
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası"nı təsdiq edib. Bu qaydalar fevralın 15-dən qüvvəyə minib. Qayda dövlət, bələdiyyə və xüsusi mülkiyyətçinin, o cümlədən dövlət və bələdiyyənin, dövlət və xüsusi mülkiyyətçinin iştirakı ilə yaradılan birgə sənaye parklarına şamil edilir. Birgə sənaye parkları ixtisaslaşmış və qarışıq profilli ola bilər. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər. Birgə sənaye parkının yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan Respublikasının prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir. Birgə sənaye parkının yaradılması məqsədilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi İqtisadiyyat Nazirliyinə birgə sənaye parkının yaradılması haqqında təkliflə müraciət edir. Birgə sənaye parkının yaradılması məqsədi ilə daxil olan təklifə 30 iş günü müddətində baxılır. Birgə sənaye parkının yaradılması haqqında təklif daxil olduqda, İqtisadiyyat Nazirliyi təklifi qeydiyyata alır və bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. Bələdiyyənin və ya xüsusi mülkiyyətçinin təklifinin dəyərləndirilməsi səlahiyyətli orqanda bu məqsədlə yaradılmış qiymətləndirmə komissiyası tərəfindən həyata keçirilir. Komissiya səlahiyyətli orqan tərəfindən onun işçiləri arasından seçilmiş şəxslərdən və təklifi təqdim etmiş bələdiyyənin üzvləri və (və ya) xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələrindən ibarət tərkibdə yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın tərkibi İqtisadiyyat Nazirliyinin rəhbəri tərəfindən müəyyən edilir. Komissiyanın bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən təqdim edilmiş təklifə dair rəyi müsbət olduqda, habelə bu müsbət rəy əsasında bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən birgə sənaye parkının yaradılması barədə yekun qərar qəbul edildikdə, İqtisadiyyat Nazirliyi təklifi və tələb olunan sənədləri, həmçinin birgə sənaye parkının fəaliyyət ərazisi, sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumatı və idarəedici təşkilat barəsində təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim edir. Səlahiyyətli orqan birgə sənaye parkının yaradılması məqsədi ilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi qarşısında təkliflə çıxış edə bilər.