SOCAR prezidenti Petkim yarımadasında İqtisadiyyat

SOCAR prezidenti Petkim yarımadasında

Tərlan

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev, İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanmışlar. SOCAR rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşmış STAR Neft Emalı Zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq Petlim Limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim"lə əlaqədar təqdimatlar nümayiş etdirilmişdir. Rövnəq Abdullayev aldığı məlumatlardan sonra görülən işlərlə bağlı fikirlərini bildirmiş, qeyd etmişdir ki, ``Petkim" neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşmış və məhsuldarlıq yüksək səviyyəyə çatmışdır. STAR Neft Emalı Zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq halqdır. SOCAR prezidenti Petlim Limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirmiş və qeyd etmişdir ki, bu layihədə zaman faktorundan səmərli yararlanmaq bizim üçün mühüm nailiyyətdir.

Təqdimatlardan sonra Rövnəq Abdullayev və onu müşayiət edən şirkət rəhbərliyinin nümayəndələri STAR Neft Emalı Zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak etmişlər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçirmişlər.
Səfər zamanı SOCAR rəhbərliyini "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz, baş icraçı direktorun birinci müavini Samir Kərimli və "Petkim"in baş direktoru Sadəddin Qorqud müşayiət etmişlər.