Noğayların həyat salnaməsi Mədəniyyət

Noğayların həyat salnaməsi

Noğay folklorunun bütün janrları mükəmməl bədii sistem yaradır

II yazı

Noğay dili Rusiya Federasiyasındakı Çeçen və İnquş Respublikalarında, Qaraçay-Çərkəz Respublikasında, Stavropol və Krasnodar diyarlarında, Dağıstan Republikasında və eləcə də Türkiyə və Rumıniya ərazilrində yaşayan noğayların dilidir. Noğay dili türk dil qrupunun şimal-qərb, yaxud qıpçaq qrupuna daxildir. Bu dil qrupu qaraqalpaq və qazax dilləri ilə birgə ç>ş və ş>s səslərinin uygunluğu ilə xarakterizə olunur. Məsələn, şık-çıx, tas-taş və s. lüğət fondu baxımından və qrammatik quruluş nöqteyi - nəzərindən noğay dili qaraqalpaq dili ilə daha çox qohum xüsusiyyətlərə malikdir. Noğay dili üç dialektə ayrılır: ağnoğay, noğay və qaranoğay. Noğay dilinin inkişafı tarixən Böyük Noğay Ordası, Qızıl Orda və Qıpçaq İttifaqı və digər qədim birliklər kimi qəbilə və siyasi birliklərin inkişafı ilə bağlıdır.
Noğay ədəbi dili və yazısının mövcudluğunu mütəxəssislər XX əsrin 20-ci illərinin sonlarından qəbul edirlər. 1938-ci ildən başlayaraq noğay əlifbası kiril qrafikası bazasında yaranıb və əsasında inkişaf edib. Noğay folkloru xalq həyatının özünəməxsus salnaməsi və əvəzsiz mədəni dəyəridir. Noğay folkloru digər xalqların folklorunda olduğu xalq həyatının müxtəlif tərəflərini çevrələmək baxımından böyük maraq kəsb edir. Xalq idealını özündə əks etdirən folklorun ideya-estetik əsasını tarixi eposun muxtəlif janrları, tarixi nəğmələr, rəvayətlər və lirik dastanlar təşkil etməklə, xalqın gerçəkliyə münasibətini, real həyatını əks etdirməkdədir. Noğayların məişət və həyatı təqvim, mərasim və əmək nəğmələrində əksini tapıb. Əxlaq, fəlsəfə və mənəvi-etik məsələlər noğayların aforistik janrı olan atalar sözü və zərbi məsələlərində təcəssüm olunur.
Noğay folklorunun bütün janrları vahid ideya-estetik nüvə ətrafında birləşməklə mükəmməl bədii sistem yaradır. Bu cəhət nağıl və epos janrlarında daha yaxşı görünür. Noğay dastanlarında və nağıllarında xeyirlə şər, yoxsullarla bəylər arasında olan mübarizə təsvir olunur. Bunlara "Süleyman şah və bayquş", "Qoca və Su Anası", "Albaslı və qız", "İlan", "Keçi və dovşan", "İlan, qaranquş və milçək", "Altıayaqlı at", "İlan dərisində gözəl oğlan" və digər nağıllar yaxşı nümunədir.
Ümumiyyətlə, noğayların nağıl eposu nəinki obrazlar çoxluğu və konflikt rəngarəngliyi, həm də ifadəlilik nöqteyi-nəzərdən baxımından maraqlı və zəngindir. Nağılların ifadə vasitəsi, priyomları və arsenalı da zəngindir. Noğay nağıllarının poetikasına gəldikdə isə onlar milli nöqteyi-nəzərdən özünəməxsus spesifik nüanslar və detallarla diqqəti cəlb etməklə, müxtəlif ideyalar ifadə etməkdə orijinaldır. Bəzi nağıl süjetlərinin digər xalqların folklorunda geniş yayılmasına baxmayaraq, onlar noğay nağıllarında bədii cəhətdən özünəməxsusluğu ilə seçilir. Məsələn, "Süleyman şah və bayquş" nağılında şahzadənin quş sümüyündən ev tikdirmək istəyi əksini tapıb. Şah arvadını çox sevdiyindən ona tezliklə sağalmaq arzu etməklə, sarayına bütün quşları dəvət edir. Şahın çağırışına bütün quşlar tezliklə uçub gəldiyi halda, yalnız bayquş bu tapşırığı yerinə yetirmək istəmir. Şah üç dəfə ardıcıl olaraq onun dalınca ismarıc göndərsə də, bayquş bundan imtina edərək gəlmir. Müdrik bayquş hər dəfə şahın tapşırığına nə üçün əməl etmədiyini yerli-yataqlı sübut edir. Şahın qəzəbli "Nə üçün sənə üç dəfə xəbər göndərilsə də, uçub gəlmədin?" sualına bayquş "Mən fikirləşirdim" cavabını verir.
Şah ona yenidən sual verir: "Sən nə fikirləşirdin?" "Şahım, mən fikirləşirdim ki, dünyada diri, yaxud ölü çoxdur? Fikirləşdim ki, bütün canlılar növbəsi yetişəndə ölürlər. Demə¬li, belə çıxır ki, ölülər dirilərdən çoxdur". "Bəs ikinci dəfə çağıranda niyə gəlmədin, səni hansı fikir saxlamışdı?" "Mən tapmaca tapırdım. Düşünürdüm, dünyada su çoxdur, yoxsa quru?" "Və tapdınmı?" "Şahım, tapdım. Biz yeri hardan oysaq, gec, ya tez oradan su axacaq". "Bəs onda üçüncü çağrışıma niyə gəlmədim?" "Fikirlərim çox uzaqlara getmişdi. Düşünürdüm ki, görəsən, dünyada kişi çoxdur, yoxsa qadın? Qadın kişilərdən çoxdur. Çünki arvadlarının ağılsız fikirlərini icra etmək istəyən kişiləri də mən qadınlar sırasına aid edirəm". Beləliklə, nağıl ədalətin təntənəsi, ağılın qələbəsi ilə başa çatır. Müdrik Süleyman şah bayquşun belə cavabını eşitdikdən sonra utandığından arvadının əsassız arzusunu yerinə yetirməkdən imtina edir və bütün quşları azad edir.
Noğay nağıllarının baş qəhramanı digər xalqların nağıl eposunda olduğu kimi öz əxlaq, mənəvi, fiziki və əqli keyfiyyətləri ilə xanları üstələyən kasıblardan ibarətdir. Noğay nağıllarının ciddi sosial istiqamətliliyini sübut edən nümunələr sırasında "Günəş Ayın qardaşıdır" nağılının adını çəkmək olar. Burada konflikt bəylə nökər üzərində qurulur. Bəy nağılda daim "xəsis" epiteti ilə xarakterizə olunur. Noğay nağıllarında şahlar və padşahlar xəsis kimi təsvir olunur, onların xəsisliyinin və hərisliyinin həddi-hüdudu görünmür. Noğay nağıl eposunda mollalara, şahlara qarşı sosial istiqamətlilik eposun bütün poetik vasitələrində özünü əks etdirir.
Noğay nağılları həyat situasiyalarını göstərmək baxımından maraqlılığı ilə seçilsə də, onlar üçün real məntiq yalnız bu situasiyanın özünün qurulması üçün zəruridir. Süjetin gedişi xalqın mənəvi-etik təsəvvürləri ilə diktə olunur. Noğay nağıllarının mövzu, obraz, süjet və üslubu xalqın gündəlik həyat və məişətindən götürülüb, formaya gəldikdə onlar həyata ötürüldükdə, biz reallığın tamamilə başqa mənzərəsi ilə rastlaşırıq. Noğay folklorunun xırda janrları sırasına daxil olan atalar sözü və zərbi məsəllər də xalq arasında geniş yayılıb. Bu janr noğay folklorunun ən mühüm hissəsidir. Onlar insanların əmək və həyat təcrübəsi əsasında müxtəlif tarixi dövrlərdə yaranmaqla, xalqın dünyagörüşünü, həyat baxışları onun etik təsəvvürlərini əks etdirir. Noğay atalar sözü digər xalqlarda olduğu kimi bir cümlə daxilində ümumi mühakiməni, fikri və qənaəti ifadə edir. Atalar sözü və zərbi məsəllər folklorun digər janrlarından fərqli olaraq müxtəsərliyi və obrazlılığı ilə seçilir. Onların əsas ifadə vasitələri obrazlı paralellizm, metaforiklik və metonimiyanın köməyi ilə verilir. Noğay atalar sözü və zərbi məsəllərinin əksəriyyəti noğayların əmək fəaliyyəti ilə bağlıdır. Bu nümunələrdə əmək həyat mənbəyi kimi çıxış edir. Noğay atalar sözü və zərbi məsəllərinin Azərbaycan atalar sözü və zərbi məsəlləri ilə xeyli sayda oxşar cəhətləri mövcuddur: "Kim əkmir, o biçmir"; "Əlin hərəkət etsə, ağzın da işləyər"; "Tikməyi bacarmayanın iynəsiylə sapı təqsirkar olar"; "Balığı sevənin paltarı su olar"; "Qırx il yer şumlasan, xışın bir il də qızıla toxunar".
Noğay atalar sözü və zərbi məsəllərinin xeyli hissəsi maldarlıq və atçılıqla bağlıdır. Noğaylar uzun əsrlər ərzində digər xalqların həmlələrinə məruz qaldığından, onlar yaşadıqları əraziləri məhz at üstündə tərk etmişlər. Bu tipli atalar sözü və zərbi məsəllərdən bir neçəsinə diqqət yetirək: "Atın gözəlliyi başından, qızın gözəlliyi qaşlarından bilinər"; "Qaçağan atdan xoşu gəlməz"; "Yaramaz at qulunun dalınca gedər" və s. Noğay atalar sözü və zərbi məsəllərində doğma elə məhəbbət, dostluq, yoldaşlıqla bağlı xeyli nümunələrlə rastlaşırıq. Məsələn, "Başqasına quyu qazan özü düşər"; "Dost başa, düşmən ayağa baxar"; "Dostunun başına gələn, sənin də başına gələr"; "Əgər birləşsək, uğur da böyük olar" və s.
Noğaylar atalar sözü və zərbi məsəllərində vətənpərvərlik ideyaları, Vətənə məhəbbət, doğma elə-obaya sevgi, qorxaqlığa nifrət ifadə etmişlər. "Torpağı varlı olanın xalqı da varlıdır"; "Misirdə padşah olmaqdansa, vətəndə çoban olmaq yaxşıdır"; "Vətənin torpağı cənnət, suyu şərbətdir"; "Vətən qızıl beşikdir"; "Qorxaq min dəfə, batır qəhrəman bir dəfə ölür" və s. Noğayların təhsil, təlim, maarif, tərbiyə, elm, ləyaqət, insan müdrikliyi, müşahidəliyi haqqında da xeyli atalar sözü, zərbi məsəlləri var: "Ağıl axtarıb tapır, dil isə danışır"; "Ağıl yaşda deyil, başdadır"; "Adam olmaq çətindir, alim olmaq asan"; "Təhsil biliyin qidasıdır"; "Kimin qolu güclüdür bir nəfəri, kimin biliyi çoxdur yüz nəfəri yıxar" və s. Göründüyü kimi noğay atalar sözü və zərbi məsəllərin xalq müdrikliyi, uzaqgörənliyi, onun istedadı özünü büruzə verir.
Noğay folklorunda tapmacalar da mühüm yer tutur. Tapmacalar oyun-yarış olmaqla yanaşı, həm də təfəkkürü inkişaf etdirmək baxımından mühüm rol oynayır, yaddaşı inkişaf etdirir, ətraf aləmi dərki genişləndirir. Qaraçaylarda olduğu kimi noğaylarda da tapmacanı tapmayan kənd, yaxud şəhər verməyə boyun olmalıdır ki, düzgün cavab ala bilsin. Bu oyun-yarışlar evdə, küçədə, auditoriyada dostlar arasında və s. yerlərdə keçirilə bilər. Atalar sözü və zərbi məsəllər kimi tapmacalar da insanların əmək fəaliyyəti ilə bağlıdır. Tapmacalarda məişət əşyaları, təbiət hadisələri və s. əksini tapır: "Bir oğlum var, qırx kürkü var" (soğan); "Evin divarına vura, arabayasa yükləyə bilməzsən" (yol); "Qaranlıq ağ samanlıqda ağ toyuqlar"(dişlər); "Yol kənarı qazan qaynayır" (tonqal) və s.
Noğay folklorunda nəğmələrin rolu xüsusi ilə danılmazdır. Noğaylar arasında kazak nəğmələri (kazak yırları) daha populyardır. Onların başlıca mövzusu kazaklık etməklə öz xoşbəxt gələcəyini axtaran batırların həyatına həsr olunub. Kazaklar bəylərə qarşı mübarizə aparır, onları və xalqı sıxışdıranlara qarşı çıxış edirdilər. Kazak nəğmələrindəki baş qəhramanların idealı kişilik və mübarizlikdir. Məsələn, kazak nəğmələrindən birində deyilir: "Qəhrəman bədbəxtliyə qarşı vuruşarkən çıxış edərək, qorxaq arabada yatıb kökəlir". Noğay kazak nəğmələri əsasən ictimai-sosial xarakter daşıyır. Bu nəğmələrin əksəriyyətində qara camaatın arzusuna çata biləcəyi və cəmiyyətdə öz layiqli yerini tuta biləcəkləri ifadə olunurdu. Bu, onu göstərir ki, noğay nəğmələri motiv və məzmun etibarı ilə xalqın optimist münasibətini əks etdirməkdə, onun azadlıq ideallarına qovuşmaqda mühüm rol oynayırdı.

Nizami Tağısoy,
professor