Bir adın iziylə - Təklə Mədəniyyət

Bir adın iziylə - Təklə

I yazı

Təklə coğrafi ad kimi Türk dünyasının tərkibinə daxil olan bir çox ölkələrin ərazisində mövcuddur. Təklələr Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qara dənizin şimal sahilində, Volqa boyu ərazilərdə məskunlaşıblar. Gürcüstanda Ağtəklə və Qaratəklə adlı kəndlər var. Borçalılar həmin kəndlərin adlarını "Təhlə" kimi tələffüz edirlər. Çində, İranda, Suriyada, İordaniyada və digər ölkələrdə də təklələrə rast gəlinir. İraqın Kərkük əyalətində məskunlaşmış təklələr, Mərkəzi Asiyada olduğu kimi, səpələnmiş halda yaşayırlar. Qazaxıstanın Taldu-Kurqan vilayətində Təkəli adlı şəhər var.
Bu coğrafi adın yayılma arealına Azərbaycanın bir çox rayonları da daxildir. Müxtəlif tarixi və coğrafi mənbələrdə Takla, Takle, Tekle, Tekla, Təklo, Tokle, Teklo, Tekli və sair yazılış variantları bu coğrafi adın ауrı-ауrı xalqların dialekt təsirinə məruz qalmasından irəli gəlir. Bu fakt toponimin tayfa adı olmasını da sübut edir. Təklə tayfasının bır hissəsi Cənubi Azərbaycan ərazisində yaşayır, maldarlıqla məşğul olur, qışı Muğanda, yayı isə Savalan yaylaqlarında keçirir. Minlərlə çay, göl, dağ, yamac, zirvə, yayla, təpə, dərə, bulaq və çöl Təklə adıyla bağlıdır. Masallı rayonunda Təklə dərəsi, Təklə təpəsi, Təklə düzü, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü kimi yer adları mövcuddur.
Toponimik araşdırmalar Təklə toponimlərinin səlcuq türklərindən olan eyni adlı Təklə türk tayfasının adından alındığını təsdiq edir. Türkmənistanın ən güclü etnik qrupu sayılan təklələrin toxuduğu xalılar, bəslədiyi atlar dünyada məşhurdur.
Bəzi tədqiqatçılar Təkləni Azərbaycanın yerli tayfası saymırlar. Halbuki son zamanlarda aparılan tədqiqatlar təsdiqləyir ki, türklər Qafqazda və Anadoluda hələ eramızdan çox-çox əvvəllər yaşamışlar. Təklələrin Səfəvilər dövlətinin mədəni həyatında mühüm rol oynamaları isə tarixin maraqlı səhifələridir. Təklə-Təkəli tayfası Səfəvilər xanədanının ən çox etibar etdiyi tayfalardan biri olub. Buna görə də təklələr Səfəvilər imperiyasının müxtəlif ərazilərində məskunlaşıblar. Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak edən Təklə tayfası igid, qorxmaz bir tayfa olub və turk tayfaları arasında mədəni-ticari əlaqələri möhkəmləndirib. Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesinin başa çatması Səfəvilər dövlətinin qurulması ilə bağlıdır. Tarixin bu məqamında milli dövlətin qurulması və xalqın formalaşması prosesi bir-birini tamamlayır . Təklənin, yaxud təkəli tayfasının da daxil olduğu Qızılbaşlar Azərbaycan, Kiçik Asiya və Suriyada yaşamış türkdilli tayfa ittifaqı olmaqla, əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ, qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və sair türkdilli tayfaları birləşdirib. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Türkiyə ərazisində yaşayıblar. Təklə tayfasının Azərbaycanla bağlılığı haqqında müxtəlif mülahizələr var. Bəziləri Təklə tayfasının Azərbaycanın siyasi arenasında fəallaşmasını XVI əsrə, başqa tədqiqatçılar isə XVII əsrdən sonrakı dövrə aid edirlər.
XIX yüzilliyin axırlarında Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölünürdü: I Təklə, II Təklə, III Təklə, Təklə-mirzəbabalı, Təklə-sofu, Təklə-şatullı, Təklə-abdulla, Təklə-xal, Təklə-axsaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşçalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, əlipənahlı, avdallar, sarxanlı, bulutlu, hacılı, bozçalar, xəlfəqulular və aşıqlı. XVI əsrdə Şah Abbasın tərəfdarları tərəfindən təklə, qədirli, ilxıçı, beydili, qaradağlı, əhmədli və sair türkdilli tayfaların birliyi yaradılıb, həmin birliyə Şahsevənlər adı verilib.
Göründüyü kimi, Təklə tayfası da həmin birliyə daxil olub. Coğrafiya elmlər doktoru, professor Nadir Məmmədov göstərir ki, təklo - təkləlilər tayfasının Azərbaycana gəlməsi tarixini XI əsrlə bağlamaq mümkündür. Çünki tarixi sənədlər də Səlcuq türklərinin Azərbaycana XI əsrdə gəlməsini təsdiqləyir. XIX əsr mənbələrində qeyd olunduğu kimi təkləlilər Mil və Qarabağ düzənliklərində məskən salıblar. Muğanda da təklələrin sayının artırılmasına aid bir çox sənədlər var . Qarayazı ərazisində olan "Ağ təhlə", "Qara təhlə" kənd adları ilə bağlı xalq yozumları da maraqlıdır. "Kür çayının şərq istiqamətdə axması Qarayazının Borçalı buğumlarından ayrı, "tək"-"tənha" düşməsinə gətirib çıxarıb. Elə bu qədim (Ağ və Qara) Təhlə yaşayış yerləri "təklə", "tənha", "tək" söz birləşmələri Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib, indiki kimi səslənən Ağtəhlə və Qaratəhlə adlarını daşıyır". Təklə haqqında yazılan kitab və məqalələrdə daha çox İ.P.Petruşevskinin, M.Andreyevin və Q.Qeybullayevin araşdırmalarına istinad edilib. Türkiyədə "Tekle" adlı kitab nəşp olunub. Azərbaycanda da Təklə tayfası və etnotoponimi ilə bağlı araşdırmalar aparılıb. Süleyman Əlisanın "Təklə eli, tərəkəmə dünyası" kitabında təkləlilərin tarixi, dünəni və bu günü tam genişliyi ilə tədqiq olunub. Süleyman Əlisanın yazdığına görə, Azərbaycanda kadusi, oğuz, qıpçaq, alban və bir çox məşhur tayfalar yaşayıb. Belə tayfalardan biri də Təkləli tayfalarıdır. Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək, Qazaxıstanadək ərazilərdə özlərinə yurd-yuva qurublar. Təkləlilər Azərbaycanın da 10-dan artıq rayonunun, o cümlədən cənub bölgəsinin Masallı və Cəlilabad rayonlarının daimi sakinləridir. Süleyman Əlisanın müxtəlif elmi mənbələrə əsaslanaraq apardığı elmi araşdırmanın nəticəsi belədir ki, Təklə (Təkəli) tayfa, etnos adıdır və Qızılbaşların Təkəli tayfası ilə bağlıdır. Qədim Oğuz-Səlcuq türk tayfalarından biri belə adlanırdı. Bu tayfalar İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda, Gürcüstanda, Qazaxıstanda və digər yerlərdə məskunlaşıblar. Bu tayfanın adı Doğu Türküstandakı Təklə-Məkanla əlaqəlidir. Çin ərazisində yerləşən bu səhranın uzunluğu 1000 km, eni isə 420 km-dir. Dünyanın ən tanınmış istirahət mərkəzlərindən olan Türkiyənin Antaliya və Alaniya arasındakı sahil boyu torpaqları Təklə eli kimi tanınır. Təkə eli adına Timurlu müvərrixi Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" əsərində də rast gəlinir. XIV-XV yüzilliklərdə Üçoxlara tabe olan bəzi boy və oymaqlar Təkə elinə gəlib yerləşiblər. Beləliklə, türkmanlar (Oğuzlar) azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından biri kimi Səlcuqların tərkibində Azərbaycana və Orta Asiyaya gəliblər. Artıq XVI yüzillikdə Sarıq, Yomut və Təkə tayfaları "Təkəli" adı iıə tanınırdılar. Təklə tayfası Azərbaycan Respublikasının bir çox rayonlarında, xüsusən İmişli, Beyləqan, Bərdə, Qobustan, Masallı, Cəlilabad, Ağsu, Kürdəmir, Goranboy, Şamaxı və başqa rayonlarda, buradakı ayrı-ayrı kəndlərdə daha çox məskunlaşıblar. Eyni zamanda bu tayfalara Quzey Azərbaycanın və Gürcüstanın, az qala, hər guşəsində rast gəlmək mümkündür. Bundan əlavə Dərələyəzdəki "Təhlə düşən" toponimi bir daha isbat edir ki, haqqında söhbət gedən bu yer Ermənistan ərazisində yerləşsə də, azərbaycanlılara məxsusdur.

Bilal Alarlı,
filologiya üzrə fəlsəfə doktoru