Yalan gəlməz dilimizə... Mədəniyyət

Yalan gəlməz dilimizə...

Qədim oğuz eposlarının ilkini sayılan "Oğuz Kağan" dastanı oğuzların təkamül yolunu və böyük dövlət quruluşunu yaşatdığı kimi, "Dədə Qorqud" boyları da onun motivləri zəminində Oğuz tayfa birliklərinin son mərhələsini və parçalanma prosesini, bu parçalanmanın səbəblərini özündə əks etdirir. Əlbəttə, "Dədə Qorqud" boylarının zəngin mündəricəsi yalnız təkcə "Oğuz Kağan" dastanından bəhrələnməyib, hətta ən qədim "Bilqamıs" eposundan, eləcə də digər türk dastanlarından yararlanıb. Şübhəsiz, "Kitabi-Dədə Qorqud" kimi əzəmətli bir epos özündən sonra yaranmış dastanlara da təsirsiz qaymaya bilməzdi. Bəzi tarixi və tipoloji müqayisələr və paralellər göstərir ki, "Dədə Qorqud" boylarının xələfləri olan "Koroğlu", "Aşıq Qərib", "Novruz-Qəndab", "Əsli-Kərəm", "Bəhram şah" və bu qəbildən olan orta əsr dastanları "Dədə Qorqud" boylarının motivləri əsasında yaranmış və ya ondan bəhrələniblər. Bu bəhrələnmə ayrı-ayrı boyların süjetində, qəhrəmanların mübarizəsində, həm də tarixi məqamlarda və mifik görüşlərdə aydın nəzərə çarpır.
Ulularımıza hörmət və ehtiram əlaməti olaraq, soy-kökümüzdə işlənən, ağsaqqal sözünü özündə ifadə edən "dədə" sözü ilkin olaraq Qorqud Ataya nəsib olub, Dədə Qorquddan sonra bu adı Kərəm qazanıb. Dədə Kərəmdən sonra çox az sənətkar – Dədə Yediyar, Dədə Qasım, Dədə Ələsgər, divan ədəbiyyatından isə dahi Dədə Füzuli bu adı qazanıblar. Çoxmənalı "dədə" sözü həm də xalq arasında öz sənəti ilə daha çox şöhrət qazanan, sevilən, saysız-hesabsız şagirdlər yetişdirən, sənətdə silinməz izlər qoyan sənətkarlara xalqın verdiyi ən ali tituldur. Dədə Qorqud da bu titulu özündə daşıyan, keçmişdən və gələcəkdən xəbər verən, qaibdən dürlü xəbərlər söyləyən, haqdan könlünə ilham gələn imam fövqünə yüksəlmiş bir şəxsiyyətdir.
Qaibdən xəbər vermək, gizli mətləbləri oxumaq və haqq vergisi Dədə Kərəmə də nəsib olub. Kərəmin haqq aşığı olub-olmadığını yoxlamaq üçün onu bir neçə dəfə sınaqdan keçirirlər. Hətta bir nəfəri kəfənə büküb ölü adı ilə qəbiristana aparırlar və Kərəmdən ölü namazı qılmasını xahiş edirlər. Kərəm hələ uzaqdan bu mərasimin yalandan düzəldildiyini duyub Sofi lələsinə bildirir:

Sofi gedək yolumuza,
Yalan gəlməz dilimizə,
Bir cənazə önümüzə
Gətirirlər gülə-gülə.

Kərəmin oxuduğunu görən paşa acıqlanıb deyir: - Aşıq, biz sənə dedik namaz qıl, demədik oxu. Kərəm soruşur: Ölü namazı, ya diri namazı?
Paşa Kərəmin məsələni başa düşdüyünü görüb deyir:
- Sağ ol, aşıq. Sən doğrudan da haqq aşığısan. Düzdür, o, ölü deyil, diridir.
Kərəm isə bir ah çəkib deyir:
- Yox, paşa, mən bayaq deyəndə diri idi. Amma indi öldü.
Kəfəni açıb görürlər ki, doğrudan da kişinin bağrı çatlayıb ölüb.
Dədə Kərəm haqqında belə rəvayətlər çoxdur. Dədə Kərəm hansı obaya, elə, hansı şəhərə ayaq qoyursa, öz dərdinə, kədərli ərzi-halına dair dərin hüznlü sözlər oxuyur, onu hər yerdə haqq aşığı kimi tanıyırlar.
Əslinin sorağını alan Kərəmlə Sofi bir şəhərə yaxınlaşırlar. Birdən Kərəm dayanır. Sofi soruşur ki, niyə dayanmısan? Kərəm deyir ki, Əsli burada yoxdur. Sofi şəhərə gedib öyrənir ki, doğrudan da keşiş Əslini buradan da qaçırıb. Başqa epizodlarda isə Əslinin düşdükləri şəhərdə olmasını Kərəm hiss edir. Hər şey ona əyan olur. Yaxud Kərəmin haqq aşığı olduğunu sınamaq üçün gözlərini bağlayıb altı qızı onun önündən keçirirlər. Kərəm onların altısının da adlarını bir-bir deyir. Kərəm ayaq basdığı bütün el-obada, şəhərdə, kənddə, düşdüyü məclislərdə haqq aşığı olduğuna adamları inandıra bilir.
Boylarda deyildiyi kimi, Dədə Qorqud öz zamanının qüdrətli ozanı, mahir söz düzüb qoşanı olub, dastanın müqəddiməsindəki Dədə Qorqud söyləmələri də, boylardakı şeirlər də Qorqud Dədənin dilindən deyilib.
Kərəm də Əslinin ardınca getdiyi yerlərdə qoşduğu sözlərdəki şikayətlər, ömür haqqında mühakimələr, həyatın fəlsəfi məqamları, insanın daxili hissləri, duyğuları, məclislərdə geniş yayılıb, zərb-məsələ çevrilib. Sanki Dədə Qorqud qüdrəti ruhən Dədə Kərəmə keçib. Dastanlarımız arasında ən çox yayılan, səsi-sorağı Çin səddindən Bolqarıstana, Macarıstana gedib çıxan bütün Şərqdə adı "Leyli və Məcnun"la bərabər xatırlanan Dədə Kərəmin faciəli həyat yolundan bəhs edən "Əsli-Kərəm" dastanıdır. Dədə Qorqudla Dədə Kərəmin müxtəsər müqayisəsindən sonra boylardakı hadisələrlə "Əsli-Kərəm" dastanındakı bəzi məqamlara diqqət edək.
Oğuz qəhrəmanlarından Baybura ilə Baybecan sonsuzdurlar. Onların övladları yoxdur. Məsləhətləşib yoxsullara əl tuturlar, dövlətlərindən şülən verirlər və əhd-peyman bağlayırlar. Kimin oğlu, kimin qızı olsa, uşaqları göbəkkəsmə etsinlər. Zaman yetişir. Bayburanın oğlu, Baybecanın qızı olur. Uşaqlar bir-birini görmədən böyüyürlər. Oğlan 15 yaşına çatanda qəhrəmanlıq göstərdiyinə görə Dədə Qorqud ona Bamsı Beyrək adı verir. Beyrək ov zamanı ceyranı qovur və bir çəmənlikdə qurulmuş çadırın yanında onu vurur. Qızların xahişi ilə ovu onlara pay verir. Məlum olur ki, çadır Banıçiçəyindir. Beyrək Banıçiçəklə nişanlı olsalar da, ilk dəfə burada görüşür, bir-birilərini sınaqdan keçirirlər. Sınaqlarda Beyrək üstün gəlib barmağındakı üzüyü Banıçiçəyin barmağına taxır, onu öpüb əhd-peymanla ayrılır.
Eyni hadisələr olduğu kimi "Əsli-Kərəm" dastanının əvvəlində də baş verir. Kərəmlə Əslinin də atalarının sonsuz olmaları, nəzir-niyaz vermələri, əhd-peyman bağlamaları, Kərəmlə Əslinin dünyaya gəlmələri, ov zamanı Kərəmin tərlanı və ceyranı ilə bağda Əsliyə rast olması, Kərəmin Əsli ilə ilk görüşü, barmağındakı üzüyü çıxarıb Əslinin barmağına taxması və əhd-peyman bağlamaları "Dədə Qorqud"dakı adı çəkilən boyla oxşar süjet təşkil edir.
Bəllidir ki, "Dədə Qorqud" boyları müxtəlif zaman kəsimlərində yaransa da, boyların bir çoxu islamın Şərqdə geniş yayıldığı dövrlərlə daha çox səsləşir. Boylarda qəhrəmanlar qələbə çaldıqdan sonra kilsəni uçurub yerində məscid tikirlər. Əlbəttə, dastan yazıya alınarkən islam kultu ayrı-ayrı epizodlarda daha aydın hiss olunur. "Əsli-Kərəm" dastanındakı müxtəlif dinlərə məxsus gənclərin sevişməsi motivi islamın təşəkkül tapdığı dövrlərlə səsləşir. Dastan orta əsrlərdə ibtidaidən mürəkkəbliyə doğru təkamül yolu keçsə də, onu qədim dövrlərlə bağlayan bir çox rəvayətlər var. Türk variantlarının bəzilərində Kərəm (İsfahan variantında) Harun ər-Rəşidin oğludur. Şübhəsiz, bu variant orta əsrlərdə yaşamış bir ozan təxəyyülünün məhsulu olsa da, Harun ər-Rəşidin türk qadını Zübeydə xatunun, onun oğlu Eminin faciəli ölümünü yada salır.
Kərəm və Kərəm faciəsini islamın ilkin yayıldığı dövrlərə çəkib aparan belə əfsanə və rəvayətlər çoxdur. Kərəm tərsa qızı Əslini sevib onun arxasınca diyar-diyar gəzir, gedib Qeysəriyəyə və Hələbə çıxır, orada Qara Məliyin tilsiminə düşür. Qanlı Qoca oğlu Qanturalı da Trabzona gedib təkur qızı Selcan xatunun şirləri və buğaları ilə döyüşməli olur. Göründüyü kimi, islamı qəbul etmiş hər iki qəhrəman – Kərəm də, Qanturalı da başqa dinlərə mənsub olan qızları sevirlər. Bir çox dastanlarda olduğu kimi, burada da məhəbbət bütün maneələri yarıb ya cismən, ya da mənən qalib gəlir.
"Qazan xanın evinin yağmalanması" boyunda Qazan xan evini talayıb anasını, arvadı Burla xatunu, oğlu Uruzu aparan kafirin yurduna doğru yola düşür, yolda önünə çıxan sudan soraq alır.
- Su haqq didarın görmüşdür. Mən bu suyla xəbərləşib dedi:
Çığnam-çığnam qayalardan axan su!
... Ordumun xəbərin bilirmisən degil mana!
Qara başım qurban olsun, suyum sana!
Qazan sudan keçib qurdla rastlaşır. "Qurd üzü mübarəkdir, qurdnan bir xəbərləşəyim" deyir:
Qaranqu axşam olanda günü doğan!
Qar ilə yağmur yağanda ər kimi duran!
Qaraqoç atları kişnəşdirən!
Qızıl dəvə gördüyündə bozlaşdıran!
Ağca qoyun gördüyündə quyruq çırpıb qamçılayan!
Arxasını urub bərk ağılın ardın sökən! Qanlı quyruq üzüb çap-çap udan!
Avazı qaba köpəklərə qovğa salan!
Ordumun xəbərin bilirmisən, degil mana!
Qara başım qurban olsun, qurdum sana!

"Əsli-Kərəm" dastanında Qara Məlik də Əslini qaçırarkən Kərəm yollarda:

Əslinin keçdiyi yurdlar,
Kərəmin çəkdiyi dərdlər,
Qoyunları yeyən qurdlar
Qurdlar, Əslini gördüzmü?

- deyə qurdlarla xəbərləşir, Qazan xan kimi çaydan yarını xəbər alır:

Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdəm baxarsan,
Dolana-dolana evlər yıxarsan
Mənim Əslim buralardan keçdimi?

Belə bir bədii sualın cavabına Kərəmin qəbiristanlıqda kəllə ilə, viranə şəhərlə söhbəti aydınlıq gətirir. Kərəm lələsi ilə gedərkən bir qəbiristanlıqdan keçməli olurlar. Kərəm görür ki, uçulub dağılmış qəbirin üstündə bir quru kəllə var. Kərəm əyilib kəlləni götürür, tozunu silib təmizləyir, o tərəf, bu tərəfinə baxıb deyir:
- Sofi lələ, bu quru kəlləni görürsənmi? Bir zaman bu da bizim kimi insan imiş. Bir zaman olacaq biz də belə olacayıq. Qoy bu kəllədən bir neçə söz xəbər alım.
Dədə Kərəmin sualına dil açıb cavab verən kəllə bildirir ki, mən baxçalarda gül kimi açılmış, bütün elmlərə yiyələnən Loğman idim. Ömrün altmışını ötürüb yüzə ayaq qoymuşdum, mal-dövlətimin sayını bilməzdim. Axirət ağlıma gəlmədi. Ölən vaxt tamam ixtiyarlanmışdım. İndi yüz on ildir burada yaşayıram.
Kərəmlə Sofi yolda bir şəhər xarabalığına rast gəlirlər. Kərəm dayanıb Sofi lələsinə deyir:
- Sofi lələ, bir zaman varmış ki, bu şəhərdə adamlar dövran sürmüş. Dayan soruşum, görüm bu şəhər niyə xaraba qalıb? Adamları necə olub?

Səyyah olub bu aləmi gəzərkən,
Rast gəlmişəm bu viranın daşına.
Söylə viran, viran zamannan bəri sən
Nə gəlmişdi, nə gələcək başına?
Kərəmin sözünə viran dilə gəlib dedi:
Həzrəti Nuhun zamanından bəri,
Əmr-haqla nələr gəldi başıma.
Başıma gələni söylədim sənə
Gör nə zəhər qatılıbdı aşıma.

Üç yüz altmış çeşmələrim axırdı,
Gözəllərim seyrangaha çıxardı,
Xanımlarım ləli-gövhər taxardı
Baxmazmısan xan yerində daşıma.

Çoxlu iyidlərim vardı burada,
Kimi saz çalardı, gəzib orada.
İndi viran olub qaldım arada
Viranam, onları çəkdim döşümə.

Deməli, "Dədə Qorqud" boylarının sonunda "Hanı gördüyün bəy ərənlər, dünya mənim deyənlər" bədii sualına Dədə Kərəmlə kəllənin deyişməsində cavab tapırıq. Sanki Dədə Kərəm Dədə Qorqud dünyasının Oğuz bəylərini tamamlayır. Deyişmədə Kərəmlə kəllənin ifadələri də Dədə Qorqudun dilinə xeyli yaxındır.
"Dədə Qorqud" boylarında Oğuz tayfa birliyinin dağılması "Əsli-Kərəm"də xatırladığımız hadisələrlə yaxından səsləşir. Sanki Dədə Kərəm ulu Dədə Qorqudun xələfi olaraq Oğuz tayfalarının son faciələrini "Əsli-Kərəm" dastanında yaşatmaq istəyib. Bütün bunlar Dədə Kərəmin ulu Dədə Qorqudun xələfi, onun davamçısı olması qənaətini doğurur.

Qara Namazov
professor