Nizami Gəncəvi və etnoyaddaş Mədəniyyət

Nizami Gəncəvi və etnoyaddaş

XII əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi düşüncəsinin zirvəsi Şeyx Nizami Gəncəvinin poeziyası aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına hopub, onun bədii təfəkküründən süzülərək cilalanıb, şifahi ənənədə dastanlara, nağıllara çevrilib. Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini dərindən bilən şair hadisələrin təsvirində xalq yaradıcılığı ənənələrindən də istifadə edib. Eyni zamanda xalq bilimlərini, mərasim və təntənəli xalq bayramları haqqındakı bilgiləri əsərlərində canlandıraraq onlara yaşamaq haqqı verib. Biz bir çox ənənəvi xalq yaradıcılığı nümunələri haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış oluruq.
Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk etnosuna daxil olan xalqların - türkmənlərin, qazaxların, qırğızların, özbəklərin, istərsə də azərbaycanlıların ağız ədəbiyyatı bir çox xalqların yazılı ədəbiyyatında öz izlərini buraxıb.
Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi əlvanlığı ilə bərq vurur. Tapmacalardan tutmuş xalq təbabətinədək bir çox bilgilər şairin əsərlərində əks olunub. Xalq yaradıcılığına önəm verməsi, Hizaminin əsərlərindən bir çoxunun sonradan atalar sözü statusunda təqdim olunmasına rəvac verib.

İnci lətafəti olsa da su da,
Çox içsən insanı incidər o da.

Nizami Gəncəvi yaradıcılığında onlarla belə misralar var ki, artıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam kimi işlədilir. Məşhur folklorşünas alim M.H.Təhmasib "XII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı" məqaləsində Nizami Gəncəvinin xalq yaradıcılığı ilə bağlılığından bəhs edir: "Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla faydalanıb. Bu dahi sənətkarın "Xəmsə"sindən yüzlərlə kiçik, böyük əfsanələrə, rəvayətlərə, əsatirlərə təsadüf edilir. Bunlardan bəzilərini o, özü yaradıb, bəzilərini isə yazılı qaynaqlardan, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləyib, təkmilləşdirib, xalqdan alaraq yenidən xalqa qaytarıb".
Nizami Gəncəvinin "Xəmsə"də istifadə etdiyi rəvayətlər xalq yaradıcılığının ən əski nümunələri sayıla bilər. "Sultan Səncərlə qarının əhvalatı"nda dahi sənətkar "iş üz ağardar" xalq ibarəsini fəlsəfi-didaktik baxımdan elə təsvir edir ki, 1000 ilə yaxın zaman keçməsinə baxmayaraq mövzu hələ də öz aktuallığını saxlayıb.
İntibah dövrü humanitariyanın incilərindən olan Nizami xalq ölçü vahidlərini poeziyaya gətirməklə həm xalqın zəngin mənəvi resurslarını təsvir edir, həm də Şərq poeziyasının fonopoetika cəhətdən zənginləşməsinə xidmət etmiş olur.
"Sirlər xəzinəsi" poemasında "Ovçu ilə itin və tülkünün hekayəti"ndə şair yazır:

"Ovçu dözdü, səbrinin misqal boyda arpası
Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı".

Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu vahiddən istifadə olunur. Əsərlərində insanların əski inamları ilə bağlı, səma cisimlərinə, Göy tanrısına tapınma, kultlarla əlaqəli beytlər gələnəkdə olan inanclar sisteminə daxildir:

Kəmbərstə deyildi Əkizlər bürcü onda,
Qan almağın azaddı o şişkin damarından".

Əcdadların əski inamına görə, göydəki on iki ulduzlar topasından biri sayılan çevrə, yaxud baş-başa vermiş iki qızcığaz şəklində Əkizlər bürcü Külək tanrısına çevrilmiş hesab edilir.
Yenə də mövzu xalq inam və sınamalarından gəlir. İbtidai insanlar Aya sehrli qüvvə kimi baxır, onun gecənin hamisi hesab edir, şər və qorxulu qüvvələrdən yalnız onun vasitəsilə qurtaracaqlarını zənn edirdilər. Həmin insanlar Ay tutulanda teşti, ləyəni döyəcləyib, yaxud mis qapaqları bir-birinə çırpıb haray-həşir qopararaq Ayı şər qüvvələrdə xilas etməyə çalışardılar. Bu türlü mövzular Nizami Gəncəvinin yaradıcılığında əksəriyyət təşkil edir.
Nizami Gəncəvini yeni elmi metodlarla öyrənən Siracəddin Hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh edərək yazır:

"O, günəş kimi Dolçanın Yusifi oldu,
O, su Dolçası kimi Balığın Yunisi oldu.

Həzrəti Nizami bu beytin ideyasını da zəngin bilgilər əsasında təqdim edib. Bu bürclərlə bağlı çoxsaylı əfsanə, əsatir var. Qədim astronomiya xəritələrində, atlaslarda Dolça bürcü əslində içərisindən su axan kuzə tutmuş adam şəklində təsvir edilirdi. Bunun fəslin əlamətləri ilə bağlı olduğu güman edilir. Günəş bu bürcə daxil olanda bahar yağışları başlayır, dağlarda qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın rəmzi sayılır. Qədim xalqların düşüncəsinə görə, su hər şeyin həm əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü ümumdünya tufanı ilə bağlayırlar".
Professor M.Mübariz "Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri" məqaləsində qeyd edir ki, "Nizami klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə edib".
Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da prof. Sədnik Paşayev üç qrupda tədqiq etməyi mümkün sayır:
1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri;
2) Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri;
3) Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər.
Nizami Gəncəvinin yaradıcılığı aşıqların da repertuarını zənginləşdirib. Bir çox aşıqlar Nizamiyə şeirlər həsr ediblər və eyni zamanda Nizaminin xalq əfsanəsindən mövzusunu götürdüyü "Leyli və Məcnun" əsəri aşıqların dilində dastana dönüb. "Leyli və Məcnun" poemasının el variantı olaraq çoxsaylı bayatılarla və əfsanələrlə yanaşı "Leyli və Məcnun" adlı bir xalq dastanı da yaradılıb".
"Nizaminin mənəvi arsenalı, bədii irsi sözlü ədəbiyyatla cilvələnən və folkloru zənginləşdirən üfüqləri geniş bir yaradıcılıq aləmidir".
Azərbaycan sözlü və yazılı ədəbiyyatında Nizami poeziyası və yaradıcılığının qüdrətli yüksəlişi bilavasitə onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqədardır.

Qalib Sayılov,
filologiya üzrə fəlsəfə doktoru