Transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının iştirakı problemi İqtisadiyyat

Transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının iştirakı problemi

Firudin Nəbiyev: "Əcnəbi mütəxəssislərin neft-qaz layihələrinə cəlb olunmasına operativ yanaşma davam edəcək"

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev SOCAR təmsilçiləri və "BP Exploration (Caspian Sea) LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşüb. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, "BP Exploration (Caspian Sea) LTD" şirkətinin rəhbəri Qordon Birrell Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini bildirib, "Şahdəniz-2", dayaz sulu "Abşeron" yatağı üzrə geoloji-kəşfiyyat layihələrinə hazırlıq işləri haqqında məlumat verib.
Qeyd edilib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarı, həmçinin "Şahdəniz-2" layihəsinin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış "BP-nin idarə etdiyi layihələrə cəlb olunmuş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair SOCAR və BP arasında protokol"a uyğun olaraq transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.
F. Nəbiyev bildirib ki, son illər Azərbaycanın enerji strategiyası çərçivəsində əldə olunan nailiyyətlər sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün DMX gələcəkdə də öz dəstəyini əsirgəməyəcək. O, milliləşmə siyasəti ilə bağlı SOCAR-ın, BP şirkətinin və podratçı müəssisələrin nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, bundan sonra da neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə DMX tərəfindən çevik, operativ yanaşma davam edəcək. DMX rəisi qeyd edib ki, qarşılıqlı əlaqələrin inkişafı, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə töhfə verir.
Görüşün sonunda qarşıdakı illər ərzində işlərin genişlənməsinə rəğmən, milliləşmə strategiyasının önəmi bir daha qeyd olunub, SOCAR və BP tərəfindən neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.