

Səudiyyə Ərəbistanı, ABŞ istehsalı olan Yüksək İrtifada Sahə Hava Hücumundan Müdafiə Sistemi (THAAD) ilə müdafiə gücünü artırır.
Xalqcebhesi.az xəbər verir ki, rəsmi Səudiyyə xəbər agentliyi SPA-nın məlumatına görə, sistemin qurulması öncəsi bütün lazımi texniki sınaqlar və ölkə daxilində personal üçün sahə təlimləri uğurla başa çatdırılıb və THAAD sistemi rəsmi şəkildə fəaliyyətə başlayıb.
Səudiyyə Ərəbistanında ilk dəfə tətbiq edilən bu sistemin istifadəyə verilməsi münasibətilə Ciddə şəhərindəki Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda rəsmi mərasim keçirilib. Tədbirdə Hava Qüvvələri Komandanı Məzid bin Süleyman əl-Amr iştirak edərək, sistemi idarə edəcək birliyin komandanına rəsmi bayraq təqdim edib.
THAAD sisteminin quraşdırılması, Səudiyyə ordusunun hazırlıq səviyyəsinin yüksəldilməsi və ölkənin hava məkanının, eləcə də həyati obyektlərin qorunmasını hədəfləyən müdafiə layihəsi çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, THAAD – ABŞ Quru Qoşunlarına məxsus ballistik raket əleyhinə müdafiə sistemidir və Lockheed Martin şirkəti tərəfindən qısa və orta mənzilli raket təhdidlərinə qarşı hazırlanıb. Bu sistemin Səudiyyə Ərəbistanında qurulması bölgədəki hava təhlükəsizliyi üçün mühüm addım kimi qiymətləndirilir.
Məryəm Quliyeva