Nar: İnanclardan xalq təbabətinə, mətbəxinə kimi Mədəniyyət

Nar: İnanclardan xalq təbabətinə, mətbəxinə kimi

1-ci yazı
Nar obrazı ilə bağlı inanclar Azərbaycan, eləcə də ümumən Türk xalqlarında geniş yayılıb. Tarixən narın meyvəsinin sirli quruluşu, habelə, başlıcası min bir dərdin dərmanı olması onu daha da məşhurlaşdırıb, dillərdə dastanlaşdırıb. Nar Azərbaycan mətbəxində geniş şəkildə istifadə olunur. Payız fəsli əksər meyvələr kimi narın da mövsümüdür. Hər bir kəs çalışır ki, bu möcüzəvi meyvədən mümkün qədər dadsın. Başqa tərəfdən, müxtəlif xörəklərdə də nardan istifadə olunur. Folklorda mifoloji bir meyvə olan narla bağlı yuxugörmədə, xalq inanclarında, əfsanələrdə, məsəllərdə, nağıllarda, manilərdə, ninnilərdə, bilməcələrdə rast gəlinir. Xalq təbabətində nardan geniş şəkildə istifadə olunur.
Nar obrazı məşhur xalq mahnısında da obrazlaşıb. “Meyvələrdən 3 meyvə var. Üçü də balam yeməli: biri alma, biri heyva, biri nar”. 3 meyvənin “yeməliliyi” təbii ki, şərtidir. Şübhəsiz, Azərbaycan təbiətində yetişən bütün meyvələrin insan orqanizmi üçün böyük faydası var. Ancaq 3 meyvənin ayrıca seçilməsi də təsadüfi deyil. Ona görə ki, insan orqanizmi üçün gərək olan maddələr daha çox bu meyvələrdə var. Bu meyvələrin adlarının ayrıca qabardılması, inanclaşdırılması yüzillərdən bəri xalqın məişətində, mətbəxində, təbabətdə çoxsaylı sınaqlardan keçirilməsi ilə şərtlənir.
Narın ilk dəfə Çində yarandığı ehtimal olunsa da, sonradan məlum olub ki, bu meyvə Çinə yalnız bizim eradan əvvəl 100-cü ildə gətirilib. Tac formasını xatırladan bu meyvə qədim zamanlardan Şərqdə bütün meyvələrin şahı hesab olunurdu. Nar Asiya mənşəlidir və insanların istifadə etdiyi ilk meyvələrdəndir. Qədimdə isə onu “ehtiras meyvəsi” adlandırırdılar. Bəziləri isə nara “karfagen alması” adını vermişdi”.
***
Nar ağacı, meyvəsi ilə bağlı aşağıdakı atalar sözü və məsəl diqqət çəkir: Nar ağacı - istək ağacı. Nar üstündən turp yeməzlər.
Nar ağacının istək ağacı olması ilə bağlı inanc özünü məşhur aşıq havasında səslənən “Bir nar çubuğunu basdırdıq yerə” misrasında da göstərir. El arasında deyirlər, nar, alma, armud hər kəsin dilək ağacıdır. Onları əkib-becərən xeyir tapar. Qədim Türk inanclarında dünyanın oxu sayılan “müqəddəs ağac” fikri sonralar İslamda cənnətin nar və xurma ağacları ilə əvəzlənib.
Dağlıq Şirvanda (Ağsu rayonunun Kalva kəndi) iqlimlə bağlı olaraq nar ağacı bitmir, bitsə də, meyvə yaxşı yetişmir. Bilindiyi kimi, nar ağacı istilik sevir. Yeri gəlmişkən, “ağac-istək” mövzusunda həmin bölgədə olmuş əhvalat haqda bilgi vermək istərdim. Araşdırmaçı Qalib Soltanoğlu “Kalvalı Əli Dədə” kitabında yazır: “Rəhmətlik Əfşan Kərimova (Abbas Kərimovun həyat yoldaşı – Q.S.) deyərdi ki, Abbas məşhur zurnaçı Əli Kərimovun doğmaca qardaşı idi. Özü də Əli ilə sənətə gedirdi. Zurnada, balabanda, tarda gözəl çalırdı. O, kəndçi oğlu idi, mən isə bəy qızı. Bir-birimizi dərin məhəbbətlə sevirdik. Atamgilin bəhanəsi bu idi ki, həyətində zoğal ağacı olmayan evə qız vermirik. (Bu, çox maraqlıdır!) Üstəlik, Abbas zurnaçıdır. Qısası, biz zurnaçıya qız vermirik. Abbas sənəti məhəbbətə qurban verdi. O, çıxılmaz durumda qalıb sənəti atdı, biz həyat qurduq. Abbas balaca mağaza açdı. Bu əhvalat 1917-ci ildə olub. Sonradan Abbas kolxozun ilk mühasiblərindən biri oldu. 1932-ci ildə isə onu tutdular…”.
Mifoloji düşüncədə nar gözəllik qaynağı, eləcə də gözəlləşdirici ünsür olması, gözəllliyə dair bütün keyfiyyətlərin qəhrəmana keçməsinə inam yaşamaqdadır. Krım əfsanəsi olan “Çinar, Nar ve Sərv”də deyilir ki, dəniz kənarında yaşayan bir balıqçı ilə arvadının üç qızı var. Nar adlı ikinci qızın ağlı, fikri çox itidir. Ancaq gözəl və yanaqları qırmızı olmadığı üçün ata-anası ilə dalaşan qızın tək arzusu yoldan gəlib-keçənlərin ona baxıb heyranlıqla seyr etmələridir. Ata-anaya saygısız olan çinar, nar və sərvə qarğış edilir. Göylərdən gələn səs qızları arzularına görə cəzalandırır. Çinar adlı qız çinar ağacına, Sərv adlı qız sərv ağacına, Nar adlı qız isə çəhrayı çiçəkli bir nar ağacına dönürlər. Hər kəs nara heyran-heyran baxar, ancaq kimsə yaxınlaşıb gözəl çiçəklərini qoxulamaz. Çünki onların qoxusu olmaz. Meyvələrinin içi qıpqırmızıdır, insanları doyurmaz, susuzluğunu yatırmaz”.
Əfsanədən çıxan nəticədə insanın zahiri gözəlliyə yox, daxili gözəlliyə önəm verməsinin gərəkliyi vurğulanır. Qızların, xüsusən Nar adlı qızın zahiri gözəllik axtarışı əslində yerinə yetmir. Ona görə ki, gözəl gülləri ətirsizdir. Ancaq narın minillərdir insanlara bəxş etdiyi gözəlliyin (ağac forması, çiçəkləri, xüsusilə də meyvəsi) insanları heyran etdiyi üçün əfsanə mövzusuna çevrilib. Ümumiyyətlə, türk mifologiyasında ağacın kultlaşdırılması çox dərin köklərə malik inanclara bağlıdır. Bu köklər o qədər dərindir ki, onun izləri bu gün belə türk xalqlarının, o cümlədən Azərbaycan-türk xalqının düşüncəsində yaşayır.
Azərbaycanın demək olar, bütün bölgələrində ağac pirləri var. Bu pirlərin çoxu doğuluş inancı ilə bağlıdır. Uşağı olmayan qadınlar bu pirləri tez-tez ziyarət edirlər. Bunun kökündə ağacın əcdad olması, uşaq verməsi haqqında mifik təsəvvür durur.
Orta yüzillərdə Osmanlı (indiki Türkiyə - E.Q.) mədəniyyətində nar, sevilən qıza göndərilərək evlənmə təklifi edilirmiş. Anadoluda hələ bəzi bölgələrdə gənclər sevdiyi qıza evlənmək istədiyini əlində tutduğu narla ifadə edirlər. Aytən Gökçərlə ölümsüzləşən “Yedi Qocalı Hürmüz” musiqisinin - “Tanrım, mənə üç dənə... üç də yetməz beş dənə, beş də yetməz yeddi dənə… ver, ver, ver, ver… ver Allahım ver…” deyə oxunan ünlü şərqisi, “Yalnız qullar”dakı “Bu gələn yar olaydı, əlində nar olaydı” sözündə, bu gələnəyə bağlı bilgiləri dəstəkləyir.
Anadoluda bir çox inanc və adətin mövzusu olan narla bağlı daha bir fakt: evin içində nar patladılır, parçalanan dənələrinin ətrafa dağılmasıyla evə bərəkət gətirəcəyi inancı var. Anadolu və Orta Doğuda evlilik törənlərindən sonra evlənənlərə doğulacaq uşaqlarını təmsil edən nar dənələri yedirilməsi və başlarına səpilməsi gələnəyi də yaşayır.
Ağac, bitki aləmiylə ruhsal vəhdət, insanın, nəslin, soyun, icmanın nəbatatla bağlılığı türklər qədər heç bir xalqda izlənmir. Ağac, bitki, göylük, nəbatat türk mədəniyyətinin mühüm anlayışıdır. Ağac simvolu türk şamançılığının, əsatir və folklorunun, etnoqrafiyasının, xalq sənətinin özəyini təşkil edir. Buna görə də türk mifoloji sistemlərinin tədqiqində ağac simvolunun təfsiri xüsusi əhəmiyyət kəsb edir. İnanca görə nar ağacının dibini zibilləmək olmaz, yoxsa məhsul verməz. Ona görə ki, ağac küsür.
Azərbaycan əfsanəsi “Daşa dönən əjdaha ilə nara dönən qız”da deyilir: “Pir Babanın kimsəylə görüşməyə qoymadığı qızı atası evdə olmayanda bir oğlana aşıq olur. Pir Baba oğlanı öncə əjdəhaya, sonra daşa, oğlana olan sevgisindən ağlayıb üzülən qızını da o daşın yanında nar ağacına çevirir. Burada qızın saf sevgisi önə çəkilir, xalq ağlında, düşüncəsində sevgiyə, sevənə dərin sayğı ifadə olunur.
Alma, heyva, nar ağacları Anadoluda bolluq və bərəkətin rəmzidir. Bunlardan nar qədim yunandan islama kimi bütün yaşayan və yox olmuş inanış və toplumsal kultlarda yer alan bir meyvədir. Anadoluda istifadə edildiyi hər dönəmdə bolluq və bərəkəti simvollaşdırıb. Dönəmin bərəkət tanrısı olaraq ifadə edilən kult hamisi isə (Kibələ), onun elində, ya da ətrafında nar fiquruna yer verilir. Nar, doğumu və artmağı da təmsil edir. Bərəkətli olması, birin min olması halıdır. Nar, əncir və üzüm kimi tək kökə bağlı, çoxdənəli bir bitki olaraq bərəkət simvoludur.
Anadoluda meyvələrin bolluq-bərəkət gətirdiyinə aid inanclara bunları misal gətirmək olar. Alma və nar artmağı simvollaşdırır. Yuxuda nar görmək nəslin bərəkəti olaraq yozulur. İlin sonunda qapının önündə nar dənələnincə evin bərəkəti artar. Yemək zamanı nar yeyərkən narın dənəsinin yerə düşməsi bərəkərin az olacağına işarədir.
«Müqəddəs ağac» motivləri Azərbaycan incəsənət nümunələri üzərində sonrakı dövrlərində də başqa bir janrında, nəsil artımı və əbədilik kimi simvollari özündə əks etdirərək əsasən, xalçaçılıq sənət nümunələri üzərində geniş yayılıb. Bu simvol tunc dövründə həyat ağacı təsəvvürü ilə bağlı inacları özündə birləşdirib. Çox ehtimal ki, onun ilk variantları da birbaşa nəsil artımı inamı ilə bağlı olub. Çox maraqlıdır ki, bu fikir qədim mifoloji dünyagörüşlərində də özünə məxsus yer alıb. Azərbaycan xalqlarının folklor ənənələrində «Dünya ağacı» kosmik aləmlə birbaşa bağlanır. Məsələn: Dünya ağacı inancları ilə bağlı olan «Nar qızın nağıl”ında nar ağacının barı olan, narların içindən çıxaraq uçub gedən hurilərdən bəhs olunur.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru