Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib Mədəniyyət

Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib

Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.

Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyədə yayımlanıb. Kitabda XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.

Nəşrdə bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletləri və Üçüncü simfoniyası ümumi şəkildə təhlil edilib.

Bununla bağlı AZƏRTAC -a açıqlama verən müəllif qeyd edib ki, kitabın Türkiyə ədəbiyyatına və musiqi elminə qazandırılması mühüm əhəmiyyət daşıyır: “Çünki Azərbaycan bəstəkarları və milli musiqisi haqqında Türkiyə elmi və ədəbi mühitində mənbələr olduqca azdır. Bu nəşrin Azərbaycan musiqisinə böyük xidmətlərdə olan bəstəkar Qara Qarayev yaradıcılığının Türkiyədə və beynəlxalq musiqi ictimaiyyətində daha dərindən tanınmasına töhfə verəcəyinə ümid edirik”.

Bildirilib ki, Qara Qarayevin əsərlərindəki Qərb–Şərq sintezi bu gün də öz aktuallığını qoruyub-saxlayır. Kitabın daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə nəşr beynəlxalq yayım evi vasitəsilə çap edilib.

Qeyd edək ki, kitabın müəllifi soydaşımız Pərviz Musayev bakalavr təhsilini Azərbaycan Milli Konservatoriyasında, magistratura təhsilini isə İstanbul Universiteti Konservatoriyasında alıb. Türkiyədə Azərbaycan musiqisini təmsil edən tarzən hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirir.