Naxçıvanda əlavə torpaq sahəsi əkin dövriyyəsinə qatılıb İqtisadiyyat

Naxçıvanda əlavə torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

Bu ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da bir il əvvəlki göstəricidən 404 hektar çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ümumi əkin sahəsinin 88 faizini bitkiçilik məhsulları əkini, 22 faizini isə yem bitkiləri əkini təşkil edib. Bitkiçiliyin inkişafı istiqamətində məhsul istehsalçılarına cari ilin yanvar-noyabr aylarında 445 min manatdan çox kredit verilib.
Cari ilin məhsulu üçün 34 min 623 hektarda dənli və dənli-paxlalılar əkilib, 104 min 413 ton məhsul yığılıb. Dənli və dənli-paxlalılar əkininin 32 min 483 hektarını taxıl sahələri təşkil edib. Taxıl əkini sahələrinin 30 min 925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıl olub. Zəmilərin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artıb. Cari ildə taxıl zəmilərindən 97 min 689 ton məhsul toplanıb.
Taxılla yanaşı, qarğıdalı əkini üzrə də ardıcıl işlər aparılıb, məhsulun vaxtında yığılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib. 2018-ci ildə muxtar respublikada 1174 hektar sahədə qarğıdalı əkilib, 10 min 524 ton məhsul yığılıb. 2017-ci illə müqayisədə məhsuldarlıq 18,8 faiz artıb. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2018-ci ildə 3 min 215 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur. Kartof əkilmiş sahələrdən 49 min 574 ton kartof yığılıb. Bu da bir il öncəki göstəricini 1,2 faiz üstələyir.
Kəngərli rayonunda "Cahan Tabak" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tütün Yetişdirmə Təsərrüfatının yaradılması tütünçülüyə marağı daha da artırıb. 2018-ci ildə muxtar respublikada tütün əkini bir il öncəyə nisbətən 32,5 hektar artaraq 41,5 hektara çatdırılıb. Əkin sahələrindən 51,5 ton qurudulmuş tütün tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 40,4 ton çoxdur.