

“Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu əlaqələr ölkənin həm regional, həm də beynəlxalq iqtisadi münasibətlər sistemində fəallığını və nüfuzunu bir daha təsdiqləyir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə hədəflənib. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Bu təşkilatın üzv dövlətləriylə qurulan əməkdaşlıqlar ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
M.Cəfərov vurğulayıb ki, Azərbaycan ECO-nun fəaliyyətinə bir çox töhfələr verib: “Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Həmçinin Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə də razılıq əldə olunub”.
Deputatın sözlərinə görə, Azərbaycanın enerji və nəqliyyat sahələrində strateji mövqeyə sahib olması ECO-dakı mövqeyini daha da gücləndirib: “Ölkənin zəngin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, habelə əlverişli coğrafi mövqeyi onu təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın bu sahədəki liderliyini açıq şəkildə ortaya qoyur. Həmin layihələr, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı coğrafiyasında enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Ölkəmiz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir. İnkişaf etmiş logistika infrastrukturu, müasir liman və dəmir yolu sistemləri sayəsində Azərbaycan region ölkələri ilə yanaşı, Avropa və Asiyanın iqtisadi bağlantısında əsas körpülərdən birinə çevrilib. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi strateji təşəbbüslər çərçivəsində Azərbaycanın fəallığı danılmazdır”.
Röya İsrafilova