Novruz Bayramı Mədəniyyət

Novruz Bayramı

Azərbaycan Xalq Cümhuriyyəti Novruza milli bayram kimi böyük əhəmiyyət verib

Novruz bayram iştirakçıların hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin və sözlərin icrasından ibarət mərasimdir. O, mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun öz vaxtı var, mart ayında, qışın yaza keçid vaxtında icra olunur. Novruz bir mərasim növü kimi, yəni dar mənada, bayramdır, ildəyişmə bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasimi ənənələrdir.
Novruz mənəvi mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki bütün başqa abidələrdən öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Novruz bayramı həm yaşına, həm də yaşama gücünə görə, bəlkə də, ən birinci sırada duran mədəniyyət abidəsidir. Onun tarixi, mənşəyi həddindən artıq qədimdir. Dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxıb, əksinə, öz varlığını daha böyük coşqu ilə sürdürüb, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxıb.
Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə edib. Varlılar da, kasıblar da Novruzu qeyd edib, xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlib, bayramı birgə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlib. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirib, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib. Novruz bayramı milli dövlətçilik ənənəsində o dərəcədə mühüm yer tutub ki, orta əsrlərdə Azərbaycanda, İranda olmuş Avropa səyyahlarının xatirələrində – səyahətnamələrində də əks olunub. Bu bayram XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyəti Novruz bayramına milli bayram kimi böyük əhəmiyyət verib. Bunu AXC dövründə Novruz bayramının yüksək səviyyədə keçirilməsini təmin edən hüquqi sənəd də sübut edir.
Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da milli əsarətdən xilas oldu. Əslində, Novruz milli müstəqilliyin bayramına çevrildi. Novruz bayramı insanların təkcə sevindiyi, şadlandığı, yazı – yeni ili qarşıladığı şənlik deyildir. O, minilliklər, əsrlər boyunca xalqımızın milli birliyini, milli bütövlüyünü və milli dövlətçilik düşüncəsini qoruyub, yaşadıb. Novruzun Müstəqil Azərbaycanın dövlət quruculuğuna verdiyi töhfələr bunu bir daha sübut etməkdədir. Bu bayram xalqımızın adını, mədəniyyətini bütün dünyada tanıtmaqda və ona böyük şöhrət gətirməkdədir. Novruz bayramı 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
Novruz iri bir mərasim kompleksidir. Bu kompleksə daxil olan mərasimlərin əsas hissəsini Novruz bayramı gününə – Yeni ilin ilk gününə qədərki ilaxır çərşənbə mərasimləri təşkil edir. Bu çərşənbələr təkcə köhnə ilin yola salınması baxımından deyil, həm də elmi mübahisələrə səbəb olması baxımından əlamətdardır. Son onilliklərdə Novruz bayramının xalqımızın həyatında yeri və rolu genişləndikcə, artdıqca ilaxır çərşənbələrlə bağlı mübahisələr də böyüməkdədir. Bu mübahisələrin əsas məzmun və mahiyyəti həmin çərşənbələrin adları ilə bağlıdır. Novruz hazırda dövlət tərəfindən qeyd olunan ümummilli bayrama çevrilib. Bayramın ümummilli səviyyəsi onun milli səviyyələrinin ümumiləşdirilməsini, vahid sistemə salınmasını tələb edir. Bundan irəli gəlməklə televiziya və radiolar Boz ayın bu 4 çərşənbəsini (bəzən müəyyən yerdəyişmələrlə) Su-Od-Yel-Torpaq çərşənbə adları altında ardıcıl olaraq qeyd edirlər. Son dövrlərdə rəsmi adlanmaya (Su, Od, Yel, Torpaq çərşənbələri) etiraz olunur. Etirazın əsas məzmun və mahiyyəti bundan ibarətdir ki, ilaxır çərşənbələrin “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adları altında qeyd olunması düzgün deyil. Bu adlar Şərqdə məşhur olan dörd ünsürün [ab (su)-atəş (od)- xak (torpaq)-bad (yel, külək)] adına uyğun olaraq sonradan süni şəkildə düzəldilibr və xalq ilaxır çərşənbələri heç vaxt bu adlarla adlandırmayıb.
Araşdırmamızda bu qənaətə gəlmişik ki:
1. 4 ilaxır çərşənbənin müxtəlif bölgələrdə fərqli adları vardır. Bu çərşənbələr heç bir bölgədə qədim Şərq 4 ünsür sistemi olan “ab-atəş-xak-bad” sxeminə uyğun olaraq ardıcıl şəkildə “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” kimi adlandırılmayıb.
2. 4 ilaxır çərşənbənin el arasındakı adları içərisində qarışıq şəkildə “Su çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Ağac çərşənbəsi” adlarına da rast gəlinir. Bu, Novruz bayramının xalq təsəvvüründəki fəlsəfəsi ilə bağlıdır. Bu fəlsəfənin kökləri birbaşa qədim türk mifologiyası ilə bağlıdır.
3. Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. 4 ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır. Bu, Novruzun fəlsəfəsidir və 4 çərşənbənin 4 ünsürlə bağlılığı Novruzun təbiət, dünya, ümumiyyətlə, varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.
4. Azərbaycan Novruz bayramında 4 çərşənbədə 4 ünsürün oyanması ənənəsi qədim türk mifik görüşləri ilə bağlıdır. Qədim türk mifologiyasında dünyanın yaradılışının əsasında 5 ünsür durur: torpaq, ağac, atəş, dəmir, su. Bu təsəvvür zamanla 4 ünsür haqqındakı qədim Şərq görüşlərinə qarışıb. Daha sonra 4 ünsür fəlsəfəsi hakim düşüncəyə çevrilsə də, 5 ünsür haqqındakı inanclar xalq düşüncəsində, folklorda, o cümlədən Novruzla bağlı təsəvvürlərdə yaşamaqda davam edib.
Ümumiyyətlə, ilaxır çərşənbənin adət-ənənələri magik xarakter daşıyır. Onların, demək olar ki, hamısında magiya – sehr və ovsunla bağlı ayinlər icra olunur. Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır.
Novruz bayramında insanların həyatının elə bir sahəsi yoxdur ki, Novruz bayram kompleksindən qıraqda qalsın. Cəmiyyətlə bağlı nə varsa – hamısı Novruz ərəfəsində – ilaxır çərşənbədə təmizlənir, paklanır, təzələnir və yeni ilə, yeni ilin ilk gününə – Novruza artıq yenilənmiş (yenidən doğulmuş) vəziyyətdə daxil olur. Bu yenilənmə sosial münasibətlər sahəsində özünü xüsusi göstərir. Novruzda təkcə zaman, həyət-baca, ev-eşik, bağ-bağat təzələnmir, il ərzində insanlar, tayfalar, qonşular, nəsillər və s. sosial qruplar arasında baş vermiş konfliktlər həll edilir. Bunun əsasında inanc durur. İnanca görə, əgər küsülülər barışmasalar, düşmənlik yeni ildə də davam edəcək və o, özü ilə uğursuzluq və bəla gətirəcək. Ona görə də insanlar Novruzda həm özləri barışmağa, həm də başqalarını barışdırmağa çalışırlar. Bu barışma cəmiyyətin daxili özünütənzimləmə, özünüyeniləmə mexanizmidir. Novruzda cəmiyyətin yenilənməsi, sosial tarazlığın əldə edilməsi sosial birlik və paylaşma şəklində baş verir. Bu birlik və paylaşma təkcə diriləri deyil, ölüləri də əhatə edir. Heç kəs, o cümlədən ölənlər qıraqda qalmır.
Novruz bayramı ilə bağlı mərasim ənənələrinin böyük bir qismini tamaşa və oyunlar təşkil edir. Novruz tamaşa və oyunları bəzən bir-birindən fərqləndirmək, hansının tamaşa, hansının isə oyun olduğunu müəyyənləşdirmək çətin olur. Çünki bunlar, əslində, bir-biri ilə sıx bağlı olub, vahid mərasim kompleksinin tərkib hissəsi kimi, eyni ideyanı təcəssüm etdirirlər. Digər tərəfdən, tamaşa da, oyun da qədim dünyanın düşüncəsini, məkan, zaman, insan haqqında dünyagörüşünü özlərində əks etdirir. Lakin Novruz tamaşa və oyunları hər nə qədər bir-birinə bənzəsə də, onları fərqləndirən əlamətlər var: tamaşalarda əsas olan gülüş, oyunlarda əsas olan isə yarışdır. Ancaq Novruz tamaşalarındakı gülüş, nə də yarış, adi gülüş, yaxud adi yarış olmayıb, mərasimi gülüş, mərasimi yarışdır. Bu tamaşa və oyunlardakı gülüş və yarışın xüsusi vəzifəsi, görəcəyi iş var. Bu iş qışın yola salınmasından və yazın qarşılanmasından ibarətdir. Bu işin görülməsində gülüş və yarış əsas vasitələrdir. Onlarsız nə qış getməz, nə də yaz gəlməz. Bunlar qədim azərbaycanlının təbiətə, onu əhatə edə dünyaya magik təsir vasitələridir. Onlarda magiya – sehr, mistika vardır.
Novruz tamaşalarının təhlili onlarda aşağıdakı ümumi cəhətlərin olduğunu göstərir:
a) Novruz tamaşalarını hamısında yeni illə köhnə ilin, yazla qışın mübarizəsi əks olunub;
b) Tamaşalarda ilin dəyişməsi doğuluş, yaxud ölüb-dirilmə motivlərində əks olunur;
c) Tamaşalarda gülüş, zarafat, kütləvi şənlik magik səciyyə daşıyır.
Gülüş yeni ilin, yazın rəmzi kimi aclıq, səfalət, qıtlıq və soyuqla təmsil olunan qışa qarşı qoyulur. Gülüşün magik funksiyası onda ifadə olunur ki, daha çox gülmək, şənlənmək yazın gəlişini sürətləndirmək, onun gəlişinə güc-qüvvə vermək deməkdir.
Novruz bayramının zəngin mətbəx ənənələri vardır. Bu ənənələr də Novruz bayramının yaradılış fəlsəfəsi ilə bağlıdır. Bayram yeməkləri bir qida olsa da, bayramda onlar bayramla bağlı əlavə məna qazanır. Məsələn, yumurta Novruz bayramının ən mənalı simvollarındandır. Novruz süfrəsindəki qırmızı boyanmış yumurta ölüb-dirilmə xarakterli bayram ayini ilə bağlıdır. Lap keçmişlərdə ilin dəyişməsi mərasimində bişmiş yumurtanın yeyilməsi kimi xüsusi mərasim olub. Ancaq bu, xüsusi mərasim olmaya da bilərdi. Novruzun ölüb-dirilmə fəlsəfəsi hamıya aiddir. Ona görə də çoxlu yumurta bişirilirdi ki, hamı ondan dadaraq yeni ilə – yeni dünyaya keçə bilsin. Bişmiş yumurtanın hər süfrədə, bayram xonçasında mütləq şəkildə olması bununla bağlıdır. Tədqiqat göstərir ki, istənilən xalqın inancları, o cümlədən Azərbaycan xalqının Novruz ilə bağlı inancları bütöv bir sistemdir.

Sevinc Qasımova
filologiya üzrə fəlsəfə doktoru