Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert İqtisadiyyat

Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert

Yalnız bu 3 potensialdan - əkinçilik və maldarlıq, dağ mədən sənayesi və turizm potensialından düzgün istifadə edilərsə, Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik. Bu rayon həm də ermənilərin gözü qabağında inkişaf edən sivil inzibati rayon modeli ola bilər.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Kəlbəcər rayonunda heyvandarlıq və əkinçiliyin inkişafı üçün kifayət qədər potensialın olmasına baxmayaraq, burada dağ-mədən sənayesi də hökmran mövqeyə malik olacaq. Çünki bu dağların ehtiyatları qızıl və civə ilə bitmir. Tuf yatağı, gil yatağı, perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, mərmər oniksi, nefroid yatağı, obsidian yatağı, listvenit yatağı buranın zəngin ehtiyatları sırasındadır:

"Artıq hər kəs Kəlbəcərin zəngin faydalı qazıntı yataqlarında uzun illər ermənilərin istismarçı fəaliyətləri haqqında məlumatlıdır. İllər əvvəlin məlumatlarına görə, burada ehtiyatları 112,5 ton olan və istismar olunan "Söyüdlü" (Zod) və ehtiyatları 13 tondan çox olan "Ağduzdağ" və "Tutxun" qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - "Ağyataq", "Levçay", "Çorbulaq" və ehtiyatları 200 tondan çox olan "Qamışlı" və "Ağqaya" civə yataqları və s. növ ehtiyatlara malik kifayət qədər yataqlar var".

Ekspert hesab edir ki, bu ərazilərdə geoloji kəşfiyyat işlərinin yenidən başlanılması, yeni texnaloji yanaşmanın tətbiqi və geoloji axtarış işlərinin müasir elmi-texniki vasitələrdən istifadə edilərək aparılması, eləcə də "Azərkosmos"un peyklərinin xidmətlərinin tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələcək.

O, hətta burada yeni qızıl ehtiyatlarının da aşkarlanacağını istisna etmir:

"Kəlbəcərin coğrafi relyefi və illər əvvəl aşkarlanmış ehtiyatlar bunu deməyə əsas verir. Çox güman ki, bu işlərin əsas icraçısı “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti olacaq. Daha uğurlu geoloji kəşfiyyat və axtarış işlərinin yerinə yetirilməsi üçün bu sahədə uğurlara imza atmış digər şirkətlərlə birlikdə konsorsium da təsis edilə bilər. Bu davranış daha səmərəli axtarışı təmin etməklə bərabər, həm də bu həssas bölgəyə birbaşa xarici investisiyanın cəlbi deməkdir. Bu isə öz növbəsində qeyri-rezidentin mənsub olduğu ölkəni də burada stabilliyin bərqərar olmasında maraqlı tərəfə çevirir. Sadəcə, dövlət neft-qaz yataqlarının geoloji kəşfiyyat işlərini nə qədər nəzarətdə saxlayırsa, buradakı axtarış işləri də eyni qədər diqqət mərkəzində saxlanılmalıdır".

Kəlbəcərin digər potensialları haqqında da danışan E.Əmirov qeyd edib ki, Kəlbəcər işğal edilərkən Quba və ya Qəbələdə turizmin elementləri çox zəif dərəcədə idi. Həmin dövrlərdə Kəlbəcərin İstisu qəsəbəsində artıq ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi, hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi:

"Buradakı "İstisu" mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Deməli, Kəlbəcərin turizm potensilı nəinki Quba və Qəbələdən geri qalmır, hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola biləcək bir potensiala malikdir".

Mütəxəssisin fikrincə, oranın relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Bu potensialdan düzgün istifadə edilsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək olar.