Dünya iqtisadiyyatı yeni böhran ərəfəsində İqtisadiyyat

Dünya iqtisadiyyatı yeni böhran ərəfəsində

Neftin qiymətinin düşməsi isə neft istehsal edən, onlara xidmət göstərən və təchizatçı şirkətlərə güclü zərbə vuracaq

Son aylar dünya maliyyə bazarlarında müşahidə olunan proseslər təxminən 1997-1998-ci illərdə baş verən hadisələri və dinamikanı təkrar edir. Neftin qiymətinin düşməsi fonunda dolların məzənnəsi yüksəlir, investorlar isə ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasını gözləyir. Belə olan şəraitdə bunu yeni iqtisadi böhranın başlanğıcı kimi də qiymətləndirmək olar.
"Report"un analitik qrupu hesab edir ki, iqtisadi artımın zəifləməsi, borclanmanın artması, rəqabəti dəstəkləmək məqsədi daşıyan düşünülmüş devalvasiyalar, maliyyə risklərinin şişirdilməsi və s. mövcud problemləri daha da dərinləşdirir. Gözlənilən dünya iqtisadi böhranı şərti olaraq üç əsas mərhələyə bölünür. Birinci mərhələdə dolların güclənməsinin neqativ təsirini fond birjası hiss edəcək. Nəzərə alsaq ki, ABŞ-ın S&P indeksinə daxil olan şirkətlərin 40%-i ixracatçıdır, onlar beynəlxalq bazarlardan əldə etdiyi gəlirin bir hissəsini itirəcəklər. Neftin qiymətinin düşməsi isə neft istehsal edən, onlara xidmət göstərən və təchizatçı şirkətlərə güclü zərbə vuracaq. Mənfəət, pul vəsaitlərinin axını və aktivlərin dəyəri azalacaq. Mənfəət və likvidliyin azalması korporativ sektorda birləşmələrə marağın azalmasına və nəticədə, fond birjasında yüksəliş trendinin dəstəklənməsini durduracaq.
İkinci mərhələdə isə borc bazarında problemlər başlayacaq. Belə ki, çox borclanmış energetika sektorunun şirkətləri və inkişaf etməkdə olan ölkələr maliyyə çətinlikləri ilə üzləşəcək. Çünki investorlar və banklar iqtisadiyyatın neft-qaz seqmenti ilə sıx əlaqədədir. Əgər 2005-ci ildə ABŞ-ın yüksəkgəlirli korporativ istiqrazlar indeksində ("Barclays US Corporate High-Yield Bond Index") energetika sektorunun payı 5%-i keçmirdisə, hazırda bu rəqəm 15%-ə çatıb. Şist neftinin istehsalı sahəsində borclanmanın həcmi əməliyyat mənfəətindən 3 dəfə artıqdır. Bir çox şist neftinin istehsalı ilə məşğul olan şirkətlər, hətta neftin qiyməti yüksək olduğu vaxtlarda belə mənfi maliyyə axını ilə üzləşirdilər. Onlar, sadəcə əlavə vəsaitlər cəlb edərək yeni buruqlar qazmağa və istehsalı dəstəkləməyə məcbur idilər. Faizlərin yüksəlməsi nəticəsində maliyyə vəsaitlərinin əldə olunması çətinləşəcək və bu, borclanma, istehsal, kapital axını və mənfəətin azalmasına gətirib çıxaracaq. Bu mənada Braziliyanın "Petrobras", Meksikanın "Pemex" və Rusiyanın "Qazprom" şirkətləri inkişaf etməkdə olan ölkələrin borc qiymətli kağızlarının emitentləri kimi çox təhlükəli mövqedədir.
Üçüncü mərhələdə isə inkişaf etməkdə olan ölkələrdə durğunluq müşahidə olunacaq. İqtisadi artımın zəifləməsi, borc yükünün ağırlaşması və struktur problemləri inkişaf etməkdə olan ölkələrin reytinqinin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq. Bu ölkələrin borclarının 75%-i dollarda ifadə olunub. Neftin qiymətinin düşməsi və xammal satışından gəlirlərin azalması borcların idarə olunmasında problemlər yaradaraq valyuta problemlərinə səbəb olacaq. ABŞ dollarının güclənməsi bu ölkələrin milli valyutalarının zəifləməsinə səbəb olmaqla xarici investorların portfel investisiyalarını azaltmasına gətirib çıxaracaq. Nəticədə, borclanma faizləri artacaq və bu ölkələrdən kapital axını baş verəcək. FES-in monetar stimullaşdırma proqramının bitməsilə dollar likvidliyinin azalması davam edəcək. Avropa, Yaponiya və Çinin monetar ekspansiyası isə maliyyə bazarları üçün yetərli olmayacaq.
Qeyd edək ki, neftin yüksək qiyməti "neft dollarları" ilə büdcənin maliyyələşdirilməsinə, ticarət kəsirinin örtülməsinə və bütün dünyada faizlərin aşağı səviyyədə qalmasına kömək edirdi. Neftin ucuzlaşması ilə isə ölkələr bir qədər nağd vəsait əldə etmək üçün investorlar xarici aktivlərini satmağa başlayacaq. Bu da öz növbəsində bütün dünyada aktivlərin ucuzlaşmasına və faiz dərəcələrinin artmasına səbəb olacaq. Nəhayət, zəif iqtisadi artım, aşağı inflyasiya və siyasi problemlər, xüsusilə də Avropada qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına gətirib çıxaracaq. Vaxtından əvvəl faizlərin artırılması, likvidliyin azaldılması, valyuta intervensiyaları və ticarət məhdudiyyətlərinin gətirəcəyi təhlükələr tədricən artacaq.