“Azərbaycan ərazisində Günəş enerjisinin paylanmasının riyazi modelini yaratmışıq” Müsahibə

“Azərbaycan ərazisində Günəş enerjisinin paylanmasının riyazi modelini yaratmışıq”

AMEA-nın müxbir üzvü: "Bu model əsasında seçilmiş məntəqədə illər, aylar, həftələr, günlər üzrə nə qədər Günəş enerjisinin alınacağını hesablamaq mümkündür"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, fizika və riyaziyyat elmləri doktoru Rauf Qardaşovun APA-ya müsahibəsini təqdim edirik.

- Rauf müəllim, Azərbaycanın Günəş enerjisi potensialını necə qiymətləndirirsiniz?
- Dünyada dayanıqlı sosial-iqtisadi inkişafı və cəmiyyətin keyfiyyətli yaşamını təmin etmək üçün enerji ən mühüm amildir. Ənənəvi yanacaq növlərinin tükənmə riski və ətraf mühitə vurduğu zərər nəzərə alınarsa, alternativ enerji növlərindən istifadəyə keçid insanlıq qarşısında duran ən önəmli problemdir. Azərbaycanda da alternativ enerjidən istifadə istiqamətdə mühüm işlərə başlanıb. Azərbaycan prezidentinin 16 iyul 2009-cu il tarixli fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və agentlik tərəfindən Azərbaycanın müxtəlif bölgələrində son texnologiyalara cavab verən Günəş və külək elektrik stansiyaları tikilib, eyni zamanda yeniləri də tikilməkdədir. Alternativ enerji növləri arasında Günəş enerjisi ekoloji təmiz olması və tükənməzliyi baxımından ən perspektivlisidir. Azərbaycan ərazisində Günəş enerjisinin paylanması haqqında dolğun məlumat bu enerjinin respublikamızda səmərəli istifadəsi üçün zəruri şərtdir. Azərbaycanın daxilində Günəş enerjisi potensialının daha dəqiq qiymətləndirilməsi üçün hesablamalara və ölçmələrə böyük ehtiyac yaranıb. Məsələn, aran rayonları və dağlıq bölgələrdəki Günəş enerjisinin potensialı yetərincə fərqli ola bilər. Xüsusilə dağlıq bölgələrdə Günəş enerjisi potensialının qiymətləndirilməsi kifayət qədər çətindir. Çünki dağlıq bölgələr çox mürəkkəb relyefə malikdir və Günəş enerjisinin daha dəqiq dəyərləndirilməsi üçün çox sıx şəbəkə üzrə uzunmüddətli ölçmələr aparılmalıdır. Bu, çox bahalı işdir. Amma Günəş enerjisinin potensialının qiymətləndirməsi üçün adekvat riyazi modeldən istifadə mümkündür. Biz artıq Azərbaycan ərazisində Günəş enerjisinin paylanmasının riyazi modelini yaratmışıq.
- Sizin yaratdığınız riyazi model ölkənin Günəş enerjisi potensialını öyrənməyə imkan verirmi?
- Bu model əsasında seçilmiş məntəqədə illər, aylar, həftələr, günlər üzrə nə qədər Günəş enerjisinin alınacağını hesablamaq mümkündür. Belə bir riyazi model Günəş elektrik stansiyalarının optimal yerinin və günəş batareyalarının optimal yönünün seçilməsi üçün də istifadə oluna bilər. Bu isə bizə Günəş enerjisindən daha effektiv şəkildə istifadəyə şərait yarada bilər. Bundan başqa, bu riyazi model dağlıq bölgələr üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Şamaxıdan Balakənə qədər olan rayonlarda dağ çaylarının vadilərində çox sayda turizm obyektləri var. Düşünürəm ki, dağ çaylarının vadilərində yerləşən turizm obyektlərinin Günəş enerjisindən istifadə etməsi çox məqsədəuyğun olardı. Bir nümunəni diqqətinizə çatdırım. Zaqatalada turistlərin çox olduğu Talaçay və Katexçayda uzun müddət ölçmə işləri aparmışam. Həmin ərazilərdə kifayət qədər Günəş enerjisi toplanır, çay daşları, hər yer istidən od tutub yanır. Katexçayın qırağında fəaliyyət göstərən turizm obyektlərinə kortəbii şəkildə basdırılmış dirəklər vasitəsilə elektrik xətləri çəkilib. Onlarla belə obyekt mövcuddur. Güclü külək əsəndə, yaxud yağış yağanda bütün bu dirəklər sıradan çıxır. Bu ərazilərdə böyük perspektiv var. Buna görə də, dağlıq bölgələrdə, vadilərdə, Şamaxıdan Balakənə qədər olan rayonların hamısında Günəş enerjisindən daha çox istifadə etmək mümkündür. Sadəcə, həmin ərazilərə düşən enerjidən düzgün istifadə edib, Günəş enerjisini akkumulyasiya edə bilsək, bütün turizm obyektlərin hamısını alternativ enerji ilə təmin edə bilərik. Bu məqamda hava şəraiti haqda məlumatdan da istifadə etməklə turizm obyektinin yaxın bir həftədə nə qədər Günəş enerjisi alacağını əvvəlcədən proqnozlaşdıra bilərik.
- Bildiyimizə görə, siz Günəş enerjisi ilə çalışan avtomobillərin hərəkət modelini də hazırlamısınız.
- Bəli, belə bir model hazırlanıb. İndiyə qədər ölkəmizdə avtomobil yolları çəkiləndə yolun hər iki tərəfinin kölgəli olmalısına xüsusi önəm verilib. Bir məsələni də diqqətinizə çatdırım ki, biz Günəş enerjisindən yalnız optimal şəkildə istifadə edə bilərik. Günəş enerjisini idarə edib azalda, ya da çoxalda bilmərik. Əvvəlcə Günəş enerjisinin avtomobil yolları üzərində potensialını qiymətləndirmişik və Günəş enerjisi ilə çalışan avtomobillərin hərəkətinin simulyasiyası üçün bir model hazırlanıb. Bu model gələcəkdə daha da təkmilləşdiriləcək. Bunun da nəticəsində Günəş enerjisi ilə çalışan avtomobillərin naviqasiya sistemi ortaya çıxacaq. Məsələn, Bakıdan martın 21-də saat 10.00-da Günəş avtomobili ilə hərəkətə başlasaq, yol boyunca bizim sürətimiz nə qədər olacaq, nə vaxt Şamaxıya çatacağıq və s. digər məsələləri naviqasiya sistemi vasitəsilə həll edə bilərik. Biz Hamburq-Berlin, Zaqatala-Tbilisi və Bakı-Şamaxı magistral yollarında mövcud Günəş avtomobillərinin parametrlərini götürərək təcrübə aparmışıq. Bu təcrübəyə əsasən ilin hansı günündə, hansı saatda hərəkətə başladıqdan sonra yol boyunca hərəkətin orta sürəti, bir yol üçün nə qədər vaxt sərf olunacağı məlum olub. Artıq Norveç yaxın zamanlarda benzinlə işləyən avtomobillərdən imtina edib, akkumulyatordan alınan elektriklə işləyən avtomobillərindən istifadəyə hazırlaşır. Azərbaycanda isə akkumulyatorlu və Günəş enerjisi olan hibrid avtomobillər daha çox yayğın olacaq. Çünki bizim yetərincə günəş enerjimiz var. Mən düşünürəm ki, effektivliyi 30-40% olan və maliyyəti az olan foto elementlər kəşf olunsa, qarşıdakı 5 il ərzində benzinlə çalışan avtomobillər tamamilə sıradan çıxa, onların yerini isə Günəş avtomobilləri tuta bilər. Bunun çox sürətlə baş verəcəyinə inanıram.