Ustad sənətkar Mədəniyyət

Ustad sənətkar

Miskin Vəli xalqın yaddaşında yaşamaq haqqı qazanıb

Azərbaycanın qərb zonası aşıq mühitinin son yüzillikdə yetişən ustad sənətkarlarından biri Miskin Vəlidir. Bu böyüklüyü ilkin olaraq onun zəngin yaradıcılığı diqtə edir. Çünki bu ustad aşıq şeirinin müxtəlif janrlarında kifayət qədər mükəmməl sənət nümunələri yaradıb. Həmin mükəmməlliyin göstəricisi isə xalqın yaddaşında yaşam haqqı qazanmaqdır. Miskin Vəli bu haqqı çox erkən yaşlarından qazanmış ustadlardandır. Aşıqlığa qədəm qoyduğu ilk günlərdən eldə-obada məşhurlaşıb. Yaradıcılığının ilk çağlarından Gədəbəy və Şəmkirdə məclislər aparmaqla tanınmağa başlayıb. 1930-cu ildən sonra isə tanınmış ustad aşıq və hazırcavab bir şair kimi el arasında ad-san, hörmət qazanıb.
Onun bədahətən dediyi şeirlər az keçməyib ki, eldə-obada camaat arasında yayılıb. Həmin nümunələrin böyük bir qismi indi də məclislərdə, xalq arasında yaşayır. Təəssüf ki, bu zəngin yaradıcılıq indiyə qədər bütövlükdə yaddaşlardan köçürülüb yazıya gətirilməyib. Düzdür, bu istiqamətdə müəyyən işlər görülüb, az da olsa, fikirlər söylənib. Həmin böyük işin başlanğıcı keçən əsrin 30-cu illərində görkəmli folklorşünasımız, xalq ədəbiyyatının yorulmaz toplayıcısı H.Əlizadə tərəfindən qoyulub. Onun xalq arasında çap olunmamış onlarla şeiri yaşayır. Ancaq bu Miskin Vəlinin böyüklüyünü Azərbaycan ictimaiyyətinə, bütövlükdə Türk dünyasına təqdim etmək anlamında da çox gərəkli addımdır. Heç şübhəsiz, gələcəkdə də həmin işlər davam etdiriləcək, mətbuatda çap olunmayan şeirləri, haqqında dolaşan hekayətlər xalq arasından toplanaraq ayrı-ayrı kitablarda özünə yer tapacaq. Bu, klassiklərimiz üçün xarakterik haldır.
Onun yaradıcılığı mövzu rəngarəngliyindən tutmuş, forma rəngarəngliyinə qədər davam edir. Dövrün ictimai-siyasi vəziyyəti, vətən, torpaq sevgisi, təmiz insan məhəbbətinin təcəssümü, dünya, zaman haqqında düşüncələr ardıcıl olaraq aşıq poeziyasında yaşanır. Miskin Vəlinin yaradıcılığında da bu rəngarənglik özünə yer tapır.
Miskin Vəli aşıq şeirinin müxtəlif formalarında qələmini sınayıb, bir-birindən gözəl sənət nümunələri yaratmış ustaddır. Onun əlimizdə olan şeirləri bunu aydın göstərir. Eyni zamanda ustadın yaradıcı imkanlarını ortaya qoyur. Həmin nümunələr digər istiqamətdə araşdırılma zərurətində görünür, aşıq şeirinin əski zamanlarından gələn inkişafında nələrə qadirliyini aydınlaşdırmağa imkan verir. Miskin Vəlinin qoşmaları, gəraylıları, təcnisləri, müxəmməsləri, divaniləri, qıfılbəndləri – hər biri özlüyündə tədqiqatlar problemidir. Burada ustadın yaradıcılıq imkanları müəyyənləşir. Ustad kimi aşıq yaradıcılığında hansı mərtəbədə dayanması aydınlaşır. Onu da qeyd edək ki, Miskin Vəli aşıq ədəbiyyatımızın, xalq şeirinin ensiklopediyası kimi səciyyələnir. Onun hafizəsində neçə-neçə klassik dastan nümunələri, əski havacatlar özünə yer tapıb. Məhz bunun nəticəsi idi ki, ustadlar hansısa problem olan məqamlarda ona müraciət edib, bir sıra dəqiqləşdirmələr aparıblar. Məlum olduğu kimi, Miskin Vəli heç bir təhsil görməyib. Ancaq əlimizə gəlib çatan şeirləri, sözün həqiqi mənasında mükəmməl sənət nümunəsidir. Aşıq şeirinin müxtəlif şəkillərində yaratdığı nümunələr onun zəngin yaradıcı qabiliyyətə malik olduğunu diqtə edir. Ustadnamələri, qıfılbəndləri, təcnisləri bu mənada xüsusi maraq doğurur.
Təcnis aşıq yaradıcılığında mürəkkəb strukturlu şeir şəklidir. H.Əlizadə, V. Xuluflu, H. Arif, M. Həkimov, V. Vəliyev, P. Əfəndiyev, Q. Namazov, Q. Vəkilov, M. Allahmanlı və başqaları təcnisin strukturu, semantikası ilə bağlı bir-birindən maraqlı fikirlər söyləyiblər. Folklorşünas alim E. Məm¬mədli isə təcnisləri bir problem kimi dissertasiya səviyyəsində araşdırıb. Bu forma aşıqdan xüsusi məharət tələb edir. Miskin Vəli bu formada bir-birindən gözəl nümunələr yarada bilib. Onun dodaqdəyməzləri, cığalı təcnisləri, dodaqdəyməz cığalı təcnisləri bu mənada çox məsələləri diqtə edir. Bir növ 20-ci əsrdə ənənənin uğurlu davamı kimi dəyər kəsb edir. Məlum olduğu kimi, klassik ədəbiyyatımızda, həm aşıq yaradıcılığında, həm də el şairlərinin yaradıcılığında kifayət qədər mükəmməl təcnis nümunələri var. Qurbaninin, Abbas Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Valehin, Aşıq Alının, Dədə Ələsgərin yaradıcılığında böyük bir hissəni müxtəlif formalı təcnislər təşkil edir. Onlar bu nümunələrlə türk şeirinin inkişafına özlərinin əlavələrini ediblər. Hətta bəzi sənətkarlar müxtəlif formalı şeirlərin ustadı kimi aşıq şeirimizdə məşhurlaşıblar. Məsələn, Sarı Aşıq bayatı ustadı, Aşıq Alı Təcnis Alı kimi ad-san qazanıb.
20-ci əsrdə bu ənənə ustadların yaradıcılığında bir istiqamət kimi davam etdirilir. Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Ağdabanlı Qurban və başqaları XIX əsrlə ХХ əsrin hüdüdunda özlərinin klassik sənət nümunələrini yaradıblar və bir növ bu yaradıcılıqları ilə ustadların yolunun davamçısına çevriliblər. Нəmin ustadların yaradıcılığının uğurlu davamçısı kimi Miskin Vəli aşıq şeirimizdə mühüm dəyər qazanır. Bunu ilk növbədə onun deyişmələri, ustadnamələri, qıfılbəndləri, son olaraq təcnisləri göstərir. Bu nümunələr onu diqtə edir ki, Miskin Vəli dərsini pirindən almış sənətkarlardandır. Çünki əlimizdə olan şeirləri hadisə və dəlillərin mükəmməlliyi ilə xarakterik təsir bağışlayır. "Yenə" rədifli təcnisi klassik aşıq şeirimizin mükəmməl nümunələrindəndir. Burada fikrin mükəmməlliyi, sözün dəqiqliyi var:

Bu sinəmdi, bu yarası, bu dağı,
Ya insaf et, ya dəfn eylə bu dağı,
Leyli də, Məcnun da gəzmiş bu dağı,
Fərhad Şirin deyib budağlar yenə.

Məlum olduğu kimi, "təcnis Azərbaycan aşıq yaradıcılığında ən çox müraciət olunan şeir formasıdır. Təcnisdə qafiyələr cinas sözlərdən düzəlir. Ustad aşıqlar öz yaradıcılıqlarında bütün şeir formalarında təcnis yaratıblar. Ustad sənətkar tarixi hekayətləri, əfsanələri şeirə gətirməklə ideal sevgi düşüncəsini, onun ağrılarını xatırlayır. Həmin əzabların şairin hiss və duyğular aləmindən keçməsini aydın ifadə edir. Leylinin, Məcnunun, Şirinin, Fərhadın məhəbbət simvolu kimi yaddaşlarda yaşamasını aydın vurğulayır. Eyni zamanda son olaraq həmin ideallığın təbliğatçısı təsiri bağışlayır, və "bu sinəmdi, bu yarası, bu dağı" deyərək sevgilisinə vəziyyətini, çəkdiyi ağrıları göstərməyə çalışır. Bundan sonra "ya insaf et, ya da dəfn eylə bu dağı" qənaətinə gəlir. Ancaq onu da qeyd edək ki, məhəbbət dağının dəfn olunması görünmür. O, aşiq üçün bir əzaba çevrilir, onun varlığına, düşüncəsinə hakim kəsilir. Bütün məqamlarda yol yoldaşı olur. Axşamlar, səhərlər onunla birgə gəlir. Şeirin sonrakı bəndində oxuyuruq:

Vəli ağlar, yandı oda sinəmə,
Tifil sızlar, nalə çəkər sinəmə,
Bir bivəfa yar əlindən sinəmə,
Çəkildi çal-çarpaz bu dağlar yenə.

Göründüyü kimi, bu bənddə ustad öz hiss və duyğularını "sinəmə" sözünün çalarları üzərində ifadə etməyə çalışıb. Burada Miskin Vəli odanın qəlb ağrılarından yandığını, bir bivəfa yarın hansı dağlar çəkdiyini və s. məqamları aydın ifadə edir. Bu poetik məqamlar ustadın digər şeirlərində də daşınır.
Aşıq yaradıcılığında "Dedim, dedi"nin çox əski çağlara gedib çıxacaq tarixi var. Bu, şifahi ədəbiyyatın ayrı-ayrı nümunələrində ilkin təsəvvürlərdən ta zamanımıza qədərki dualist düşüncəni ifadə edir. Məsələn, qışla yazın deyişməsi tipik nümunədir. Həmin ənənənin bu və ya digər fərqliliklə davamını klassik ədəbiyyatda, N. Gəncəvinin "Xosrov və Şirin" poemasında görürük. Sonrakı mərhələdə orta çağ aşıq yaradıcılığında ustadların şeirlərində bu forma özünü göstərir. Tədqiqatçılar bunu güllü qafiyə kimi də vurğulayırlar.
Təcnisdə bədiiliyi şərtləndirən faktorlar sırasında başlıca olan ritmdir. Bu şerin, bütövlükdə isə aşıq yaradıcılığının mahiyyətindən bir xətt kimi keçir. Miskin Vəli yaradıcılığında isə ritmin platonik bir səciyyəsi müşahidə olunur. Təcnislərinin isə mahiyyətində dayanır və bu, ustadın bütün təcnislərində görünür."Yanara", "Yar almasına", "Ya sənə" və s. buna nümunədir. "Hey dərin-dərin" təcnisində oxuyuruq:

Süsən sünbül, tər bənövşə, ha lala,
Dostlar dərə, dəstə tuta, hal ala,
Əmək sevən haram qatmaz halala,
Açar həqiqətin hey dərin, dərin.

Bu misralarda aşığın dünyagörüşü, hansı düşüncələrlə yaşaması, sənət qüdrəti aydın görünür. Eyni zamanda təcnisdə onun bir yaradıcı kimi nələrə qabil olmağı aydınlaşır. Təcnis aşıq yaradıcılığında kifayət qədər mürəkkəb, eyni zamanda məsuliyyət tələb edən bir formadır. O, ustadın bir növ deyişmələr kimi bir istiqamətdə yükünü ortaya qoyur. Yuxarıdakı bənddə "halal" sözü məhz bu mənada cinas kimi işlənib, eyni zamanda şeirə bir poetiklik, rövnəqlik gətirib. Bəndin birinci misrasında "ha lala" gül, ikinci misrada "hal ala" hal-əhvat tutmaq, üçüncü misrada "halala" halal anlamında işlədilib. Burada digər istiqamət təcnisin ustadnamə xarakterli olması hadisəsidir. Yəni Miskin Vəli öz düşüncələrini bir ustad kimi müdriklik anlamında poetikləşdirir. Bu isə şeirə digər istiqamətdə poetik dəyər verir.
Miskin Vəli də qərb aşıq mühitinin sənətkarlarından biri kimi, həmin ənənənin davamında, ustad olaraq müqəddəs dəyərləri sazı-sözü ilə qoruyub-saxlamaq amalında görünür. Belə ustadnamə səciyyəli təcnislər Miskin Vəli şeirlərində topluluqla nəzərə çarpır. Onun ədəbi mühitdə tutduğu yeri müəyyənləşdirməyə, sənətkar kimi hansı xarakterik keyfiyyətlərlə seçildiyini aydınlaşdırmağa əsas verir. Burada eyni zamanda ustadın tale ağrılarını, hansı həyat şəraitində yaşaması və s. kimi məsələləri də aydın öyrənmək olur. Məsələn, "Bax-bax" rədifli təcnisində sənətkar əzəl gündən bəxtinin qaranlıqlarla dolu olduğunu vurğulayır.

Əzəl başdan bəxtim oldu zil qara,
Uca dağda yolum düşdü zil qara,
Tökülübdü gərdən üstə zil qara
Bulud kimi saçlar bu dala bax-bax.

Miskin Vəli Ağdabanlı Qurbanın, Aşıq Ələsgərin, Növrəs İmanın, Hüseyn Bozalqanlının, Aşıq Mirzənin, Aşıq Əsədin, Dədə Şəmşirin mühitinin yetirməsi idi. Bu zənginlikdə formalaşıb özü də bir ustad kimi ad-san qazanmışdı. Xalqdan gələn bir qənaət var ki, şəyird oldun, ustada qulluq eləmək lazımdır. Ustad qulluğunda kamilləşən isə ayaqda qalmaz, mütləq başa çəkiləcək. Miskin Vəli xalqdan gələn bu təcrübəni özü də yaşayır və onu şeirin poetik məqamında daha da cilalayır.

Nemət Qasımov,
filologiya üzrə fəlsəfə doktoru