidir. İnanna planetlərdən Veneranı təmsil edir, onun rəmzi səkkiz guşəli ulduzdur. Bu gün Azərbaycan bayrağındakı və gerbindəki səkkiz guşəli ulduz sevgi, məhəbbət və doğum, nəsil artırma rəmzi olub, İnanna ilə bağlıdır. Azərbaycan Demo¬kratik Cümhuriyyətindən çox-çox öncə səkkiz guşəli ulduz Azərbaycan mədəniyyətində geniş yayılıb. Bakıdakı qədim binalarda, xalçalarımızda, parçalarda, metal məmulatların üzərində, xüsusilə qədim qılıncların dəstəyində və qınında səkkiz guşəli ulduzlara sıx-sız rast gəlinir. Aypara isə İnannanın atası Nannarın rəmzidir.
Şumer panteonunda ilk üçlük haqqında öndə danışdıq. İkinci üçlüyə günəş tanrısı Utu, onun bacısı İnanna və hər ikisinin atası Nannar daxildir.
İnannanın demək olar ki, Şumerin bütün şəhərlərində evi olub. Onun əsas evi Urukda idi. Onu An üçün tikmişdilər, lakin An göydə yaşadığına görə evini İnannaya bağışlayıb. O Eanna-Anın evi adlanırdı. Bundan başqa Urda, Kişdə, Adabda, Derdə, Qoyuncuqda, Ağşahda, Ummada, Gursuda, Nippurda, Umlaşda (Aqadda) və s. onun evləri varıydı. Ona görə İnanna öyünürdü ki, heç bir tanrının bu qədər evi yoxdur. Bu da o deməkdir ki, İnanna bütün Şumerdə sevgini, məhəbbəti, uşaq doğumunu və nəsil artımını himayə edib. Çox maraq¬lıdır ki, İnanna yeraltı dünyaya gedir, orda öz bacısı, yeraltı dünyanın yiyəsi Ereşkiqal onu öldürüb meyidini çəngəldən asdırır. Bu zaman yer üzündə məhəbbət sönür, sevgi qalmır. Uşaq doğulmur, nəsil artımı dayanır. Hətta bitkilər çiçəkləmir, ağaclar bar vermir, heyvanlar doğmurlar. Dünya tamam dəyişir, hər şey rəngini itirir, məzmunsuzlaşır, mənasızlaşır. İnsanların üz-gözlərində sevinc, şuxluq görünmür.
Bu mifin çox böyük mənası var. Ondan aydın olur ki, dünyada nə qədər yaranan varsa, yaradanın sevgisindən, məhəbbətindən doğulur. Sevgi, məhəbbət təkcə insanlara aid deyil. Bitkilər də, ağaclar da, heyvanlar da sevginin, məhəbbətin gücüylə məhsul verirlər. Sevgi sönən kimi onların hamısı bardan kəsilir, məhsul vermir, doğub-törəmir. İnannanın sevgi-məhəbbət, eyni zamanda məhsuldarlıq tanrısı olmasının sirri bax bundadır.
Dünya sevgisiz, məhəbbətsiz məhvə gedir, hər şey quruyub yoxa çıxır. İnannanın xəbərçisi bunu Enkiyə çatdırır. Enki iki canlı yaradıb onları yeraltı dünyaya göndərir. Onlar yeraltı dünyaya gedib İnannanı dirildirlər. Onun qayıdışı dünyanı yenidən sevgiylə, məhəbbətlə doldurur. Hər şey öz əvvəlki rəngini alır, bitkilər çiçək açır, ağaclar bar gətirir, heyvanlar doğurlar. Şumer miflərinə görə, dünyada artımla, doğumla, hətta yaradıcılıqla bağlı hər şeyin kökündə sevgi, məhəbbət durur. Bu sevgi dilimizdə çox işlənən “Gül gülü çağırır, çiçək çiçəyi”, “Bülbüləm, gülə bəndəm”, “İnək göz eləməsə buğa sıçramaz” kimi onlarla gözəl deyimlərdə öz ifadəsini tapıb.
Bəzi hallarda İnanna arxasında iki qanadı olan insan paltarında təsvir edilib. İnsanın tanrıya oxşarlığı İnannanın bütün heykəllərində və rəsmlərində incəliyinə qədər öz əksini tapıb. Şumer panteonunda qanad yalnız tanrılara məxsusdur, insanlara qanad verilməyib. Onun gözləri, qaşları, kirpikləri, dodaqları, yanaqları, çənəsi, boğazı, sinəsi, döşü, beli, ayaqları, qolları, biləkləri, barmaqları haqqında bu gün qadın gözəlliyini təsvir etdiyimiz bütün epitetləri işlətmək olar.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru