Yunanıstan nə istəyir? İqtisadiyyat

Yunanıstan nə istəyir?

Azərbaycanın Afinadakı səfiri DESFA-nın səhmlərinin SOCAR tərəfindən alınmasına aydınlıq gətirib

Yunanıstan və Azərbaycan hökumətləri arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması müzakirə olunmur.
Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
"Hazırda müvafiq prosedura uyğun olaraq DESFA-nın özəlləşdirilməsinə dair məsələ Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. Bu prosedur başa çatana qədər, Yunanıstan hökuməti bu məsələyə qarışa bilməz. Bu qurum məsələyə baxandan sonra, sənədi rəsmi Afinaya təqdim edəcək. Yalnız bundan sonra, Yunanıstan hökuməti bununla bağlı öz münasibətini açıqlaya bilər", - deyə diplomat bildirib.
Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanisin fevralın 12-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasında iştirak etdiyini xatırladan səfir qeyd edib ki, yunanıstanlı nazir səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə DESFA-nın özəlləşdirilməsi və Trans-Adriatik qaz kəmərinin (TAP) reallaşdırılmasına dair konstruktiv danışıqlar aparıb.
"Azərbaycanda keçirdiyi görüşlərdə nazir Panayotis Lafazanis qeyd edib ki, Yunanıstanda iqtidara gələn yeni hökumət Azərbaycanla hərtərəfli, o cümlədən enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir və ölkəmizlə münasibətlərə optimistik yanaşır", - deyə R. Mustafayev qeyd edib.
Qeyd edək ki, bundan öncə SOCAR-dan "APA-Economics"ə verilən məlumatda qeyd edilib ki, dövlət şirkəti DESFA-nın səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə komissiya ilə sıx əməkdaşlığı davam etdirir.
Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində "saatı durdurub". Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək.
Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridir. SOCAR yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.
Əlavə edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.