Oğuznamələr nadir yaradıcılıq hadisəsidir Mədəniyyət

Oğuznamələr nadir yaradıcılıq hadisəsidir

Oğuznamə dünya mədəniyyəti xəzinəsində nadir yaradıcılıq hadisələrindən biridir. Dil, üslub, poetik struktur, ideya-məzmun baxımından yalnız türk xalqlarının bir qrupuna məxsus olmasına baxmayaraq, epik ənənəyə xas ən böyük ədəbi abidələrlə yanaşı durub, hətta bir sıra cəhətləri ilə onlardan seçilib spesifik xüsusiyyətli mənəvi dəyərlər sırasına daxil edilib. Bu bədii forma oğuz türklərinin folklorunda çox qədim dövrlərdə meydana gəlib, orta əsrlərdə qələmə alınmaqla, tarixləşməklə şifahi şəkildə xalq arasında yaşamaq ömrünü başa çatdırıb. Lakin oğuzların varislərinin gen yaddaşında elə izlər buraxıb ki, sonrakı çağlarda meydana gələn mənəvi mədəniyyətin hər birində onun ruhu, ilıq nəfəsi hiss olunur. Başqa sözlə, oğuznamələrin özülü üzərində yeni formalar yaranıb yayılıb, ozanlığın başqa sinkretik yaradıcılıq sənəti ilə - aşıqlıqla əvəzlənməsi nəticəsində dastan, nağıl, eləcə də yazılı ədəbiyyatda qissə, məsnəvilərin içərisində əridilib. "Oğuznamə"nin
epik ənənədə yeri, epik janrlar sırasında mövqeyi, folklora, yaxud yazılı ədəbiyyata məxsusluğu, ayrıca götürülmüş janr, ya da eposun xüsusi qolu kimi sərhədləri, başqa janrlardan fərqlənən əlamətləri müəyyənləşdirilmədiyindən irəli sürülən mülahizələr mübahisəli görünüb, məsələləri aydınlaşdırmaq əvəzinə, daha çox suallar meydana gətirib.
Dastan və nağıllarda coğrafi məkan şərti xarakter daşıyır. Belə ki, türkmən dastanlarında ərazi Gürcüstan və Azərbaycan, rus blinalarında Azərbaycan verildiyi kimi, bizim dastanların da əsas qəhrəmanları çox hallarda yurdumuzdan kənarlarda yerləşdirilir. Deməli, coğrafi-məkan məsələsinə, eləcə də bir çox başqa cəhətlərinə görə oğuznamə sırf dastanın analoqu deyil. Onun öz çəkisi, gerçək hadisələrə, xüsusilə yurd - məkan məsələsinə öz münasibəti var. Bunları aydınlaşdırmadan coğrafi-məkan faktoru ilə heç vaxt öyünə bilmərik.
Oğuznamənin fərdi xüsusiyyətlərini, başqalarından ayrılan tərəflərini üzə çıxartmağın vacibliyini nəzərə çatdırmaq və bir neçə konkret suala cavab tapmaq istəyirik: oğuznamə - bədii yaradıcılıq məhsuludur, yoxsa tarixi-xronikadır?
Oğuznamə folklora, yoxsa yazılı ədəbiyyata aiddir? Oğuznamə xüsusi janrdır, yoxsa epik növün başqa janrının bir formasıdır? Bu məsələləri aydınlaşdırmaqdan ötrü oğuzların kimliyi, tarixin hansı mərhələsində bu adla yaşamaları, eləcə də oğuznaməni düzüb-qoşan ozanların oxşar və yaxın sənətlər sırasında rolu, mövqeyi müəyyənləşdirilməlidir. Azərbaycan, anadolu türklərinin, türkmənlərin və qaqauzların ulu babaları - oğuzlar haqqında ilk yazılı tarixi mənbə Orxon-Yenisey daş kitabələri hesab edilir. "Göytürk imperatorluğu dövründəki türk ellərindən biri də doqquz boydan ibarət oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı arasında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən və türk deyilib. Lakin "oğuz" sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarının adı kimi xalq arasında uzun müddət işlədilib. Oğuzlar orta çağlarda dünya tarixində böyük rolu olan Səlcuq, Atabəylər, Qaraxanilər, Osmanlı, Ağqoyunlu və Səfəvi kimi qüdrətli imperiyalar yaratmışlar.
XIV yüzillikdə Misirdə yaşamış, türk-səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd Davadarinin məlumatından aydın olur ki, oğuzların daha əvvəlki əsrlərə aid yazılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı "Dürər-ət tican və təvarix qürar əz-zaman", yəni "Şöhrətlilərin tarixindən mirvarilər" adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında göstərir ki, Əbu Müslüm Xorasaninin (755-ci ildə öldürülüb) xəzinəsindən bir kitab tapılıb. Orta fars dilində yazılan bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə olub) məşhur vəziri mərvli Buzurq Mihr Bahtagana məxsus imiş. Türk dilindən tərcümə olunmuşdu və "Ulu xan ata Bitigçi" adlanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı Cəbrayıl Bəhtahhi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin qənaətinə görə, "VIII əsrdə ərəb dilinə tərcümə edilən bu əsər ağızlarda dolaşan şifahi ədəbiyyat-folklor dilindən tərcümə edilə bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt "Dədə Qorqud kitabı"nın müəyyən hissələri mövcud imiş..."
Bunu "Dədə Qorqud"un hissələri kimi qələmə vermək həqiqətdən uzaq olsa da, onun variantın, yaxud müəyyən boylarla səsləşən müstəqil oğuznamələr olması şübhəsiz idi.
Əbu Bəkr ibn Davadəri öz xronikasında həmin kitaba istinad edərək Oğuz xandan, onun soydaşlarından və yaratdığı qüdrətli dövlətdən bəhs açır. Alp Arslan Balacuqun nəslindən olan Oğuz xan doğulandan sonra şir südü ilə bəslənir. Beləliklə, oğuzlar haqqında elmə bəlli olan ilk yazılı abidənin orijinalı zəmanəmizə gəlib çatmadığından nə zaman qələmə alındığı məlum deyil, lakin həmin abidənin VI-VII əsrlərdən əvvəl orta fars dilinə, sonra ərəb dilinə çevrilməsi və onun türk mənşəli Büzürg Mihrə məxsusluğu göstərir ki, oğuzlar həmin çağlarda Yaxın və Uzaq Şərq ölkələrində böyük nüfuza malik idilər. Oğuzların tarixi sonrakı əsrlərdə yarım tarixi, yarım əfsanəvi xarakterli xalq dastanlarında özünə daha geniş yer tapıb ki, bu, elm aləmində "oğuznamələr" adı ilə tanınır. Oğuznamələr türk epik ənənəsində yeri haqqında F.Bayatın araşdırmaları bu sahədə son dövrün ən uğurlu elmi istiqaməti kimi qiymətləndirilməlidir. Alim oğuznaməni dastanın tarixi inkişaf mərhələrində mühüm bir qolu kimi götürərək yazır ki, "Türk epik yaradıcılığında oğuznamə motivləri zaman və məkan baxımından uzun bir yox keçərək Oğuz yabqu dövlətində dastan kimi yenidən qurulub, bir sıra türk dastanlarında olduğu kimi əski mifoloji düzümü bu və ya digər dərəcədə yaşadıb. Mifoloji və tarixi hekayət kimi uzun zaman türk etnik mədəniyyətində yaşayan oğuznamə motivləri özündə bir neçə tarixi xatirələrini, faktlarını yaşadaraq Səlcuqlar və Elxanilər dövründə oğuzların milli dastanına çevrilib". Burada oğuznamə deyəndə xüsusi formaya, struktura malik janr deyil, ümumtürk dastançılığının böyük bir tarixi mərhələsində xalq arasında (xüsusilə oğuzlarda) geniş yayılan bir motiv başa düşülür. Oğuzçuluq isə həmin motivin mayasında duran əsas surətdir. F.Bayatın öz sözləri ilə desək, "Arxasında bütöv bir ideoloji institutun dayandığı oğuzçuluq oğuznamə silsiləsinə daxil olan dastanların mərkəzi surəti olan Oğuzu türk epik ənənəsində Tanrı oğlu, əcdad, mədəni qəhrəman, dövlətin və hərbi strukturun yaradıcısı kimi təqdim edir. Tarixdə böyük dövlətlər quran və bu böyük dövlətlərin qurulmasında iştirak edən oğuzlar tarixi keçmişini daha şərəfli və ulu mifoloji obrazlara bağlayırlar".
Əlbəttə, ümumtürk dastançılıq ənənəsinin mühüm qolu və tarixi mərhələsi kimi götürülməsi ideyası real zəminə əsaslanır. Lakin burada bir cəhət nəzərdən qaçırılır. Elmi-nəzəri fikirdə, hər bir dastan, nağıl tarixlə yol yoldaşıdır. Təbii ki, oğuznamələr də tarixi hadisələrə güzgü tutub. Antik dövrdə yunan miflərinə belə xalqın ilkin tarixinin xronikası kimi baxılıb. Lakin Qərbdə və Şərqdə tarixi hadisələrin bədii düşüncə yozumuyla deyil, faktlar və sənədlər, baş vermiş gerçək hadisələrin müşahidəçilərinin qeydləri əsasında yazılması təcrübəsinin olduğu dövrlərdə (XIII-XIV) yüzilliklərdə nə səbəbə dünyanın yarısını zəbt etmiş türkün tarixi antik çağlardakı kimi mifoloji dumana bürünmüş halda - oğuznamələr şəklində yazılmışdı? Əgər bu dastan ənənəsindən gəlirdisə, farsın, ərəbin də möhtəşəm eposları var idi. Eləcə də F.Rəşidəddin Şərq xalqlarının çoxcildli tarixini yazanda təkcə türklərin oğuznaməsini tarixi material kimi təqdim edir. Deməli, burada məsələ dastançılıqla bağlılıqla həllini tapa bilmir. Sirr məhz oğuznamələrin özünün spesifikliyində gizlənib. Doğrudur, F.Bayat bunun yozumunu tapmaq üçün iki məsələni - "salnəmələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi"ni və türklərin "fütuhatçılıq ideyası"nı əsas götürərək yazır: "Oğuznamələrin tarixi xronikalarda geniş yer alması, daha doğrusu, salnamələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi, oğuznamə mətnlərinin türk mədəniyyətində eninə və dərininə yayılmasını göstərir. Türk dastan ənənəsinin tarixi xronikalara keçməsi, epik yaradıcılığın "tarixiləşməsi" etnokultroloji baxımdan eyni informasiyanın müxtəlif yönlərdən təqdimi idi. Bu informasiyanın özəyində fütuatçılıq ideyası dururdu. Oğuznamə motivlərinin türk epik ənənəsində geniş yayılmasına səbəb bu idi" (F.Bayat. "Oğuz epik ənənəsi və "Oğuz kağan" dastanı". Bakı, 1993, s. 5).
Bizcə, "fütuatçılıq" məsələnin bir tərəfidir, lakin əsas, vacib şərti deyil. Müəllif oğuznamələrin - onun dili ilə desək, Oğuz dastanlarının movcud elmi fikirdəki iki variantının qəbul edildiyini göstərir:
1. Qərb variantı Türküstan və Uzaq Şərqi;
2. Qərb variantı Azərbaycan və Ön Asiyanı əhatə edir.
Lakin fakta gələndə nə təsnifatı aparan N.Biçurin, nə də F.Bayat konkret dastan-oğuznamə mətni göstərmir. Belə ki, variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində gəlib çatan Çin qaynaqlarının Mete haqqında verdikləri yarımtarixi əfsanə hesab edilir. Birincisi, əfsanə hələ dastan deyil. İkincisi, yarımtarixi əfsanənin dastanlaşmasını əsaslandıran fakt meydanda yoxdursa, ancaq ehtimal halında danışmaq mümkündür ki, oğuznamələrin Şərq variantı olub. Eləcə də mətni bizim dövrümüzə gəlib çatmayan əski türk dastanı ("Köç", "Ərgənəkon") haqqında da eyni qənaəti söyləməliyik. Türkcə yox, Çin mənbələrinə əhvalat, rəvayət, ən yaxşı halda əfsanə şəklində düşən faktlara əsasən bü gün əski türk dastanlarının "strukturundan", bədiiliyini şərtləndirən amillərdən danışanlar da tapılır. Bu, absurd olsa da, həmin meyllərin mənbəyini məhz yuxarıdakı bölgüdə görürük. Qərb variantına isə "Oğuz kağan" dastanı, Rəşidəddinin (XIV), Yazıçıoğlu Əlinin (XV), Hamiz Abrunun (XV), Mahmudoğlu Həsən Bayatlının (XV), Xandəmirin (XVI), Salur Baba Qulalı oğlunun (XVI), Əbul Qazinin (XVII) və b. tarixçilərin əsərləri daxil edilir. Diqqət yetirin, artıq oğuznamələrdən dastan kimi danışılmır, "tarixi əsərlər" kimi verilir.

Ramazan Qafarlı,
professor