Neft Fondu gəlirlərini açıqlayıb İqtisadiyyat

Neft Fondu gəlirlərini açıqlayıb

"Cənub axını"nı Xəzər qazı əvəz edə bilər

Tərlan

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycanın Xəzər dənizi sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsindən əldə olunan gəlirinin həcmi 3,886 milyard ABŞ dolları olub. ARDNF-dən APA-ya verilən məlumata görə, 2001-ci ildən etibarən bu günə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 98,9 milyard dollar təşkil edib. Bu ilin I rübündə fondun Azərbaycanın Xəzər dənizi sektorundakı "Şahdəniz" yatağının işlənməsindən əldə etdiyi gəlirin həcmi 115,6 mln. dollar olub. 2007-ci ildən etibarən "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlərin məbləği 1,712 milyard dollar təşkil edib. Bu il yanvarın 1-nə fondun aktivləri ötən ilin əvvəlinə nisbətən 5,1% artaraq 35,9 milyard ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, "Şahdəniz" layihəsində BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), "Statoil" (15,5%), "Total" (10 %), "LUKoil" (10%), NICO (10%) və TPAO (9%) şirkətləri iştirak edir.
Avropa üçün "Cənub axını" qaz kəməri, Rusiyanın israrına baxmayaraq, prioritet deyil. Layihə "Şimal axını"ndan fərqlənsə də, təchizatçı əvvəlkidir - "Qazprom". APA-nın Ukraynanın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib. J.M.Barrozo bildirib ki, "Cənub axını"nın yerinə Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər - əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında duruş gətirərsə: "Mən Bolqarıstana xəbərdarlıq etmək istərdim ki, onlar Rusiya ilə qaz kəmərləri layihələrinin həyata keçirilməsinə ehtiyatla yanaşsınlar və ölkə energetikasının diversifikasiyasını təmin edəcək digər qaz kəmərlərinə üstünlük versinlər. Məhz bu səbəblə Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə birləşdirilməsi tarixi əhəmiyyət daşıyır. Bolqarıstanda Rusiya casusu olan insanlar var. Ona görə də bu ölkələrin AB-yə qəbulu doğrudan da böyük tarixi əhəmiyyətə malikdir".
Qeyd edək ki, "Cənub axını" Qara dəniz akvatoriyasından Cənubi və Mərkəzi Avropa ölkələrinə ildə 63 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutan qlobal infrastruktur layihəsidir. Hazırda Rusiya, Bolqarıstan və Serbiyada kəmərin tikintisi gedir. 2015-ci ilin sonunda kəmərə ilk qaz vurulmalıdır. Layihə 2018-ci ildə tam gücü ilə fəaliyyətə başlamalıdır.
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. Bu, ötən ilki xərcdən nisbətən azdır. Builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq. Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi "Qərbi Çıraq" platformasının tikintisinə xərclənib. Şirkət "Qərbi Çıraq" platformasından neft hasilatına başladığını açıqlayıb, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq.
AÇG-də hasilat bu il nisbətən az olacaq. Buna səbəb isə "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarında planlaşdırılmış təkmilləşdirmə işlərinin aparılması olacaq. Bu, platformada əməliyyatların bir neçə həftə dayanmasına səbəb olub. 2013-cü ildə AÇG-də hasilat 2,2% azalaraq 32,9 mln. tondan 32,2 mln. tona (gündəlik - 650 min barel) düşüb.
Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat daha az olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulurdu.
Fevralın 25-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin qiyməti 109,51 dollar olub. Bu qiymət Azərbaycan üçün əlverişlidir. Çünki dövlət büdcəsinin gəlirləri hesablanarkən "qara qızıl"ın qiyməti 1 barel üçün 100 dollar nəzərdə tutulub. Deməli, indiki halda ölkəmiz proqnozlardan əlavə gəlir əldə etmək imkanlarına malikdir. Ona görə də bu il dövlət büdcəsinin icrasında hər hansı problem olmayacaq. Bu il Azərbaycanın qeyri-neft sektorunun 10%, növbəti 3 ildə isə 8% artacağı gözlənilir.
Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 2,1% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 242 145 657 ton neft vurulub. Bundan başqa, bu ilin mart ayında BTC kəməri ilə 282 370 ton Türkmənistan nefti, 382 540 ton isə Qazaxıstan nefti nəql olunub.
Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulur. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin yarısı təkcə Heft Fondunun hesabına təmin ediləcək. Vergilər Hazirliyinin xətti ilə daxilolmalarda da ARDHŞ-in vergi şəklində ödəmələrinin mühüm yer tutduğunu nəzərə alsaq, əslində 2014-cü ildə də dövlət büdcəsinin üçdə ikisi neft amili ilə bağlı olacaq. Bu xəbərlər dövlət büdcəsinin gəlirlərinin 75%-i neftdən asılı olan Azərbaycan üçün düşündürücü məsələdir.
Azərbaycan hökuməti hələlik ümidlərini daha çox neft gəlirlərinə bağlayıb. Əlbəttə, 2014-cü ilin dövlət büdcəsinin icrası üçün də hər hansı bir təhlükə yoxdur və burada "təhlükəsizlik yastığı" rolu oynayan Dövlət Neft Fondudur. Ölkənin 50 milyard dollara yaxın valyuta ehtiyatları var. Hər hansı bir səbəbdən, o cümlədən xarici bazarda konyunkturun pisləşməsinə görə büdcə gəlirləri ciddi şəkildə azalacağı təqdirdə büdcənin sekvestri, yəni büdcə xərclərinin azaldılması mümkündür.